Siyasət
16.10.2015 / 16:12

Alman şirkəti "qara siyahı"dan çıxarılıb

Alman şirkəti "qara siyahı"dan çıxarılıb Tibb və sənaye avadanlığı, habelə digər məhsulların istehsalı və satışı ilə məşğul olan Almaniyanın “Karl Storz” şirkətinin məsul nümayəndəsi Stefan Dubnak rəsmi məktubla müraciət edərək, təmsil etdiyi şirkətin adının “Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində iqtisadi və digər qanunsuz fəaliyyət növü ilə məşğul olan xarici dövlətlərin fiziki və hüquqi şəxslər, təşkilat və qurumlarının siyahısı” və həmin şirkətin Ermənistan və Gürcüstan üzrə meneceri Merab Mqaloblişvilinin adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN mətbuat xidmətindən verilən məlumata görə, S. Dubnak məktubunda M. Mqaloblişvilinin sözügedən ərazilərə Azərbaycanın müvafiq qurumları tərəfindən icazə alınmadan səfər etdiyinə görə üzrxahlıq edib.

O həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə toxunaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edib və Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktını pisləyib.

İnform.az

Baxış sayı: 336