Şərhlər
09.10.2015 / 13:58

Şərqin antinobeli olmalıdır

Şərqin antinobeli olmalıdır
Xanəmir TELMANOĞLU | İnform.az


Ey dili qafil fil faili məchul fani f....


Həmişə düşünürəm ki, xristian dünyasının bir Vatikanı olduğu halda müsəlman aləminin nədən bu missiyanı yerinə yetirən, Vatikan statusunda iş görə biləcək bir mərkəzi yoxdur. Qoy müsəlmanlar min yerə parçalansın, əşşi, neynirlər mərkəzi, birləşməyi. Avropa şərqə çox şeyləri verir. Ama verdiyi o şeylərin altında sayğı, sevgi deyil, aşağılayıcılıq, gözdənsalma, ikinci sinif insani münasibətlərini də açıq-qapalı nümayiş elətdirir. Demokratiya, qloballaşma adı altında ikili siyasətlələrindən də vaz keçmir.
Dünyaca ünlü qırğız yazarı Çingiz Aytmatov dünyasını dəyişəndən sonra məni bu yöndə düşündürməyə sövq etdi. Sövq etdi ki, ey dili qafil, nədən Avropanın verməyə Nobel mükafatı olsun da, qocaman Şərqin bu səviyyədə, bu məbləğdə Nobel mükafatı təqdim etməyə gücü-mükafatı olmasın? Birincisi, Nobelin pulları da Bakı neftinin hesabına təşkil olunub. Yaxşı olardı ki, elə bu təşəbbüsü də Azərbaycan, rəsmi Bakı ələ alardı. Həm də Nobelin əksi olaraq Şərqdə bu mükafatı təsis eləməyə məntiqi cəhətcən uyğun gələn variantlardan birincisi Bakının təşəbbüsdə bulunması məsələsidir. Bunu ən azından ona görə yapmaq lazımdır ki, Nobel mükafatı verilən gündən üzdə səmimiyyətini artdıcıl şəkildə qorusa da, pərdə arxasında ikili, üçlü oyunlarını oynamaqdan bir dəm də geri qalmayıb. Bu xüsusda digər bir məsələ isə, antinobel mükafatı kimi bir mükafatın yaradılması heç olmasa türk dilli dövlətlərin arasında rəsmiləşdirilərək türk dünyası yazarlarına, siyasilərinə, elm adamlarına verilməsi istiqamətində misilsiz bir mədəniyyət hadisəsi, mədəni inqilab sayılardı. Hətta 1 milyon 400 min ABŞ dollarına yaxın bir məbləği əhatə edən bu qeyri -səmimi mükafatın təsir gücünü öldürməkdən yana yaranacaq olan alternativ türk dünyasının ortaq mədəniyyətinin yüksəlməsi naminə nəzərdə tutulan mükafatı lap 2 milyon ABŞ dollarına qaldırmaq yerinə düşərdi. İndi öz aramızdı, bu məbləğdə dəyəri olan bir mükafatı hər hansı bir yazar, alim, siyasi öndər, lider əldə etmək üçün hansı yollardan keçməz, zəhmətlərə qatlanmz. Məncə, Avropanının demokratikləşməsində Nobel mükafatının illərdir ki, psixoloji baxımdan az töhfəsi olmayıb.
Avropa Çingiz Aytımatov kimi bir dev yazara bu mükafatı açıq-açığına vermək istəmədi. Bunun əvəzində o mükafatı qaldırıb öz millətinin əleyhinə hədyanlar guppuldadan, xalqını aşağılayan kimliyi naməlum, yazdıqları Qərb, Amerika yazarlarının stilistika, üslub, mövzu baxımından “kopirovkası” olan sıradan bir yazara, Orxan Pamuka verildi. Doğrudur, nə qədər olmaya bu jestin özündə bir xoş ovqat, sevindirici görünrtü də əskik deyil. Ama heysiyyatı bu qədər tapdalayıb, hisslərimizlə bu qədər oynayıb sonra da onun üzərinə yağı belə şəkildə çəkməzlər. Nobel verirsən verirsən, bunu niyə Çingizə deyil, Orxana verirsən. Bu məsələnin mahiyyəti hər kəsə bəlli olduğundan yazmaq istəmirəm. E.Lavensinin bir sözü yadıma düşür: “Hər cür qüvvə bir gün tükənir. Tarixi yönəltmək gücü axıra kimi davam etməz. Avropa bu imtiyazı üç min il əvvəldən Asiyadan əldə etdi, indi nə vaxta kimi qoruya biləcək?” Avropa Nobel mükafatını uzun sənələrdi o qədər yanlış yerlərə, yanlış hadisələr üzərinə yönəltdi ki, bu mükafatın sevinci yalnız indi o mükafat olaraq verilən pulun miqdarına dikilib, daha o mükafatın gətirəcəyi seçilmişlik, fərqlənmə, doğrudan -doğruya özünəməxsusluğa, nələrisə dəyişməyə deyil.
Təsəvvür edin, türk dilli dövlətlərin parlamentləri arasında qaldırılıb, dövlətləri səviyyəsində təsis olunan bu misilsiz mükafatı yaxın günlərdə 2 milyon ABŞ dolları məbləği və diplomuyla, məsələn Bakıda, Ankarada Çingiz Aytımatova təqdim edirsən. Yaxut Oljas Süleymenova, İsa Hüseynova, Sabir Əhmədova, ya da Sezai Qaraqoça. Bax, mən onda tarixə tarix, mədəniyyətə mədəniyyət deyərəm. Hətta nə vaxtsa təsis olunancaq Nobel səviyyəsundəki mükafatı türk dünyası təsis etməsinə baxmayaraq, onu bütün dünyanın ən ideal, maraqlı, insanlıq naminə, ədalət naminə yazan, çalışan insanlarına da təqdim etmək olardı. Ondan sonra, sizə deyirəm, baxın görün, şərqdə nə qədər dondurulmuş məsələlərin müsbət istiqamətdə məğzi dəyişəcək.

Baxış sayı: 853