Sosial
15.10.2015 / 12:30

Nəqliyyat Nazirliyinin səlahiyyətləri alınıb yol polisinə verildi

Nəqliyyat Nazirliyinin səlahiyyətləri alınıb yol polisinə verildi Taksilərin, yük avtomobillərinin və avtobusların canı nəqliyyat müfəttişlərindən qurtardı.
Prezidentin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib. Hüquqşünas Ərşad Hüseynov yenilikləri şərh edib. Onun fikirlərini təqdim edirik: “İnzibati Xətalar Məcəlləsinin (İXM) tətbiqinə dair Fərmana edilən dəyişikliyə əsasən, əvvəllər Nəqliyyat Nazirliyinə aid qurumların baxdığı bəzi inzibati xətalara dair işlərə bundan sonra Dövlət Yol Polisi baxacaq. Baxılma səlahiyyəti Nəqliyyat Nazirliyindən alınaraq Dövlət Yol Polisinə verilən inzibati xətalar əsasən aşağıdakılardır:
- “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi (İXM-in 150-2.1.2-ci maddəsi);
- sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi (İXM-in 150-2.1.7-ci maddəsi);
- avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması (İXM-in 150-3-cü maddəsi);
- xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması (İXM-in 150-4-cü maddəsi);
- avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar (İXM-in 163-cü maddəsi);
- iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması (İXM-in 163-1-ci maddəsi);
- avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması (İXM-in 163-1-ci maddəsi) və bəzi başqa xətalar.
Sadalanan xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək bundan sonra Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

İnform.az

Baxış sayı: 353