Şərhlər
17.10.2015 / 12:58

Dua satılır

Dua satılır
Ayişə NƏBİ / İnform.az


Günün günorta çağı bir də görürsən biri gəlib qapını döyür ki, mən seyidəm. Allah yolunda, Əli yolunda mənə nəzir ver. Yol gedirsən, ya bir uşaq, ya da yetişkin bir adam qabağını kəsir ki, nəzir yığıram, seyidəm, mənə nəzir ver, “Allah köməyin olsun, nə niyyətin varsa Allah hasil eləsin...,” Daha bir çox dua, alqış eşidirsən. Hamısını da Allah adına edirlər. Elə biləsən ki, Allah bunları özünə vəkil seçib ki, get, mənim adımdan insanlara yardım, kömək sözü ver. Əslində belə hərəkətlər İslamı, dini gözdən salır. İnsanlar düşünürlər ki, İslam, müsəlmanlıq yəqin elə budur, onda belə bir dinə qulluq etmək nəyimə lazımdır.
İşin əslinə gələndə dilənən dərvişlərin müsəlmanlığa heç bir dəxli yoxdur. Dərvişlər öz dövründə üç növ olub: gəzən dərvişlər, həm gəzər, həm oturaq, bir də oturaq dərvişlər. Gəzən dərvişləri xalq dolandırırmış. Çünki onların missiyası dini təbliğ etmək, İslamı yaymaq idi. Bunun üçün elmlə məşğul olur, məclislər qurur, söhbətlər aparırdılar. Ya da dərviş adı altında dövlət əhəmiyyətli işlər görür, istihbaratla məşğul olurdular. Məsələn, Osmanlıda bu təcrübədən çox istifadə edirdilər. Onlar bir yeri almaq istəyəndə əvvəlcə dərvişləri göndərir, oranın vəziyyətini öyrənir, sonra oraya dərviş “ordusu” göndərir, o yerin xalqını hazırlayır, daha sonra hücum edirdilər.
Hədislərdə, dini ədəbiyyatda, mənkibələrdə almağın deyil, verməyin daha üstünlük olduğunu görürük. Hətta, “verən əl alan əldən üstündür” sözü də təsadüfi deyilməyib. “Malınızın 40-da birini zəkat verin”, “Allah yolunda infak”edin deyən dində Allah adına dilənmək mümkündürmü? Bu dinin xəlifəsi hz.Ömər(ə) dövlət işlərini görərkən dövlət xəzinəsindən alınan şamı, öz işlərini görərkən isə öz pulu ilə aldığı şamı yandırardı. Hz. Əli(ə) Allah yolunda gözünü belə qırpmadan bütün varını verirdi. Xəlifənin sarayı belə yox idi. Əl açıb yardım istəyən birinə verəcək heç bir şeyi olmadığında əynindən xirqəsini soyunub verən Peyğəmbərin(sav) dinində “dilənçilik et” deyilərmi? Əsla.
Allah adı ilə bizə uzanan əli boş qaytarmayım deyərək dilənçiyə, həm də mən seyidəm deyən dilənçiyə pul verərək biz əslində cəmiyyəti səfalətə sürükləyirik. Mərhəmətdən mərəz doğar, deylib, biz onlara mərhəmət etdikcə dilənənlərin sayı çoxalacaq. Ən faciəlisi də budur ki, onlar öz niyyətlərini Allahın adı ilə həyata keçirirlər. Sanki Allahın adını ananda insanların qəlbi yumşalacaq, ya da Allahın adını çəkəndə elə bil bunların dilənməyə haqqı olur.
Bu gün Azərbaycandakı seyidlər hansı missiyanı yerinə yetirirlər ki, xalqdan təşəkkür umurlar, həm də maddi şəkildə. Elə bir xof yaradıblar ki, insanlar seyidə söz deməkdən qorxurlar, guya seyidə söz deyən Allahın qəzəbinə gələcək. Seyidlərdə İlahi bir qüvvə var, onlar adi insanlardan fərqli qabiliyyətlərə malikdirlər. Bu belə deyil. Seyid nədir, yaxud kimdir? Seyidlər bir zaman çox imanlı, yüksək səviyyəli insanlar olublar, amma kimsəyə ağız açıb bir şey istəməyiblər.
Ərəbcədə seyid ağa, bəy, cənab deməkdir. Ərəblərin buraya məlum yürüşlərindən sonra burada qalanları öz dillərində seyid deyə çağıra-çağıra onların adları elə seyid qalıb. Seyidlər, əsasən ərəb əsillidirlər. Heç bir İlahi qüvvəyə malik deyillər. El arasında deyildiyi kimi “cəddi ağırdır, amandır, seyidə söz demək olmaz” ifadəsi də mənasızdır. Əslində, sufilik əqidəsinə görə “hər insan özündə İlahi bir ünsür daşıyır...” Bu təkcə seyidlərə aid bir hal deyil, çünki insanı Allah yaradıb və “insanı öz surətində xəlq etdi”... “ona ruhundan üflədi”, sadəcə bəzi “insanlar o İlahi ünsürü inkişaf etdirərək Allaha çata bilir”, bəzi insalar da seyid adıyla əl açıb ruzi dilənir, dua satır. Ona verilən payın, pulun qarşılığında seyid gen-bol dua edir. Çox pul versən çox dua edəcək, az versən az dua edəcək. Yəni, normal bir ölkədə bazar iqtisadiyyatına uyğun hərəkət edir, nəfəsini boş yerə xərcləmir, alacağının miqdarında satır duasını. Qarşısındakı insan da inanır onun səmimiliyinə, sanır ki, nəzir verən kimi işlərim düzələcək. Nəzirin belə mahiyyətini dəyişiblər. Nəzir bu gün sanki Allaha verilən rüşvətdir. Nəzir bu gün yerlə göy arasındakı valyuta rolunu oynayır. Nəzir verirəm Allah canımı sağlam eləsin, nəzir verirəm uşaqlarımı qorusun, uşağım instituta girsin, nəzir verirəm işə düzəlim və s. İstək çoxdur, nəzirin isə miqdarı, dəyəri önəmlidir işlərinin alınması üçün. Bu nəzirlərin “yerinə” çatması üçün ən yaxşı vasitə seyidlərdir. Çünki özləri öz ayaqları ilə gəlir, nəzir alıb dua satırlar. Seyidlər əgər bu dünyada işləyərək ruzi qazanmağa tənbəllik edirlərsə, nəzir alıb cənnətdə yer behləyirlərsə, onların iman gücü də elə onların iş qabiliyyəti ilə tən gələr. Ruhunda köləlik olan bir insan bu gün Allahı vasitə edib çörək üçün alçalırsa, sabah onun nəfsi başqa bütlər icad edəcək.
Böyük övliyaların, Allah dostlarının hər birinin bir sənəti olub, biri əkinçi olub, biri toxucu, biri yun çırpan və sair. Amma mütləq bir işlə məşğul olub çörəklərini qazanıblar. Çünki Allaha gedən yol halal ruzidən keçər, halal ruzi isə alın tərindən çıxar.
P.S: Burda dediklərim mənəvi məktəb keçib köklü-soylu ruhani həyat yaşayan gerçək seyidlərə aid deyil, onların varlığını və ruhani gücünü də əsla inkar etmirəm.

Baxış sayı: 927