Elm-təhsil
12.10.2015 / 12:34

“Dərsliklərdə Azərbaycan dili öyrədilmir”

“Dərsliklərdə Azərbaycan dili öyrədilmir”

Dilçilik İnstitutu: "Müəllim 45 dəqiqə ərzində ədəbi dildə danışmır"

““Azərbaycan dili” dərsliklərində daha çox normativ-qrammatika öyrədilir. Dərsliklərdə Azərbaycan dilini öyrətmirlər, əsasən Azərbaycan dilinin nəzəri, qrammatik əsaslarını öyrədirlər”. İnform.az xəbər verir ki, bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov deyib.
O bildirib ki, orta məktəblərin “Azərbaycan dili” dərsliklərində canlı dil qabardılmır: “Biz sırf canlı dili dərsliklərdə görə bilmirik. Məsələn, dərsliklərdə gələcək zamanın – "acaq", feili bağlamanın – "ıb" şəkilçiləri əsasında nümunələr verilir və uşağa izah olunur ki, filan sözün qrammatik göstəricisi bundan ibarətdir. Ancaq çalışmaq lazımdır ki, dərsliklərdə canlı dilin özü təqdim olunsun”.
Ş. Məmmədov qeyd edib ki, vaxtilə Azərbaycan dilinin qrammatikası rus dilinin qrammatikası əsasında yazılıb: “İndi həmin qəlibdən çıxa bilmirik. Mən tez-tez rayonlarda oluram. Azərbaycan-dili ədəbiyyat müəllimləri, habelə şagirdlər ləhcədə danışırlar. Müəllim 45 dəqiqə ərzində ədəbi dildə danışmır. Məsələn, cənub bölgəsində ədəbi dildə danışan müəllimi mən çox az görmüşəm. O cümlədən də şagirdlər. Bu tək cənub bölgəsinə aid deyil. Nəticədə isə dildə həm normativ-qrammatikanın, həm ləhcə və dialekt ünsürünün üstünlük təşkil etməsi insanların fikrini səlis ifadə etməsinə maneçilik törədir”.

Baxış sayı: 202