Şərhlər
12.10.2015 / 15:28

Nəfsimin qurban – qətl günü

Nəfsimin qurban – qətl günü
Ayişə NƏBİ / İnform.az


Hz. İbrahim(ə) oğlunu qurban etməklə özünün dostluğunu sübut etdi. Oğlunu öldürmək nəfsini öldürməkdir. Ancaq Allah təala qoyun göndərərək insanın nəfsini öldürməsinə izn vermədi. Yoxsa şeytanın qiyamətə qədər olan möhləti başa çatardı və ilahi yazı yerinə yetməzdi. Bu öncədən bəlli olan yazının və ilahi qanunauyğunluğun, ilahi tarazlığın pozulmasına gətirib çıxarardı. Kainatda yaxşıyla pis, xeyirlə şər tarazlığı kimi şeytanla mələk tarazlığı da əbədidir.
Biz o gündən bu günə bayram edərək nəfsimizin yerinə hər dəfə bir heyvan kəsərək özümüzü bir illik sığortalayırıq. Hər il, ildə bir dəfə Allahla razılığa gələrək bir qoyun verib nəfsimizi bir illik qarantiyə alırıq. Qurban kəsirəm ki, qada bala bizdən uzaq olsun, anaların alqışındakı kimi “Allah zaminim olsun”. Allah bizə “zamin olur ki, qorxma, gələn bir ildə də nəfsinin başını burax, qoy atını çapsın”. Keçən bir ildəki günahlarımızı bir qoyuna yükləyib qoyunun qanıyla axıb bizdən uzaqlaşmasına inanırıq və ürəyimizə bir rahatlıq hissi gəlir ki, nə yaxşı qurban kəsdim, borcumdan çıxdım, deyə şükür oxuyuruq.(Niyə şükür demirik də, şükür oxuyuruq?)
Mən bu il qurbanlıq qoyun kəsməyəcəm. Mən bu il qurban yerinə nəfsimin başını kəsəcəm. Bu gün mənim nəfsimin qətl günü olacaq. Bir gün nəfsimin heç bir istəyinə “hə” deməyəcəm. Elə bilirsiniz bu asandır? Əlbəttə, bir qoyun kəsməkdənsə nəfsinə “yox” demək daha çətindir. Bu gün xalq arasında bir adı da ət bayramı olan gündə hamı, sanki bir qanunmuş kimi, ət yeməlidir. Təzə ətin qovurmasının, kababının qoxusuna kim dayana bilər? Hər kəs bu gözəl qoxunu dadmağa tələsir. Bu istəyin qarşısında dayanıb “yox“ demək olarmı. Bu qurban bayramı günü mən nəfsimə yox deyəcəm.
Həllac Mənsur bir dəfə tələbəsini çağırıb deyir “get mənə ən yaxşı quzu əti alıb bişir və ən gözəl çörəyi al, acmışam”. Tələbə heyrət etsə də gedib alır, gətirib Həllaca verəndə o quzu əti ilə əla növ çörəyi aralıda yatan itin qabağına qoyur və “ey nəfsim, ye”, deyir. Sonra izah edir ki, üç gündür nəfsim məni quzu əti ilə çörək yeməyə məcbur edir. Mən də onu alıb bu itə verirəm.
Bəli, nəfs insanın içində gəzdirdiyi itdir. İmkan versən hər şeyə tamah salar, başını buraxsan ağ-qara deməz, hər yola gedər, hər sözü danışar. Gəlin, ildə bir dəfə nəfsimizin ipini çəkək, öz yuvasına zəncirləyək. Gündə beş dəfə namaz qılıb, gündə beş kəlimə qeybət etsək, ya da beş kəlimə həsəd, qibtə etsək namazın savabı qalarmı? Yaxud içimizdən keçirdiyimiz qəflət hisslərinin fərqində oluruqmu? Hər ani hiss üçün də bir cavabdehlik var. Qorunmaq, sadəcə görünən, bilinən günahlar, işlər və sözlər üçün deyil. Allahın qoyduğu qurban daha bir fürsətdir, daha bir vasitədir ilahi pilləkanda addımlamağa. Adi günlərdə, doğrudan da adam sakit səssiz bir halda keçirir ibadətini və yaşayışını. Amma bu bayramlar bir coşqunluq yaradır, insan istər istəməz bir həvəslə, başqa bir ruh yüksəkliyi ilə yanaşır gündəlik işlərinə.
Qurbanlıq islamdan çox-çox əvvəllər mövcud olmuşdur. Əvvəllər, hətta insan qurban edilirdi. İsmayıl qurbanı ilə bu adət ləğv edildi. Artıq, sadəcə heyvanın qurbanlığı qəbul olunur. Qurbanın digər bir üstünlüyü və bəlkə də hikməti insanın qurban edilməsinin aradan qaldırılımasıdır. Ancaq qurbanın bir ət bayramı halına düşməsi yanlış hərəkətdir. Bu, insanın nəfsi üzərindəki hakimiyyətini, onu ayaqları altına almaqla Allaha bir addım daha yaxınlaşdığını hiss etməsinin vasitəsidir.
Nəfsim mənə get, özünə gözəl bahalı paltar al, deyir. Geyin, gözəl görün deyir, ən dadlı nemətlərdən ye, deyir. Xeyr, bu gün mən özümə ən gözəl, ən xoşuma gələn paltarı almayacam, gözəl görünməyə çalışmayacam. Allah gözəlliyi sevir, doğrudur, amma bu gözəllik mənim nəfsimi məmnun edirsə, o zaman bu mənim düşmənimdir demək. Onu qurban etməm gərəkdir. Budur mənim qurbanım, nəfsimin qurban olduğu gün, nəfsimin qətl günü.

Baxış sayı: 616