Şərhlər
12.10.2015 / 15:49

O dağdan daha hündürsən

O dağdan daha hündürsən
Səmra KƏRİMLİ / İnform.az


Günlər bir-birinin ardınca gəlir-keçir. İnsan yaşa dolur və bəzən özünə hesab verir ki, mən arzularımdan, məqsədlərimdən hansına çatmışam, onlara çatmaq üçün nə etmişəm? Düşünür, düşünür və düşüncələr onu sanki uçuruma sürükləyir. Özünü taqətdən düşmüş hiss edir. Və ən acınacaqlısı da bu yorğunluq sadəcə yaşa dolanda insanı ağuşuna almır. Bəzən gəncliyinin ən şirin anlarında da özünü həyatdan bezmiş hiss edə bilirsən. Nədir bu duyğunu yaradan bəs?
Bəzən məqsədinə çatmaqdan ötrü verdiyin savaş, bəzən kiminsə duyğularını dəyişdirməyə çalışmaq, bəzən özünü anlamağa cəhd, bəzənsə bütün bunların boşa olduğunu düşünüb həvəsdən düşməkdir yorulmaq. İnsan digər canlılardan fərqli olaraq iki cür yorulur: həm fiziki, həm də ruhən.
Fiziki yorğunluq insanı yormaz, sadəcə fasilə verməyə vadar edər. Çünki yorulmaq yenidən başlamağa gücsüz hiss etməkdir. Hətta başlaya bilməməkdir. Məsələn, əkin üçün geniş bir tarlanı qazmaq gərəkir, başlarsan işin bir ucundan. Bir müddət sonra halsız hiss edər, dayanarsan. Yemək yeyərsən, su içərsən, dincələrsən və əvvəlkindən daha çox enerjin olar işə davam etməkçün.
Ruhən yorulmaq isə faciəyə bərabər bir duyğudur. Çünki təkrardan nə həvəsin olar, nə taqətin. Nəfəsin getdikcə azalar sanki. Nə vaxt eyni vəziyyətlə qarşılaşsan, bir böyük dağla üz-üzə dayanmışsan kimi hiss edərsən. Heç bir vaxt o dağdan daha hündür ola bilməyəcək və heç zaman o dağın ən başına çıxa bilməyəcəkmişsən kimi gələr sənə. Həyatda birini sevərsən məsələn, çox sevərsən. Həyat elə gətirər ki, ayrılıq qapında növbətçi durar və alar gedər sevgini səndən. Bir də o qapını aça bilərsənmi? Gedib sevgini layiq olmayanların ürəyindən çıxara bilərsənmi? Ya da başqa bir misal. Həyatla burun-buruna döyüşdüyün anlarda sənə dəstək olan, inanan və döyüşləri qazandıran bir dostunu itirmək, ailəndən birini itirmək qədər dəhşətli nə ola bilər ki? Həyat həqiqətən də zalımdı. Təkbaşına mübarizə aparasan deyə, dayağın olan hər kəsi alar qoparar səndən. Ya ölümün ümidsizliyinə atar, ya xəyanətin qollarına. Təslim olarsan bütün döyüşlərə, qılıncın sınar, sən yorularsan.
Bax budur yorulmaq. İtirməkdir, bir daha görə bilməməkdir, qürurdur, nifrətdir yorulmaq. Səsiylə səni hər şeyə həvəsləndirən birinin səsini eşidəndə dünyaya nifrət etməkdir yorulmaq. Sözləriylə sənə gerçəklərin var olduğunu anladan birinin sözlərini xatırlayanda var oluşuna üsyan etməkdir yorulmaq. Ən kədərli anlarında yanında olarsa, özünü yaxşı hiss etdiyin insanı görəndə özünü yaşayan ölü kimi hiss etməkdir yorulmaq və daha nələr, nələr.
Hər insan fərqli yorular. Bəziləri dinləməkdən, bəziləri danışmaqdan, bəziləri isə eşidilməməkdən yorular. İnsan ruhunu öyrətməlidir yorulmamağa ki, sonra belə dünyanın çuxuruna yuvarlanmasın. Özündən başqasına inanmamalı, güvənməməlidir ki, həyat ondan heç kimi almağa gərək duymasın. Heç kəsə layiq olduğundan artıq dəyər verməməlidir ki, özünü uca hiss edib səni ayaqlamasın.
İnsan özündən başqasına ehtiyac duymamalıdır ki, ruhu inciməsin, yaralanmasın, qəlbini parçalaya bilməsin heç kəs. Əslində öz əlimizdədir məhv etmək bu duyğunu. Həyatına heç kəsi səni incidə biləcək qədər yaxına buraxmasan, yorulmazsan da.

Baxış sayı: 704