Gündəm, Dünya
13.10.2015 / 15:22

Salehi və Zərif ölümlə təhdid edilib

Salehi və Zərif ölümlə təhdid edilib Oktyabrın 11-də nüvə razılaşmasının icrasına dair hazırlanan layihənin araşdırılması üçün İran parlamentində keçirilən iclasda İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi və xarici işlər naziri Məhəmmədcavad Zərif ölümlə təhdid ediliblər.

Həmin iclasda nüvə razılaşması şərtləri səsə qoyulub. Səsverməyə qatılan 253 deputatdan 139 deputat razılaşmanın lehinə və 100 nəfər əleyhinə səs verib. 12 deputat da bitərəf qalıb. Bununla da razılaşma səs çoxluğu ilə qəbul edilib. Razılaşmanın təfərrüatına isə qarşıdan gələn günlərdə baxılacaq.

Əsəb gərginliyi içərisində nüvə razılaşmasının lehinə çıxışa başlayan Əli Əkbər Salehi tribuna arxasından həyəcanlı tərzdə razılaşma müxalifləri tərəfindən hədələndiyini və ölümlə təhdid edildiyini bildirib: “Bir az qabaq ruhani deputatlardan biri mənə yaxınlaşaraq and içib dedi ki, biz sizi (yəni mən və Zərifi) öldürəcəyik. Dedi ki, biz sizi edam edərək Ərak reaktorunda basdıracaq, üstünüzü sementlə örtəcəyik. Mən bunu demək istəmirdim, lakin deməyə məcbur oldum”.

İran prezidenti Həsən Ruhaninin parlament işləri üzrə müavini Məcid Ənsari jurnalistlərə açıqlamasında Salehi və Zərifin bəzi deputatlar tərəfindən ölümlə təhdid edildiyini təsdiqləyib.
İclasa qatılan digər deputat Əbuzər Nədimi isə jurnalistjlərə deyib ki, Salehi və Zərifi ölümlə hədələyən deputat, axund Ruhulla Hüseyniyan olub:

“Mən Hüseyniyanla danışdım. O deyir ki, mən bu sözü zarafat kimi Salehiyə dedim. Lakin o mənim bu sözümü ciddiyə alıb. Onu əsəbləşdirmək istəyirdim. Buna da nail oldum”.

İnform.az

Baxış sayı: 359