Baş xəbər, Siyasət, Müsahibə
15.10.2015 / 12:43

"Futbol komandamız necə oynayırsa, siyasilərimiz də o cür oynayır"

"Futbol komandamız necə oynayırsa, siyasilərimiz də o cür oynayır"
Zeynal Məmmədli: "Cəmiyyətin görmək istədiyi parlament kifayət qədər dumanlıdır"

1 Noyabr seçkisinə hazırlıq prosesi namizədlərin təbliğat-təşviqat mərhələsindədir. Ekspertlər bu istiqamətdə namizədlərin gördüyü işlərin öz zəifliyi ilə diqqət çəkdiyini bildirirlər. Namizədlərin əksəriyyəti ödənişli, yaxud ödənişsiz təşviqat aparmağa ehtiyac duymadıqlarını bildirirlər. Bu prosesin nəşrli mediada işıqlandırılması xüsusilə passiv gedir. Seçkidə medianın üzləşdiyi bu kimi problemlər və namizədlərin KİV-in imkanlarından yararlanmaq istəməməyi müxtəlif aspektlərdə çözülə bilər.
İnform.az media eksperti Zeynal Məmmədli ilə müsahibədə bu məsələyə aydınlıq gətirməyə çalışdı.



“Medianın bu sahədə təcrübəsi çox deyil”


"Futbol komandamız necə oynayırsa, siyasilərimiz də o cür oynayır"- Zeynal müəllim, seçkidə təbliğat və təşviqatın aparılması prosesində elektron nəşrli medianın rolundan yetərincə istifadə edilmirsə, sizcə bunun səbəbləri nə ilə bağlıdır?

- Seçkidə medianın ödənişli xidmətdən necə istifadə etməsinin fərqli özəllikləri var. Medianın bu sahədə təcrübəsi çox deyil. Mənim deyəcəyim fikirlər ödənişli xidmətə aid deyil. Burada Avropa Şurasının, yaxud MTRŞ-nın tövsiyyələrinin hansının əsas götürülməsi və hansının önəmli olması məsələsi önə çəkilə bilər. Amma media sözsüz ki, burada ictimai xidməti ön planda saxlamalıdır. Yəni birinci növbədə burda “cəmiyyət düzgün seçim etmək üçün nəyi seçməlidir” sualı dayanır. “Düzgün seçim” sözünün özü də bir qədər şərtidir. Cəmiyyət nə istəyir, parlamentdən nə umur və hansı səlahiyyətləri olan parlament gözləyir, yaxud, “cəmiyyətdə ayrı -ayrı sosial qüvvələr, kəsimlər, orta təbəqə nə istəyir” sualları ilə bağlı çox təəssüf ki, media olaraq biz, cəmiyyəti doğru məlumatlandırmaq imkanında deyilik. Bununla bağlı ardıcıl sosioloji sorğular keçirilmir. Seçkidə iştirak edən seçki texnoloqlarının nə qədər peşəkar olması, ora nə qədər insanın qatılması və sair məsələlər bizim üçün qaranlıqdır. Orta statistik seçicinin parlamentdən nə gözlədiyi ilə bağlı medianın heç bir bilgisi yoxdur.


“Cəmiyyətin istəyini, dilə gətirdiyi şeyləri biz mediada görmürük”


- Seçki ilə bağlı cəmiyyətə mətbuat vasitəsi ilə müəyyən bilgilərin verilməsi tələbatını qeyd etdiniz. Bəs, cəmiyyət özü öz istəklərini mediaya necə təqdim edə bilir və bunun üçün deputat olmaq istəyən namizədlər media ilə əlaqəni necə qura bilir. Namizədlərin bu prosesdə passiv olduğunu söyləyə bilərikmi?

- Məsələnin bu tərəfini namizədlərə bağlamaq ədalətsizlik olardı. Birinci gəlin baxaq görək namizədliyini irəli sürənlər kimlərdir. Biz özümüz üçün o dəyərləri nə dərəcədə qəbul eləmişik və nə dərəcədə həyata keçiririk. Məsələn, belə deyirlər ki, Azərbaycanda müxtəlif kəsimləri fəallaşdırmaq üçün majoritar yox, proporsional seçkinin keçirilməsi yaxşı olardı. Yəni nəzəri baxımdan yanaşanda bu, siyasilərin, partiya aktivlərinin yarışı deməkdir. Gəlin görək, seçki prosesi nə qədər ədalətli və bərabər imkanlarla gerçəkləşdirilir. Yenə deyirəm, önəmli olan odur ki, cəmiyyətin ayrı-ayrı kəsimlərinin bundan nə ummasını biz bilmirik. Cəmiyyətin istəyini, dilə gətirdiyi şeyləri biz mediada görmürük. Heç bir konyukturaya uymayan akademik məlumatlara çox böyük ehtiyacımız var. Orada müxtəlif siyasi partiyaların səthi fikirləri yox, sosioloji sorğular önəmli olsun. Amma bunların heç birini görmürük. Üstəlik sorğularda kimlər seçilir və onlar nə qədər peşəkardırlar, hardan maliyyələşirlər və sair məsələlər öz həllini tapmayıb. Bütün bunlarla bağlı müəyyən bilgi almırıqsa, istər-istəməz ağla belə bir sual gəlir ki, belə seçkilər bizi nə dərəcədə irəli apara, cəmiyyəti doğrudan da ifadə edə bilər. Bu, hansısa bir neçə şəxsin görmək istədiyi parlamentdir, yoxsa cəmiyyətin görmək istədiyi parlamentdir. Yəni cəmiyyətin görmək istədiyi parlament kifayət qədər dumanlıdır, biz bilmirik cəmiyyət nə istəyir.


“Bizdə televiziyalar “yarasa işıqdan qorxurmuş” kimi seçkidən qorxurlar və heç kəs öz arzusuni bildirmir”


- Bir qədər öncə namizədlərin fəaliyyətinin bu prosesə bağlanmasını onlara qarşı ədalətsizlik hesab etdiniz. Belə olduğu halda namizədlərin mediada aktiv olmamalarını, ən azından 5 ildən bir olsa da, kiçik bir vəsaitlə öz təbliğatlarını, platformalarını cəmiyyətə açmaq istəməmələrini nə ilə əlaqələndirirsiniz. Belə çıxır ki, günahkar təkcə mediadır?

- Əgər medianın inhisarçı şəraitdə olmadığını, kommersiyaya, pul qazanmağa meylli olmadığını hiss etsəydik, təbii ki, medianın günahkar olduğunu söyləməzdirk. Amma indiki halda əlbəttə ki, media günahkardır. Bizdə media reklam bazarı ilə bağlı məlumatlara açıq deyil. Özünü dolandıran kanallar var. Amma bu və ya digər şəkildə baxırsan ki, Azərbayan tele bazarında 2 milyon məbləğ fırlanır. Amma heç bir televiziya seçki prosesindən qazanmaq istəmir. Halbuki seçki prosesi televiziylara öz büdcələrini artırmaq üçün bir fürsətdir. Amma bizdə televiziyalar “yarasa işıqdan qorxurmuş” kimi seçkidən qorxurlar və heç kəs öz arzusunu bildirmir. Baxırsan ki, YAP-ın namizədləri bildirirlər ki, ödənişsiz təşviqatdan imtina edirik. Necə yəni imtina edirsiniz, söhbət sizin qalib ədanızdan getmir. Sizin xalqa mesajınız nədir, siz əminsinizmi ki, xalq sizin mesajları geniş şəkildə anlayıb. Başqa - başqa ölkələrdə görürük ki, namizədlər bir il müddətində gözlənilən və insanları narahat edən hər bir suallara – hansı vaxtda hansı iş yerləri açılacaq, nə qədər maaş almaq olacaq, nə qədər ev almaq olar” kimi məsələlərə cavab verirlər. Amma bizdə bunların heç birinə cavab tapılmır. Əsas məsələ odur ki, insanlar real vədlər alsınlar. Deyirsiz ki, namizədlər passivdirlər. Necə passiv olmasınlar ki, camaatın onların boş vədlərindən başqa heç nə eşitməyəcəklərini özləri də bilirlər. Vədləri də elə vermək lazımdır ki, bir az həqiqətə oxşasın.


“Bu onu göstərir ki, Azərbaycanda partiyalarda, fərdlərdə qeyri-peşəkarlıq sümüyə işləyib”


- Seçki prosesində namizədlər ödənişli təşviqatın aparılması ilə razılaşa bilmir. Yəni heç kəs manatından keçib təbliğatını qurmaq istəmir. Bu necə ola bilər. Seçki prosesində balaca bir maliyyə xərcləyib təşviqatını apara bilmirsənsə, hansı uğurlu addımlardan söz gedə bilər?

- Seçkidə bir hissə deyir ki, seçkinin ədalətli keçməsinə inanmıram, seçkiləri boykot edirəm, bir hissə də deyir ki, boykot çıxış yolu deyil, insanlara mesajı çatdırmaq lazımdır. Bax, həm boykot edənlər, həm də mesajı çatdıranları anlamaq olmur ki, onların bu 5 ildəki mesajları necə hazırlanır, bu seçkiyə hazırlıq necə gedir, seçkiyə hazırlıq üçün maliyyə necə toplanıılır? Bu onu göstərir ki, bizdə ucuzlaşan manat deyil, həm də siyasi partiyalardır. Ona görə də bu partiyalardan soruşanda ki, haklimiyyətə gəlsəniz nə edəcəksiniz, o cavabı verirlər ki, hakimiyyətdə olanda görəcəksiniz. Bu onu göstərir ki, Azərbaycanda partiyalarda, fərdlərdə qeyri-peşəkarlıq sümüyə işləyib. Ona görə də diri cəmiyyətin yaradılmasına çalışılmalıdır.

- Siyasilərin özündə mətbuata barmaqarası yanaşma və mətbuatın buna əks reaksiyasının olmaması nə ilə bağldır? Onları mətbuata qarşı diqqətli olmağa sövq etmək üçün hansı sistem qurulmalıdır?

- Mən bu məsələdə ittiham ruhundan uzaq olmağa çalışacam. Gəlin baxaq, partiyaların inkişafı, yetişməsi üçün hansı şərait var. Bunu birmənalı cavablamaq olnmur. Bir fərd, yaxud partiya bütün bunları diqqətə almalı və eyni zamanda bəyənib bəyənməməyindən asılı olmayaraq media ilə davranış xartiyasını müəyyənləşdirməlidir. Amma eyni zamanda, eyni dərəcədə də media günahkardır. Medianın o siyasilərin cəmiyyət üçün xeyirli mesajlarını diqqətdə saxlamaq əvəzinə xırda məlumatlarını ortya qoyur, dərinə getmir. Qarşılıqlı bacarıqsızlır hər ikisində bir-birinə qarşı əks hiss yaradır. Bizim futbol komandamız necə oynayırsa, bizim siyasilərimiz də o cür oynayır. Baxın, futbol komandasına kənardan oyunçu gətirilir. Belə çıxır ki, nazirləri, məmurları, siyasiləri də başqa ölkələrin nümayəndlərindən formlaşdırmalıyıq? Absurd bir şey ortaya gəlir. Biz cəmiyyət olaraq fərqində olaraq hansı əsrdə yaşadığımızı bilməli səhvlərdən nəticə çıxarmlıyıq.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 646