Baş xəbər, Mədəniyyət, Müsahibə
10.10.2015 / 15:09

Zabit Nəbizadə: “Bu gün efirlə toy seçilmir”

Zabit Nəbizadə: “Bu gün efirlə toy seçilmir”
“Əlli yaşım var, kirayədə ömrü başa vururam”

İnform.az Respublikanın xalq artisti, Bakı Musiqi Kollecinin müəllimi, dəyərli muğam ifaçımız Zabit Nəbizadə ilə milli mədəniyyətimizlə bağlı olan söhbəti təqdim edir:

- Zabit müəllim, Azərbaycan mədəniyyətinin cəfakeş nümayəndələrindən birisiniz. Milli mədəniyyətimizin bu günkü vəziyyəti sizi qane edirmi? Oxucularımıza yeni planlarınızla bağlı məlumat verəcəksiniz, yoxsa bəzi həmkarlarınız kimi sirr deyib sürpriz edəcəksiniz?

- Əvvəla mən sizə xüsusi minnətdaram ki, şou aləminin nümayəndələrinə başınız qarışıb, biz xanəndələri unutmursunuz.

- Borcumuzdur.

- Vallah, heç bir planım yoxdur. Tələbələrim var, birlikdə onlarla öyrənirik, öyrədirik. May ayında mənim əlli yaşım oldu. Ancaq Avropa oyunları ilə bağlı bu yubiley qaldı. Ancaq bu yaxınlarda Şamaxıdan yenə zəng gəldi ki, gəlin, yubileyi qeyd edək. Hələ fikirləşirəm, gedim-getməyim. O qədər həvəsim qalmayıb. Əlli yaşdır da, daha qocalığa doğru gedirik. İndən belə şam üfürmək mənə ayıb gəlir. Uşaq deyilik ki, hər il ad günü keçirək. Utanıram, bilmirəm niyə. Bəlkə beş-altı nəfərlik bir konsert proqramı ilə şamaxılıları sevindirdik. “Şirvan və Qarabağ” muğam ifaçıları iki gün konsert proqramı ilə çıxış edəcək. Nəzərimdə tək budur.

- Köhnə ilin yekununda və ya yeni ilə solo konsert, yeni albom gözlənilirmi?

- Bu dəqiqə mənim elə vaxtımdır ki, ayda bir dəfə solo konsert verə bilərəm. Amma iş təşkilatçı və sponsordan düşəndə qalıram əlacsız. Xanəndə konsert verəndə məşq edib səhnəyə çıxmalıdır. Mən bu gün efirlərə də baxıram, toylara da gedirəm. Aləm dəyib bir-birinə. Efirlə toy seçilmir. Bəzən görürsən ki, konsertdə toy mahnıları səslənir. Konsertin-konsert proqramı olmalıdır, toyun-toy, efirin-efir. İndi konsert deyəndə salon pulu, dəvətnamə paylamaq yada düşür.
Yəni bütün bunları deməkdə məqsədim odur ki, konsert vermək mənim üçün sənətimi nümayiş etdirməkdir. Mən də Bayaq da dedim, ayda bir dəfə konsert verərəm. Mən oxumaqdan qorxmuram. İki dəfə konsert verdim, çox əziyyət çəkdim. Səhnəyə çıxana kimi bilet və dəvətnamə payladım. Hamı zəng edir ki, Zabit, mənə bilet və ya dəvətnamə verməyi unutma. Ay qardaş, konserti təşkil etməmişəm ki, dədə xeyratı verəm…
İşıq pulu Zabit gəl, yer pulu Zabit gəl ödə, Mən də düşündüm ki, konsert verməkdən mənə qalır quru hamballıq. Kimsə konserti təşkil etsə, gedim oxuyum, qonarırımı versin sağollaşım. Canlı oxumaqdan qorxmuram, çəkinmirəm. Mənim üçün xoş olar ki, məşq edim, mütaliələr edim, rahatca gedim üst-başı təmiz oxuyum, hörmətlə gəlim evimə.

- İfadələrinizdən belə anlaşılır ki, sponsursuz çətindir sənətdə addımlamaq?

- Bəli, bəli elədir. Konsert təşkil edən ifaçı bilet paylamaqdan yorulmamalıdır, konsertdən sonra canlı ifalardan yorulmalıdır. O da xoş yorğunluq olmalıdır. Əlibaba Məmmədov cavanlıqda toylara dəvət alarmış. Oxuyub, qurtaranda toy sahibi yaxınlaşıb xanəndəyə deyərmiş ki, çox sağ ol, çox sağ ol. Əlibaba müəllim də hirslənib deyərmiş ki, “dünən iki sumka çox sağ olla bazara getdim, bir dəstə göy vermədilər. Mən barmaq soracağam bəyəm? Pulumu verin də.”
İndi daha mənim də o yaşım deyil ki, gedim nəyisə nəyləsə qarışdırım. Əlli yaşım var, nə qabaqkı kimi toyum yoxdur, nədə ki, gedib toyda səkkiz saat oturmağa dözümüm. İstəsək də, istəmsək də yaş öz işini görür. Əvvələr bir televiziya vardı, hər adam da efirə buraxılmazdı. Amma indi toy efirdədir, efir də toyda.

- İndi əl catmaz sənətçi varmı?

- Bizim vaxtımızda efirdə kim oxuyurdusa, ona həqiqətən göydəki, ulduza baxın kimi baxılırdı. Sənət də zirvədəydi, sənətkar da. İndi isə elə əl çatmaz sənətçi yoxdur. Səhər evdən çıxanda bu fikri evdəkilərə də dedim. Bir dənə bu gün əlçatmaz sənətkar qalıb oda Zeynəb Xanlarovadır. Nə toya getmədi, nə küçə-dükanda gördüm deyən olmadı. Efirdə konsert proqramları olurdu, biz özümüz də gecə saat iki-üçə kimi tək onun ifasını gözləyirdik ki, hərə bir mahnı ifa edəndə, Zeynəb xanım iki mahnı oxuyardı. Amma indi bir gündə elə olur üç efirdə görürsən bir müğənnini, üstəlik də axşam toyda. Ona görə əl catmaz, ün yetməz ifaçı yoxdur. İtib hər şeyin yöntəmi.

- Əvvəlki bir fikrinizə qayıtmaq istəyirəm. Dediniz əlli yaşınızı tamamladınız. Yubleyiniz oldu. Dövlət tərəfindən bir mükafat, fəxri ad hədiyyə olundumu?

- Yox-yox, qətiyyən. Amma gözləyirdim, nə yalan deyim. Çünki tələbələrim var prezident mükafatı alıb. Amma mən yox. Ən azından ona görə ki, mən müsabiqədə hər il neçə-neçə tələbə hazırlayıram. İyirmi beş ildir bu xalqa xidmət edirəm. Xidmətimi də damla-damla yığmışam. Mən dəfələrlə toylarımdan, yəni çörəyimdən imtina edib nazirliyin göndərdiyi səfərlərə getmişəm. Mənim dükanım, obyektim, sexim, villam, bahalı maşınlarım yoxdur. Mənim çörək yerim səsimdir. Mənim dövlət tərəfindən nə evi, nədə ki, prezident təqaüdüm, mükafatım yoxdur. İlk dəfə deyirəm bunu. Mən niyə kirayədə yaşamalıyam. Əlli yaşım var, kirayədə ömrü başa vururam.

- Sizə qarşı olan dövlət biganəliyi nədəndir?
Zabit Nəbizadə: “Bu gün efirlə toy seçilmir”
- Bilirsiniz, təqdimat olmalıdır. Prezidentin bu məsələdə günahı yoxdur. Mən özüm də bir az laqeyidəm, qapı döyüm, təqdimat yazım, yaltaqlıq edim, mənlik deyil. Sakit durub gözləyirəm, olar da sağ olsunlar, olmaz da sağ olsunlar. Televiziyalardan biri ilk dəfə mənim ad günümdə sürpriz etdi. Tort kəsildi, təbriklər, şanlı sözlər söylənildi. Bu yaşıma kimi ilk dəfə belə təbrik edildim. Amma ürəyim açılmadı desəm yalan olar. Ummuram, çünki utanıram.

- Olur ki, peşmançılıq çəkib deyəsiniz kaş başqa sahəni seçərdim, daha çox gəlirim olardı. Mənim də çoxları kimi evim, bahalı maşınım, villam olardı?

- Son vaxtlar çox gileylənirəm. Heyif bu sənətdən ki, mənim on beş il bundan əvvəlki gördüyüm sənət adamları dəyişib. İyirmi beş ildir gəlmişəm bu səhnəyə, amma hələ də mən öyrənirəm deyirəm. Dünən çıxan göbələklər bu gün deyir gül açmışam. Dörd aylıq müsabiqə yolu ilə çıxır, mən və ya digər ustadlar seçirik, yol göstəririk. Sabah məndən də populyar olur, məndən də çox pul qazanır, məndən “xod” gedir toyda, məni də saymır. Bizim kimi sənətkarlar qalır kölgədə.

- Məncə qəbul edərsiniz, günah özünüzdədir. Siz niyə kölgədə qalırsınız?

- Onda gərək tələbə hazırlamayaq, ya da sərt olaq, mənəm-mənəm deyək. İndi toy yiyəsi qalır bir tərəfdə, müğənni ev sahibliyi edir toyda. Mən elə sənətçi necə olum? Elə şeyləri özümə yaraşdıra bilmərəm. Ömrüm boyu belə hərəkətlər etmərəm. Taksi şoferi işləyərəm. Ancaq, sənəti ucuzlaşdırmaram. Məni xalq dolandırır, ona xəyanətkar ola bilmərəm. Heç vaxt özümə qiymət qoymamışam. Amma vallah, tələbələrim məndən baha gedir toylara.

- Şou aləmindən baş açırsınız?

- Yox vallah, o aləmin öz seyrçiləri var. Son vaxtlar televiziyalara baxa bilmirəm. Senzura itib, sənət gizlənib. Hayıf o sənətdən ki, cırıq şalvarlılar, sırğalı kişilər, saqqallı ifaçılar efirimizi zəbt edib. Axı bizim milli dəyərlərimiz var. Kimə özlərini reklam edirlər, bilmirəm. Saqqalnan sənət tutmur. Ya saqqal saxla? get mollalıq elə, ya da üzünü qırx adam kimi ifanı təqdim elə. Efirlər beləsini dəvət etməklə nə demək istəyilər bilmirəm.

- Xanəndə qadınlar şalvarla çıxıb ifa edəndə şou əhlinin nümayəndələri də ekrana saqqalla da çıxacaq, cırıq şalvarla da.

- Düzdür, razıyam. Ancaq gərək düzələk. Saytınız vasitəsilə müraciət edirəm, gəlin, orbitimizdən çıxmayaq.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 1462