Siyasət
12.10.2015 / 10:10

Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti təsis edilib

Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti təsis edilib Oktyabrın 10-da Vyetnamın Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransı keçirilib.

Azərbaycanın Vyetnamdakı səfirliyindən verilən məlumata görə, tədbirdə Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədrliyinə və İdarə heyətinə seçkilər keçirilib. Vyetnamın Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti Nqiem Vu Xay Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin seçilib.

Nqiem Vu Xay çıxışı zamanı Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin iki ölkə arasında tarixən mövcud olan dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə inandığını bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov iki ölkə arasında tarixi dostluq münasibətlərinin əsasının Vyetnam prezidenti Xo Şin Minin 1959-cü ildə Azərbaycana və Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərləri ilə qoyulduğunu vurğulayıb. Səfir A. İmanov 2014-cü ilin 18-19 may tarixlərində Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin və 2015-ci ilin 13-15 may tarixlərində Vyetnam prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Vyetnam parlamentin sədr müavini Uonq Çu Lu Azərbaycanda təhsil almış vyetnamlı olaraq dostluq cəmiyyətinin təsis olunmasından qürur hissi keçirdiyini qeyd edib və təşkilatın bir üzvü kimi əməkdaşlığın inkişafına dəstəyini davam etdirəcəyini söyləyib.

İnform.az

Baxış sayı: 350