Dünya
13.10.2015 / 19:41

Qəfil daşqınlar ciddi qlobal təhlükədir

Qəfil daşqınlar ciddi qlobal təhlükədir
Marqaret Valstrem: Qəfil daşqınların qorxulu cəhəti onların məhz gözlənilmədən baş verməsidir.

BMT baş katibinin təbii fəlakətlər təhlükəsinin azaldılması məsələləri üzrə xüsusi nümayəndəsi Marqaret Valstrem bildirib ki, şəhərlərin hakimiyyət orqanları son günlərdə Qvatemalada, ABŞ-ın Cənubi Karolina ştatında və Fransanın cənubunda yüzlərlə insanın həyatına son qoymuş daşqınlara oxşar hadisələrin baş verməsi riskini azaltmaq layihələrinə daha artıq vəsait qoymalıdırlar.
BMT nümayəndəsi deyib ki, son iyirmi ildə dünyanın bütün regionlarında tez-tez torpaq sürüşmələri ilə müşayiət olunan daşqınlar baş verir.
Xəzərxəbər BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, elmi proqnozlara görə, bir sıra regionlarda yağıntıların miqdarı artacaq. Ekspertlərin fikrincə, bu fenomen iqlim dəyişmələrinin və sənayeləşmə dövründən əvvəlki dövrlə müqayisədə atmosferdə karbon qazının 43 faiz artmasının nəticəsidir.
Marqaret Valstrem qeyd edib ki, qəfil daşqınların qorxulu cəhəti onların məhz gözlənilmədən baş verməsidir. Belə daşqınlar barədə yalnız son saatlarda xəbərdarlıq edilir və ya ümumiyyətlə xəbərdarlıq edilmir. Bu, insanların faciəli şəkildə həlak olmasına gətirib çıxarır - son günlərdə Qvatemalada olduğu kimi. Bu ölkənin Santa Katarina–Pulina əyalətində torpaq sürüşmələri nəticəsində xeyli insan həlak olub. Fransanın cənubunda və Amerikanın Cənubi Karolina ştatında qeyri-adi güclü leysan yağışları da insanların həlak olması ilə nəticələnib.
BMT-nin məlumatına görə, son 30 ildə daşqınlara məruz qalan çay hövzələrində yaşayan insanların sayı 114 faiz artıb. Bu gün 60 milyon insan dəniz səviyyəsindən hündürlüyü bir metrdən çox olmayan ərazilərdə yaşayır. Əsrin sonuna qədər onların sayının artaraq 130 milyona çatacağı gözlənilir.

İnform.az

Baxış sayı: 392