Gündəm, Araşdırma
03.07.2015 / 16:08

Qulu Xəlilovun etirafı…

Qulu Xəlilovun etirafı…

Araşdırmalarımız zamanı bir-birindən maraqlı, məzmunlu məktublara rast gəlirik. Belə məktublardan biri 1967-ci il aprelin 28-də ədəbiyyatşünas-alim Qulu Xəlilovun dövlət və ictimai xadim Şıxəli Qurbanova yazdığı məktubdur.
İnform.az S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Dövlət arxivində saxlanılan həmin məktubu təqdim edir:


“Əziz və hörmətli Şıxəli müəllim.

Mənim sizə səmimi salamlarım sonsuz və daimidir. Bu gün radio sübh tezdən, yəni saat 6-da bir məlumat verdi: Bir neçə sənət dostlarınızla birlikdə siz və «Milyonçunun dilənçi oğlu» kimi orijinal və gözəl əsəriniz üçün dahi kompozitorumuz Ü.Hacıbəyovun adını daşıyan mükafata layiq görülmüsünüz. Sizi ürəkdən təbrik edirəm, qollarımı, uzaqdan uzadıb, bağrıma basıram, can sağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.
Hörmətli Şıxəli müəllim, mən bu günlərdə çox bərk həyəcanlıyam. Ona görə də qəlbimi və bir sıra məlum həqiqətləri sizə açmaq üçün böyük ehtiyac duyuram. Mən bilirəm ki, sizin işiniz çox olur, ona görə də qiymətli vaxtlarınızı almağı özüm üçün qəbahət sayıram. Lakin adam bəzən məcburiyyət qarşısında qaldığına görə müraciət etməyə bilmir.

Nə cür düşünürsünüz düşünün, bir həqiqəti səmimi etiraf edəcəm. Mən bilirsiniz ki, xəstəyəm, xəstə adam, xüsusilə mənim kimi yeddi dəfə ağır cərrahiyyə əməliyyatına məruz qalmış hələ indi yenisi də gözlənilir, yeddi qabırğasını, bütün dalağını, ciyərlərinin hər iki tərəfdən çox hissəsini və nəhayt qələm tutan əlini, - sağ əlini itirmiş yarımcan bir adam daxilən qürurlu və bir qədər də eqoist olur. Sizə yaxşı məlumdur ki, mən sizi hələ vəzifəyə getməmişdən də qabaq özümə arxa sanmışam və bu xeyir iş olandan sonra hamıdan çox sevinən bəlkə də mən olmuşam, inanın. Mən sizinlə fəxr etdiyimə görə heç kimdən qorxmuram, çəkinmirəm. Ancaq mən sizə arxalanıb qaba və əyri bir iş görən günü Allah mənə ölüm versin. Mən dostu xəcaətli eləyənlərdən deyiləm. Lakin bəzən kasıbı dəvənin üstündə ilan çaldığı kimi təmiz, vicdanlı admların da tikəsini boğazından çəkib çıxarmaq və ona şərik olmaq istəyənlər tapılır. Mən bu barədə ürəyimdəkiləri sizə olduğu kimi açmaq istəyirəm. Əgər bu iş idarədə mümkün olmasa, üzlü qonaq kimi bir axşam kəsəcəm ocağınızın qırağını, onda hörmətli Xavər bacı ilə birlikdə sizi əziyyət və «xərcə» salacam.
Müdafiə işim yaxınlaşır. Sizə bir avtoreferat göndərdim. Sizin çoxdan keçdiyiniz bu xeyir işdə işitrak etməyinizi ürəkdən arzu edərdim.

Dərin hörmət və ehtiramla, Qulu Xəlilov.

28/IV-67.”

Təqdim etdi: Rəşad Sahil

Qulu Xəlilovun etirafı…

Baxış sayı: 471