Baş xəbər, Mədəniyyət, Müsahibə
12.10.2015 / 12:56

“Yönsüz verilişlər bizi düşmənə qisasdan uzaqlaşdırır “

“Yönsüz verilişlər bizi düşmənə qisasdan uzaqlaşdırır “
Vətən acısını zülüm-zülüm içində daşıyan, hər hayqırtısında Azərbaycan adlı məmləkət boylanan, tanınmış qiraət ustası, Respublikanın Əməkdar artisti Ağalar Bayramovla səmimi söhbəti təqdim edirik:





- Ağalar Bayramov üçün vətən hardan başlayır?

- Bir işimiz başa gəlməz havayı,
Yüz Kərbəla, Məşhəd olsun, Həcc olsun...
Nəyimiz var bu Vətəndən savayı,
Bəs bu Vətən, bəs bu Vətən necə olsun?

Vətən mənim üçün insafdan başlayır, insafdan. Hələ başı üstunə bayrağı asmaq Vətəni sevmək deyil.
Adını, məkanı deməyəcəyəm, bir rayonun icra aparatından hər gün səhər saat 08.00-dan Azər Zeynalovun ifasında "Azərbaycan " mahnısının lent yazısı ucadan səslənir. Və o səs rayon mərkəzini başına götürür. Amma, gəlin görək orda işləyən məmurların o mahnıdan heç tükləri tərpənirmi? Əsla! Onların rayon sakinlərinə etdiyi əməllərlə o mahnı tərs-mütənasibdir. Rəhmətlik Səməd Mənsur demişkən: "Həpsi rəngidir". Vətəndaşa olan insafsızlıqla o tip məmurlar Vətəni vətəndaşın gözündən salırlar.
Odur ki, deyirəm-Vətən insafdan başlayır!
Lazım deyil, gözə kül üfürüb, çirkli pulla beş-on qaçqın, yetim-yesir saxlamaq. Qənim kəsilmişik bir-birimizə, gecə yatıb fikirləşirik ki, səhər neyləyək ki, bir az da qabağa düşək. İnsaf, rəhm bitən yerdə, Vətən də bitir.

- Öz-özünüzə tez-tez hesabat verirsiniz?

- Hər gün özümə hesabat verirəm, səhvlərimlə üz-üzə qalıram, etdiyim səhvə görə qovruluram, yanıram. Bəzən olur ki, başı əyilməlilərin yanında əydiyim başıma görə min günlüyüm geri düşür. Neynim, bu dünya belədir, başın var, başını başsızdan qoru, zarafat gəlməsin sənə bu dünya. Məmməd Arazın bu misraları hər gün göz önümdədir:
Tanrım, məni məndən qoru bu yaşda,
Hər döngəyə döndərməyim döngəmi,
Boyaqçıdan borc almayım rəngimi,
Zurnaçıya pay verməyim cəngimi.

Çalışıram ki, ləyaqətimi qoruyum, heç kəsin xətrinə dəyməyim, amma olmur,
haqsızlıqla barışa bilimirəm. Yaltağa, yalançıya, namərdə hiddətimi, qəzəb hissimi gizlədə bilmirəm. Boyalı yaşamaq mənə yaddır. Bilirəm ki, dövran rəngdən-rəngə girənlərin, quyruq bulayanların, özündən yuxarıların ayağını yalayanlarındır... Belə yaşamaq mənə yaddır, ömür bir dəfə verilir!

- Qızları əsirlikdə olan, sinəsinə dağ çəkilən, namusuna təcavüz olunan, müqəddəs yerləri, ölüləri tapdaq altında olan xalq belə “şıdırğı” gedərmi?

- Bu “şıdırğı”lar, bu yönsüz verilişlər, nə bilim bu meyxana müsabiqələri, şoular, nələr... bunlar hamısı bizi düşmənə qisasdan və torpaqlardan addım-addım uzaqlaşdırır. Əvvəl-əvvəl AzTV-dən mənim də iştirakımla " Vətən qürbətdə qaldı", “Dağlar dağımdı mənim", "Durnalar qayıdanda " adlı vətən sədalı, ovqatlı verilişlər efirə gedərdi. Və o verilişləri dinləyən ağsaqqal, ağbirçəklər, metroda, küçədə, toyda, hüzr yerində boynuma sarılıb deyərdilər: "Bala, sənə qurban olum, sənin səsinlə Göyçəyə, Dərələyəzə, Vediyə, Ağbabaya, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngəzura , Xocalıya qayıdırıq".
İndi o verilişlərin yerini görün nələr tutub... Baxın görün, yeniyetmə cavanlar hansı ruhda böyüyürlər. İndi onlar Vətən haqqında yox, musiqi müsabiqəsində yer almaq üçün münsiflər heyətinə yol tapmaq hayındadırlar. Doqquz milyonun bu qədər müğənnisi, xanəndəsi, meyxana deyəni olar? Asan işdir axı. Ərindən boşanan özünə əl gəzdirib, kompüterdə səsini düzəldib, ərinin acığına kilip çəkdirib, efiri "bəzəyirlər"....Budur günümüz-güzəranimiz.
1941-45-ci ildə gürcü rəssamı Toidzenin "Ana vətən çağırır!", rus rəssamı Dobrolyubovun "Sən könüllü yazılmısanmı?" plakatları ölkə boyu küçələri bəzəyirdi. Amma, baxın bu boyda yara, sitəm görmüş ölkəmizin tək bir yerində, Oğuz-Şəki yolunda yazilib ki, "Qarabağı , Xocalını unutma!" Vəssalam! Günah kimdədir? Yaxamızı kənara çəkməyək, günah səndə, məndə, xalq olaraq hamımızdadır! Çünki Əlinin papağını Vəlinin başına, Vəlinin də papağını Əlinin başına qoyanlarıq. Hər düdüyə əl çalıb ucaldanlarıq, yaltağıq, mənsəbpərəstik, var-dövlət hərisiyik, xülasə, Cəlil Məmmədquluzadə demişkən : " Başqa zadlarıq..."

- Ən çox nəyi dərd edirsiniz özünüzə?

- Məni daima üzən biganəlikdir, laqeyd olmaqdır, "əşi...." deyib yaşamaqdır, " Mənə nə var?" deyib ömür sürməkdir. Biganəlikdən başlayır faciələrimiz.

- Sərt görünüşünüz var, yoxsa təbiət etibarı ilə sərt insansınız?

- Bəli, bəzən çox sərt oluram, o da elə-belə olmur, naqislikləri həzm edib yaşaya bilmirəm. Bu ondan irəli gəlir. Amma, mənim bahar buludu kimi dolan anlarımı görməmisiniz. Mən güləndə gülürəm, yalandan kiməsə xoş gəlsin deyə, şit-şit irişib qımışmıram, ağlayanda sızıldamıram, hönkürüb ağlayıram. Bəziləri nifrətini gizlədib, yalandan qımışır.... Mənim isə nifrətim-nifrətdir, məhəbbətim də məhəbbət! Mən səhnədə, mikrofon qarşısında başqalaşıram, həyatda necə varamsa, elə o cürəm!

- “El üçün ağlayan göz kor olar" deyiblər. Xalqın, millətin halına necə yandığınız səsinizdən duyulur…

- Mənim üçün iyirminci əsrdə dörd böyük dahi var: Cəlil Məmmədquluzadə, M.Ə.Sabir, Ü. Hacibəyov və H. Cavid. Bu dahilər üçün millətin kədəri öz kədərləri, sevinci öz sevincləri olub. Mən dahilərin dırnağı da ola bilmərəm və deyiləm də, amma, onların nə çəkdiyini hər gün mən ürəyimin süzgəcindən keçirirəm. Mən Ucar rayonun Boyat kəndində doğulmuşam, amma, mənim ürəyim Göyçənin Ağkilsə kəndində Aşıq Ələsgərin, Kəlbəcərin Ağdabanında Dədə Şəmşirin, Ağdamın Abdal-Gülablısında Səxavət Məmmədovun məzarları yanındadır. Hər gün göz önümə gəlir əsirlikdə inləyən soydaşlarımızın naləsi. Birdən süfrə başında fikir məni üzür: "Görəsən Şuşa(!) türməsində Dilqəmin, Şahbazin vəziyyəti necədir bu dəqiqə". Göz önümdən getmir Əliyar Əliyevin, Allahverdi Bağırovun didərgin ruhları. Şuşanın düşmənə, düşmənin Şuşaya , Qarabağa gedən qatarın Ucara öyrəşməsinə dözə bilmirəm. Neyləyim, biganə qala bilmirəm bu dərdlərə. Rəhmətlik Rəsul Rza demişkən , "Yaman olur anlamaq dərdi”.

- İndi hamı bir-birini itələyir ki, lider özü olsun. İnsanlarda yararan bu mənəm-mənəmlik iddiası niyə durmadan güclənir?

- Özümüz, yalnız özümüz. Rəhmətlik Bəxtiyar Vahabzadə demişkən:
Bir nəfərin yanmağından nə çıxar,
Xalq yanmasa, dönüb millət olammaz!
Tayfa mərəzindən qurtara bilmirik.


- "Ziyalılar" sözdə vətənə qurban olub, orden, medal, ev növbəsinə dayanırlar. Ölkəsində ziyallısı belə olanın, sıravisindən nəsə gözləmək mümkündürmü?

- Ziyalı nə qədər ki, "icazəli cəsarət"lə danışacaq, o ziyallı, ziyankarlıqdan başqa bu millətə heç nə verməyəcək... Ziyallı, Şıxəlı Qurbanov, Xudu Məmmədov, Aydın Məmmədov, Azad Mirzəcanzadə, Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə, Fərman Kərimzadə, Məmməd Araz, Qulu Xəlilov kimi və s. insanlar idi... Bütün dövrlərdə xaraktersizləri malalayanların, qatığı öz rəngində görməyənlərin, züy tutanların , meydanları geniş olub. Bu adamlar imtiyazlardan geninə-boluna istifadə ediblər. Yolumuz durulmaqdan keçir.

Orda bulanıq su hopur torpağa.
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.


Allah -Təala bizə müstəqil Azərbaycanı şəhidlərimizin qanı bahasına bəxş etdi. Gərək xeyirxah əməllərimizlə bu Vətəni çıraqbana döndərək, bu dövləti göz bəbəyi kimi qoruyaq. Onun üçün mizan-tərəzi pozulmamalıdır, hər kəs öz layiqli işinə görə gərək qiymətini alsın.
Gövhər də çatlayıb üzülər tamam,
Sərrafdan almasa düz qiymətini…


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 644