Şərhlər
17.10.2015 / 11:42

Doğum günün mübarək, Azərbaycan!

Doğum günün mübarək, Azərbaycan!
Səmra KƏRİMLİ / İnform.az


Müstəqillik bir dövlətin, xalqın sahib ola biləcəyi ən dəyərli xəzinədir. Öz sözünün ağası olmaqdır müstəqillik, xoşbəxtliyə azad addımlar atmaqdır.Vətənində, doğma elində nəfəs alarkən çəkinməməkdir, nəğmələrinin səsini dağlara duyura bilməkdir müstəqillik.
Azərbaycan bu şirin duyğuları uzun həsrətdən sonra 1991-ci ildə daddı. Gec də olsa, bu qələbə bizim üçün əvəzi ödənilməyən və əbədi bir hədiyyə oldu. Hər il bu günü qeyd edərkən müstəqillik anlayışının mənası haqqında dərin-dərin düşünürük. Bu gün isə bizə sadəcə siyasi müstəqillik deyil, həm də mənəvi müstəqillik verdi. Biz 1991-ci il 18 oktyabrdan sonra artıq hər şeyi olduğu kimi görməyə, haqlarımızı müdafiə etmək hüququmuzun olduğunu bilməyə, azad ölkədə azad şəkildə elm, təhsil və digər sahələrdə özümüzü layiqincə göstərməyə və dünyanın bir çox ölkələriylə yaxşı mənada rəqabət aparmağa başladıq.
Hər insan müstəqilliyi fərqli tanımlayar fikrimizcə. Mənsə bu mövzudakı öz düşüncələrimi yazmaq istərdim.
Müstəqillik ilk növbədə azad düşünməkdən başlar. Azad düşünə bilirsənsə deməli, nəyisə bacarmısan. Düşüncələrini müdafiə edib onlarla yola davam etmək isə azadlıq anlayışını bütünlüklə izah edir. Tam rahatlıqla qorxmadan, çəkinmədən öz fikirlərini söyləyə bilirsənsə, azadsan deməkdir mənim fikrimcə. Nəfəs aldığın zaman sanki borc alırmışsan kimi hiss edirsənsə, ayağını qoyduğun torpağı vətənim deyə çağıra bilmirsənsə müstəqillik anlayışı sənə aid deyil deməkdir.
Bir də mənəvi azadlıq vardır, müstəqillik vardır. Məsələn, sevgini etiraf edə bilirsən, nifrətini çəkinmədən söyləyirsən, qorxduğunu və ya xoşbəxt olduğunu hayqıra bilirsən. Hisslərini söyləməkdən boyun qaçırmayacaq qədər azadsansa, deməli həm də müstəqil vətəndaşsan. Doğru bildiyini doğru, yanlış bildiyini yanlış olaraq qəbul edirsən və heç kəs sənin düşüncəni dəyişə bilmirsə, sən müstəqillik döyüşçüsü belə ola bilərsən.
İnsan həyatı boyunca öz işlərinə görə özü cavabdehlik daşıyır. Başqa sözlə, qərar verməkdə müstəqildir. Ölkəmizin müstəqilliyə çıxması da məhz müstəqil olmaqla bağlı verdiyi qərarın nəticəsidir.
Müstəqillik, azadlıq, torpaq, vətən bir vətəndaşın qoruması və sahib olması gərəkən ən dəyərli amillərdir. İnsanlar əsrlərdən bəri məhz bunlar uğrunda qan axıtmış, canlar almış və can vermişlər. Deyirlər ki, vətən uğrunda ölmək, vuruşmaq şərəfdir və cənnətdə ən gözəl yer də məhz onlara nəsib olur. Ta qədimdən bəri torpaq və müstəqillik bir igid üçün namus qədər dəyərli olmuş və onu qorumağı özünə şərəf borcu bilmişdir. Hər kəs istər ki, yaşadığı dövlətin qanunları onun rifahını təmin etsin. Yəni, xoşbəxt yaşamına dəstək olsun. Bunun gerçəkləşməsi üçün ən vacib şərtsə həmin dövlətin müstəqil olmasıdır. Çünki müstəqil olmayan dövlət xalqı üçün, xalqının rifahı üçün istədiyi işləri görmək iqtidarında da ola bilməz.
Bu gün bizim tarix səhifəmizin ən qürurverici və inkişafımızın yeni erasının başlanğıc günüdür. Dövlətimizin müstəqilliyinin doğum günüdür bu gün. Doğum günün mübarək, Azərbaycan!

Baxış sayı: 521