Baş xəbər, Müsahibə, Ədəbiyyat
13.10.2015 / 15:25

Yusif Gədikli: "Avropanın axtardığı nə varsa, hamısı bizdədir"

Yusif Gədikli: "Avropanın axtardığı nə varsa, hamısı bizdədir"
Yusif Gədikli ilə Azərbaycan-Türkiyə ədəbiyyatı üzərinə müsahibə.

2003-cü ildə İstanbulda bir ədəbiyyat konfransı zamanı, dəyərli Türk yazar, şair, ziyalılarıyla bir arada olduğum zaman, fürsəti qaçırmayıb, bir neçəsi ilə söhbət eləmə şansını qaçırmadım. Bu söhbətləri müsahibə halına saldım. İndi ilk dəfə olaraq, o müsahibələri İnform.az-ın dəyərli oxucularına təqdim edirəm:


Mən onu 1993-cü ildən tanıyıram. Hələ o zaman Turan Kültür Vəqfi yenicə qurulurdu. Bu vəqfin başında isə ünlü qəzetəçi və turançı ziyalı olan Rasim Ekşi gəlirdi. Sonralar onunla bir neçə dəfə bu vəqfin kültürəl konfranslarında, toplantılarında tez-tez bir araya gəlirdik. Onu ölkəmizdə hər kəs Azərbaycan Sovet yazıçılarının əsərlərindən ibarət antologiyanın ilk müəllifi kimi tanıyır. Bu çalışmalarından sonra da Yusif Gədiklinin ədəbiyyatımızla bağlı Türkiyədə yeni işləri oldu. Bu səfərki görüşümüzdə vaxtın azlığından istifadə edərək Yusif bəylə ayaqüstü bir söhbət yapa bildik. Xatırladım ki, söhbətimizdə türkologiya üzrə maraqlı əsərlərin müəllifi, istedadlı qələm sahibi Aybəniz Kəngərli də iştirak edirdi. Aybəniz xanımla Yusif Gədiklinin maraqlı söhbətini sizə təqdim edirik.

- Aybəniz: Biz istəyirik ki, Hüseyn Cavidi bütün Türkiyə tanısın. Türkiyə oxucuları Cavidin bütün əsərlərini oxuya bilsinlər. Çünki Cavid kimi şairlər özlərini Azərbaycanlı deyil, Turan dünyasının şairi adlandırıblar. Nə Cavid, nə Abdulla Şaiq, nə Hadi, nə Müşfiq, nə də Əhməd Cavad Azərbaycan şairi olduğunu heç vaxt dillərinə gətirməyiblər. Zənnimizcə, özləri iddiada bulunduqları kimi, (Əli Bəy Hüseynzadə kimi) əslində bu fikir fədailərinin hər kəs tanımaq məcburiyyətindədir.

- Yusif: Dövlətin politikası davamlı olaraq Avropaya yönəldiyindən bu işlər düşündüyünüz kimi baş tutmur. Siz, əslində doğru söyləyirsiniz. Bu gün Türkiyədə çox qəribə bir çözümləmə baş alıb gedir. Ərəbdən tutun da, erməniyə qədər hər kəs bir-birini çözümləyir. Bu işlər siz dediyiniz qədər də asan başa gəlmir. Əgər belə gedərsə, 10-15 ilə qədər Türkiyənin sonu gələ bilər.

- Aybəniz: İsmayıl Qasprinski söyləyirdi ki, hər gördüyünüzü cocuq kimi alıb qaçmayın.

- Yusif: Siz elə dilimizi götürün. Özünüz şahidsiniz ki, bu gün türkcəmizə nə qədər yabançı kəlimələr daxildir. Çox təəssüflər olsun ki, Türkiyə bu qədər özündən, özülündən ayrı düşüb. Kimsə sənə gəlib demir ki, bunu yap, bunu et. 1960-65-ci ildən sonra Sovet ideologiyasının təhdidi ucbatından dedilər dini bir az gücləndirək. Heç olmasa, kommunizmə qarşı bir sipər oluşduraq. Bu həqiqətən də belə idi. O zaman dinə bir az sərbəstlik verildi, həm də milli mövzulara da hərdən baş vurulurdu. 1990-cı ilə qədər hər mövzuda fikirlər, yanaşma tərzi, baxışlar dəyişməyə başladı. Dövlətin bu politikası 1970-ci illərdən 90-cı illərə qədər davam etdi. Ondan sonra bu özəl televizyonlarda çıxdı və Avropa Birliyinə girmək mövzusu gündəmə gəldi. Bu saat Türkiyədə elə bir kəsim var ki, onların Türkiyədə heç bir yolu yoxdur. Türkiyədə millətin 80-90 faizi adət-ənənələrinə, dini inanclarına bağlı və sayğılıdırlar. 5-10 faiz isə əsas kapitalı, pulu əlində saxlayır. Bax, faciə budur ki, 80-90 faiz bu sevimli insanları həmən danışdığımız 5-10 faiz adamlar idarə edir. Parası, pulu var. Bütün hər yeri tutublar. Bunlar özbaşına deyillər. Onları dışarıdan idarə edirlər. Bütün bunlar Avropadan gəlir. Məsələn, Avropa deyirsə, Türkiyə ilə ermənilər arasında bir anlaşmanı əhatə edəcək layihə ortalığa qoyun, parasını da bu qədər alacaqsınız. Bunu etməyib nə edəcək ki? Niyə həmişə bizə deyilir? Niyə erməniyə bir dəfə də olsun heç nə deyilmir? Niyə deyilmir ki, buraxın, bu soyqırım məsələsini? Tarixin arxivinə göndərin köhnə politikaları. Bir az da dostluq havası içərisində yaşayın. Bizim mediamız, bizim dövlətimiz hər zaman onları müdafiə edir. Nəcib Fazildə var: "Öz yurdunda qəribsən, öz vətənində pariya". İşin açığı belədir. Pariya qul deməkdir. Yalan söyləmir ki, həqiqətən də biz buyuq. "Üfüq ötəsi" dərgisində xoş çalışmalarımız əskik olmadı. Ermənilərin konqres olaylarında bizim də faydalı işlərimiz oldu. Vətəndaş onsuz da dövlətə güvənir. Uzaqbaşı dövlət var, ordu var. Millət başa düşdü ki, artıq heç kəsə deyil, özünə güvənməsi lazımdır. Və beləliklə tavırını ortaya qoydu. Əslində, biz bunu deməli idik: bir soyqırım hadisəsi olmuşdur. Bir Osmanlı dövləti olaraq və çağdaş Türkiyə olaraq bunu qəbul edə bilərdik. Biz bunu təpkilər və təzyiqlər olduğu üçün söyləyəcəkdik. Demokratik ortama demokratik təzyiq göstərmək çox önəmlidir. Bizim Türkiyədə bu yetkililər dövlətə və orduya verildiyindən vəziyyət bu yerə çıxıb.

- Aybəniz: Ənvər Paşaya bu qədər soyuq münasibət, görəsən, hardandır? Necə ola bilər ki, dövlət səviyyəsində Ənvər Paşaya bu qədər laqeyd münasibət bəslənir. Niyə onun adına bir dənə də olsun küçə yoxdur, bir məkan yoxdur? Mən şəxsən dünya tarixində Ənvər Paşadan böyük şəxsiyyət tanımıram.

- Yusif: Biz də Ənvər Paşa ilə bağlı azdan-çoxdan yazdıq.

- Aybəniz: Bundan xəbərimiz var. Bu adam böyük ideallarımız uğrunda həyatını qurban verdi. Bu millətin yolunda canını fəda etdi. Mən onun Atatürkdən geri qaldığını zənn etmirəm.

- Xanəmir: Yusif bəy, bir sualımız da olacaq. Orxan Pamuqun romanlarını oxumusunuz.Onun bədii yaradıcılığının hansı miqyasda olduğu şəxsən mənə bəllidir. Orxan Pamuqun birdən-birə Türkiyənin xaricində necə məşhurlaşması da ədəbiyyatçılar tərəfindən çox asanlıqla başa düşülür. Hansı ki, qarşıda vəd edilmiş Nobel mükafatı məsələsi gündəmə gələ. Demək ki, Türkiyə çərçivəsində bu məsələləri düşünərkən xarici qüvvələrin mədəniyyət vasitəsi ilə çox şeyləri gözardı etmədiklərini nəzərə almağımız lazımdır. Sizcə, Orxan bəy Almaniyada nə söyləməli idi?

- Yusif: O Almaniyadakı söhbətlərinin birində 30 min kürd, 1 milyon erməninin türklər tərəfindən öldürüldüyünü qeyd etmişdi. O da ardınca söyləmiş ki, Türkiyədə bu vaqeəni olduğu kimi kimsə dilinə gətirə bilmir. Bundan başqa bir şey deməmişdi.

- Xanəmir: Bu Türkiyədə necə qarşılandı?

- Yusif: Hər halda, yaxşı qarşılamazlar. Amma media çoxluq olaraq Orxan Pamuqun tərəfini saxlayır. Ancaq xalq ona səs vermədi. Bizim məmləkətimizdə xalq seçimdən-seçimə sandığa gedər, səsini verər, namizədini seçər. Amma təəssüflər olsun ki, xalqın səsini nə Amerika, nə Avropa, nə imperializm heç vaxt eşitməz. Məsələnin əsli budur. Onların iddia etdiyi kimi, osmanlılar erməniləri qırıb-çatmayıblar. Və o zaman Osmanlı içərisində olan elə bir xalq olmadı ki, öz müstəqilliyini istəməmiş olsun. Bir tərəfdən dünya dövlətləri tərəfindən Osmanlı paylaşılır. Bir tərəfdən də içəridən xəyanətlər baş alıb gedir. Bu xəyanətlərin içərisində ermənilərdən çox bizə zərbə vuran kimsə tarixdə görünmədi. Çünki Avropanın axtardığı nə varsa, hamısı bizdə idi. Kilsə burda, təbii sərvətlər burda, yeraltı qaynaqlar, müstəsna iqlim, üstəlik onların xristian qardaşı olan ermənilər də burda. Ermənilərin gözü ilə hadisələrə baxdıqda hər şey düzgündür. Onlar kəsinliklə düşünürdülər ki, müstəqilliklərini əldə edəcəklər. Osmanlı isə onlara söyləyir ki, bu savaşda siz bizi dəstəkləyin, ingilisi, fransızı deyil, biz də sizə muxtariyyat verərik. Yəni, savaş çıxarsa, sən mənim vətəndaşımsan, məmləkəti qorumaq məcburiyyətindəyik. Müharibə başlayan kimi hər şey əksinə olur. Ermənilər müsəlman kəndlərinə basqın edirlər. Ruslara kömək edirlər, silah alırlar, Türkiyə boyunca soyqırımlar törədirlər. Bundan sonra Osmanlı onları bağışlayarmı? Dediyim kimi durub-durub da dev bir dövlət erməniyə nə isə edərdimi? Bax, bu saat Ermənistanda bir dənə türk yoxdur.

- Aybəniz: Azərbaycanda rəsmi olaraq 20 minə yaxın erməni əsilli vətəndaş yaşayır. Aybəniz: İndi nə işlə məşğulsunuz?

- Yusif: İndi təqaüddəyəm. Sadəcə olaraq, araşdırmalarla məşğulam, məqalələr, kitablar yazıram.

- Xanəmir: Nə üzərində işləyirsiniz?

- Yusif: Azərbaycan yazarlarının hekayələrindən ibarət təkmilləşmiş bir antologiya hazırlayıram. Bir də rəhmətlik Ziya Bünyadovun hazırladığı Moisey Kalankatuklunun "Albaniya tarixi" kitabını Türkiyə türkcəsinə çevirirəm.

- Xanəmir: Bu gün Azərbaycan türkcəsindən, Türkiyə türkcəsinə hər hansı bir mətni çevirərkən hansı durumla qarşılaşırsınız?

- Yusif: Mən heç bir kəlməni dəyişdirmirəm. Əgər “hündür” yazılıbsa, mən onu “yüksək” kəlməsinə çevirmirəm. Düşünürəm ki, sizdəki kəlmələrdən də biz də istifadə etməliyik. Bir də çevirəcəyim mətn şeirsə, demək orda qafiyə var. Qafiyəni hər vaxt tutdura bilməzsən. Sonra bir sözün çox fərqli anlamı, çalarları vardır. Mən şeirdə Türkiyə ilə Azərbaycan arasında heç bir kəlməni dəyişdirmək istəmirəm.

- Aybəniz: Məsələn, Nazim Hikmətin tərcümə olunmasının əleyhinə bir yazı yazmışdım. Nazimi çevirməyə kimsə cəsarət etməsin. Axı, buna ehtiyac yoxdur. "Qarıma məktub"unu "Arvadıma məktub" deyə yazıblar. Bu Nazimi söymək, təhqir etməkdir.

- Yusif: Nazimi sevmirəm. Şair olaraq bu ayrı məsələdir. Sadəcə, Nazim ustalıqla yaradıcılığını heç vaxt yeni dilə etibar etmədi. O biri şairlər kimi uydurma dediyimiz dilə güvənmədi. Dil məsələsində Nazim Hikmət çox düzgün və ustalıqla hərəkət etmişdir.

Xanəmir TELMANOĞLU / İnform.az

Baxış sayı: 937