Şərhlər
15.10.2015 / 14:38

Görünməyən meymunlar haqqında traktat.. ta ta taat...

Görünməyən meymunlar haqqında traktat.. ta ta  taat...
("xalqımıza qurban olum.." cin atalar sözü)


Xanəmir TELMANOĞLU / İnform.az


Heyvanlara qarşı o qədər də marağım olmamışdı. Olan-qalan marağım da uşaqlıqdan sonrakı dönəmlərimə, daha doğrusu gənclik illərimə təsadüf etdi. Günlərin bir günü Hindistanda olanda küçədə gedərkən baxdım , sağda solda meymunlar əlindən tərpənməyə imkan yoxdur. Mən həyatımda ilk dəfə canlı meymunu Hindistanda 1996-cı ildə görmüşdüm. Elə odur budur, bu məhşuri-cahan heyvanlar mənim marağımı cəlb eləməyə başladı.
Aradan illər keçib, hara baxırdım, ölkəmdə o əcaib məxluqların sir-sifəti gözümün önündən getmirdi. Günlərin bir gün Azərbaycan Elmlər Akademiyasının heyvanşünaslıq institutunda mənim sonsuz marağıma səbəb olduğundan, elmi işim üçün Meymunların həyatı, yaşamı haqqında mövzu götürdüm. Elmi rəhbərim də yaxın adam olduğundan ehtiraz filan da etmədi. Beləliklə mən bu qərib və buddistlərin vətənində gördüyüm heyvanın haqqında araşdırmama davam etdim. Günlər keçdikcə, aylar, illərlə əvəz olunduqca, mən mövzuyla əlaqədar olaraq, daha maraqlı dərinliklərə ulaşırdım.
Əvvəlcə fikirləşdim ki, bu heyvanlar milli deyil. Onlar uzaq başı afrikaid və hinduitdirlər. Onların bizə, bu ölkəyə nə dəxli ola bilər ki? Bizim ölkəmizdəki tanıdıqlarımın əksəriyyəti, bu möhtəşəm insanlar bir zamanlar uzaq Hindistanda gördüyüm o meymunlara getdikcə daha çox oxşayırdılar. Əvvəlcə bu baş verənlər və mənim baxışımla ölkəmin insanları meymunlaşdıqca, təəccüblənsəm də, sonralar elə biləsən bu baş verən kosmik hadisələrə alışmağa başlayırdım.
Hərdən elmi rəhbərimlə görüşdüyümdə, mövzumla bağlı bir gəlişmə olub olmadığını soruşduğunda, mən də gəldiyim qənaətlərimi bölüşməyə başlayır, topladığım materiallardan xəbərdar edirdim onu. Hiss edirdim ki, bu tanış, qocaman elmi rəhbərim verdiyim bilgilərdən narahat olur, özündə mənə qarşı bir soyuqqanlılıq yaradırdı. Mən bunu büruzə verməsəm də, o da özünü gizlətməyinə baxmayaraq, istər-istəməz onun soyuq və qoca sifətindən götürdüyümü götürürdüm.
Hazırda bir şirkətdə işləyir, həm də elmi çalışmalarımı daha sürətlə və daha cürətlə davam etdirirəm. Onu bildirim, un utmayın, bu mövzu həm də ona görə marağımı cəlb etdi ki, mən son zamanalar ölkəmizdə nə vaxtsa hindistanda gördüyüm buddist meymunlardan, atəşpərəst meymunlardan daha fərqli və daha maraaqlı, hələ varlığı kəşf olunmamış qarşışıq ruhlu meymunlara rast gəldim. Etiraf edim ki, bəzən mən özümü də bu meymunların sırasında görürdüm. Niyə? Deyim bil! Görürdüm ki, mən də onlar kimi deyib gülür, danışıb susuram. Meymunlar əsasən qaynar iqlim qurşaqlarında yaşayırlar. Bizim ölkəmizdə iqlim çox dəyişkən olur. Bu iqlim bizim insanların, bağışlayın, bizim meymunların da xarakterinə, əxlaqına rahatlıqla sirayət etmişdir.
Bizim meymun nazirlərdən biri bir gün hardansa yenə bizim ölkədə olmayan heyvanlardan birini alıb həyətinə gətiribmiş. Bu barədə xalqımızın mətbuatı olduqca kötəkləyici yazılarla çıxış etdilər. Oku var, cəmdəyinə döşədilər. Bu hadisədən sonra düşündüm ki, ola bilsin bizim digər meymun nazirlərimiz də heyvanlara, özəlliklə xarici heyvanlara meyilli olduqlarından, yəqin onların da ölkəmizdəki meymunların günü gündən çoxalmasında zəhmət və əməkləri müstəsna rol oynayıb. Mən hətta meymunların bolluğunu və meymunluqlarının zənginliyini görübən, fürsətdən istifadə edib bu qəriban məxluqları iki qismə bölmüşdüm: meymunələr və meymunlar. Hətta yadıma gəlir ki, bir zamanalar orta məktəbdə oxuduğum illərdə, pioner meymunlar, oktyabryat, konsomol meymunlara da az rast gəlməmişdim. Hətta, lətifəsi sizdən uzaq, meymun məllimlərimiz də vardı. Kəndimizdə isə, meymun kolxoz sədri, meymun sovxoz sədri, meymun briqadirlər, meymun anbardarlar da az olmamış, meymun sovet sədri də belələrinin sırasından sayıla bilər, qafil!
(istəsəniz ardı olacaq, ey ulu oxucu!)

Baxış sayı: 907