Şərhlər
13.10.2015 / 15:37

Heyif deyildi mağar toyları?

Heyif deyildi mağar toyları?
Pərvanə NƏHMƏTQIZI / İnform.az

Unudulan adətlərimiz silsiləsindən.

Nəsə ürəyimdən mağar ("palatka") toylarından yazmaq keçdi... Bəlkə də qəribsəmişdim o toylar üçün... Uşaqlığımın, gəncliyimin bir parçasıdır mağar toyları - Cənub bölgəsində keçirilən mağar toylarını deyirəm. Əvvəlcə bu toylara dəvəti xatırlamaqla başlamaq istəyirəm. Balaca qızlar idik. Həyətə əllərində zənbil daxil olan iki gənc qızı görəndə o saat bilərdik ki, kənddə toy olacaq. O qədər sevinərdik ki... Təkcə toya çağırıldığımıza görə yox, həm də ona görə ki, zənbillərində nabat olduğunu bilirdik… Nabatdan özləri ilə gətirdikləri nəlbəkiyə qoyub verərdilər, şirinlik kimi… O nabata görə sevinərdik. Nəlbəki də boş qaytarılmazdı, pay qoyulmalı idi. Qəpikdən, sabundan, ətirdən və s. Düzü, bunların kimə çatacağını – toya dəvət edən qızlaramı, ya toyu olanamı – bilmirəm. Amma bu bir adət idi: nəlbəkiyə nəsə qoyulmalı idi. Yadımdan çıxmamış onu da deyim: qız toyunda yalnız qızlar, oğlan toyunda da yalnız elə oğlanlar olardı. Qız toyu olanda qonşular sözləşib bir yerdə gedərdilər; nə maşınla, nə də xüsusi çağırılmış avtobusa ehtiyac vardı. O vaxtlar nə saç feni, ütüsü var idi, nə də gözəllik salonları. Elə hər kəs evdə özü bəzənərdi - bacardığı kimi. Dəstə-dəstə axşamçağı yollar toya gedən qız-gəlinlərin səsi ilə şənlənərdi. Mağarda iki tərəfdə 3 cərgəli skamyalar qoyardılar, kim tez getsə idi, yaxşı yerdə otura bilərdi. Ən əvvəl yaxşı hesab olunan hündür yerlər tutulardı, sonra gec gələnlər də məcbur qalıb harda oldu əyləşərdilər... Yemək isə ayrı mağarda verilirdi - indiki kimi növbənöv yeməklər olmazdı, 1-2 çeşid- vəssalam. Onu da hər kəs yemirdi; axı yesəydilər, toy mağarında oturmağa yer qalmazdı. Bu da toy sahibinə sərf edirdi. Toya gələn isə gücü çatan 5-10 manat nəmər yazdırardı dəftərə. Məclisin də özündən deyən bir fərraşı olardı. Qız toyudusa, hallı-bollu orta yaşlı xala əlində çubuq girədi məclisə. O, daha çox uşaqların qənimi idi. 5-6 yaşlı oturan uşaqları qaldırardı ki, durub yerini qızlara, gəlinlərə versinlər. Məclisdə hərlənən uşaqlara da rahatlıq verməzdi, bir-ikisinə cubuqla ilişdirirdi ki, əl-ayağa dolaşmasınlar. Əlqərəz, toyda gəlindən çox elə fərraş hakimi-məclis olması ilə yadda qalırdı. Musiqinin çalınması ilə başlayardı qızları oynatmağa. O vaxtkı qızlar o dəqiqə durmazdılar rəqs etməyə, utanardılar, naz edərdilər. Bir-iki çağırışdan sonra durardılar yerindən. Mağarın çölündə - işıq düşməyən hissədə isə oğlanlar düzülərdi. Bəyənmək üçün oğrun-oğrun süzərdilər qızları.
Toyun səbəbkarı olan gəlin isə məclisə bəylə yox, sağdış-solduşu, rəfiqələri ilə daxil olardı. Vağzalının müşayiəti ilə keçib oturardı onun üçün qurulmuş, bəzədilmiş yuxarı hissədə: arxada qırmızı xalça vurulardı, üstündə də pambıqla gəlinin adına müraciətlə “toyun mübarək” yazılardı. Gəlin öz yerində o vaxtadək oturmazdı ki, qayınanası gəlib xeyir-duasıyla əyləşməsinə icazə versin... Elə ki, gəlin yerində oturdu, toyun axırınadək demək olar yerindən tərpənməz, rəqs edənlərə tamaşa edərdi...
Toyun ən maraqlı hissəsi bəy-gəlin tərifi olardı.Toyu idarə edən müğənni, ifaçı-musiqi sədaları altında bütün yaxın qohum-əqrabaya çağırışla (gəlsin xələt versin anası, xalası, dayısı, qonşuları və s) xələt istəyərdi. Xələt də daha çox pul olurdı. Bunu artıq bilən qohum-əqraba qabaqcadan hazırlıqlı gələrdilər - çünki xələt verilməyincə əl çəkilməzdi.
Xələt yığdı mərasimi bitdikdən sonra isə gəlini oynadıb, məclisin dörd bir tərəfinə gəzdirib pul yığdırardılar. Gəlin də ona uzadılan pulları yığıb verirdi fərraşa, o da qoyurdu mağarda xüsusi ayrılmış çamadana. Ən böyük məbləğdə pulu isə axırda bəy verərdi. Hamı bəyin gəlişini səbirsizliklə gözləyərdi - onu görmək, gəlinlə, qohum əqraba ilə rəqs etməsinə tamaşa etmək üçün. Sonra yavaş-yavaş toy dağılışardı, yalnız yaxın qohumlar qalardı. Hamı rəqs edib bir-birinin başına pul səpərdilər. Fərraş də o pulları yığıb tökərdi çamadana. Araqarşıqlıqda balaca uşaqlar puldan çırpışdırmaq istəyəndə cubuq yenidən işə düşərdi...
Heyif o çağlardan - sadə, dəbdəbədən uzaq mağar toylarından. Nə çox xərc çəkilərdi, nə də toy sahibləri xərcə-borca düşərdilər. İndi belə toy edənlər demək olar ki, yoxdu. Şəxsən mən neçə illərdir görmürəm, heç eşitmirəm də.
Bu gün mağar toylarının keçirilməməsi məclisin yükü - biş-düşü, yuyub, yığışdırmağı üzərilərinə daha çox düşən xanımlara sərf eləyir deyəsən. Çünki mağar toylarında nə vaxt toy başladı, bitdi özləri də bilmir. Başları elə qarışır ki, bir də gördün toy qurtardı. Sonra da yer-yğış, min bir əziyyət. Bax bu da mağar toyundan uzaqlaşmağın bir səbəbidi bəlkə də...

Baxış sayı: 1567