Baş xəbər, Mədəniyyət, Müsahibə
08.10.2015 / 14:09

“Aktyorlarımızı tamaşaçıların əlindən zorla almışam”

“Aktyorlarımızı tamaşaçıların əlindən zorla almışam”
Bəxtiyar Xanızadə: "Boş-boşuna vurnuxmaqdan qorxuram"

Azərbaycan aktyoru və rejissoru, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Respublikanın Xalq artisti Bəxtiyar Xanızadə teatr və tamaşaçı münasibətlərindən danışdı:



- Bəxtiyar müəllim, mahnıda deyildiyi kimi “Ömür ötür keçir, aram-aram…”

- Bəli, ömür gedir, yaş ötür. Səhhətim də yaşla bağlı gah belə, gah da elə olur. Ömür keçir, yaradıcı insansa hey yaşamaq, yaratmaq üçün çabalayır…
Yeni mövsüm açılıb. Allahın köməkliyi ilə xırda-xırda işlər gedir. Bax belə. Nə deyim, hələ ki, qeyri-adi dəyişikliklər yoxdur.

- İyirmi bir yaşlı fərqli bir teatrın rəhbərisiniz. Bu illər ərzində qazandığınız uğurların, yoxsa uğursuzluqlarınızın sayı daha çox olub?

- İyirmi bir il bir igidin ömrüdür. Bir teatr on ilə dağılmırsa, deməli orda nəsə var. Teatra axın o qədərdə ürək açan olmasa da, nəzərdə tutulan iş çoxdur. O ki, qaldı tamaşaçıların teatra az üz tutmasına, bunun səbəblərini açıqlamaq istəmirəm. O səbəblərin ancaq düzəlməsini və aradan qalxmasını ümid edirəm. Hazırda ən önəmli fikirim gəncləri bir yerə yığmaq, sayı artırmadır. Ötən mövsümdə işçilər arasında xəstələnən çox oldu, analıq məzuniyyətinə gedənlər oldu. Ona görə bu il əsas işimiz köhnə tamaşaların pərpası olacaq. “Hamleti” təhvil vermişik. Onu göstərəcəyik. Aktyorların hazır işləri var, ancaq mən heç vaxt öncədən o işlərin adları çəkmək istəmirəm. Amma məlumat üçün deyim ki, iş gedir. Uğurlarımız bu iyirmi bir ildə daha çoxdur.

- Yəqin razı olarsınız. Sizi Azərbaycandan daha çox xaricdə yaxşı tanıyırlar. Belə çıxır ki, pantomima hələ bizdə o qədər dərk edilmir?

- Mən bacardığım qədər bunun təbliğinə çalışıram. Yəni üzərimə düşən işi layiqincə görürəm. Dünya üzrə pantomim teatrı çox zaman fərdi ehtiyacdan yaranan bir teatr növüdür. Müasir insanlığın doxsan doqquz faizindən də çoxu bütün fikirlərini sözlə ifadə edir və susmağa, bədən ifadələri ilə danışmağa ehtiyac qalmır. Qalıbsa da, çox az faiz qalıb. Məhz o az faiz öz ehtiyacını ödəməkdən ötrü belə bir teatra ehtiyac duyur və yaxud gedib bu tamaşalara baxır. Hər adam bədəni ilə danışmaq qabiliyyətinə malik deyil. 1994-cü ildə pantomim teatrını yaradan səbəb də mənim bədənlə danışmaq ehtiyacımdan irəli gəldi.
Bizim teatrlarımızın çoxu ölkədən kənara çıxmır. Ancaq Dövlət Pantomim Teatrı yarandığı gündən yəni 1994-cü ildən bu yana xarici ölkələrdə samballı çıxışlar elədik, dörd-beş dəfə Fransada, beş dəfə Almaniyada, beş dəfə Avstriyada, Hollandiyada, Bolqarıstanda, Türkiyədə, Misirdə və digər ölkələrdə qastrol səfərlərində olub.
Amma niyə xarici ölkələrdə bizim teatrın tamaşalarına tələbat böyükdür, Azərbaycan da yox? Onu deməkdə cətinlik çəkirəm. Heç vaxt olmayıb ki, tamaşanı oynayıb qurtaraq və çıxaq gedək otelə. Biz tamaşanı bitirəndən sonra elə vaxt olub ki, aktyorlarımızı tamaşaçıların əlindən zorla almışam. Demişəm ki, onlar dincəlməlidirlər, işləri hərəkətlə bağlıdır, güclü işləyirlər, tər içindədirlər, qoyun dincəlsinlər. Azərbaycanın demək olar ki, teatr tamaşaçısı da kifayət qədər bizim teatrı tanıyır və tamaşalara gəlir. Bizdə teatr tamaşaçası elə bil ki, süniləşib. Əsas fikrim odur ki, axın böyük deyil. Bizdə kifayət qədər fasilələr oldu. Aktyorların bir hissəsinin, yəni kollektivin hər dəfə yenidən bərpası zamanı baş verən fasilələr də teatra mənfi təsirini göstərdi. Teatrın məkanı dəyişdi. Yəni bu kimi mənfiliklər yaşansa da, biz yenə də yorulmadıq və üzərimizdə çalışdıq və çalışırıq da.

- “Danışmaq gümüşdürsə, susmaq qızıldır”. Bu misala söykənib, hər kəsin danışdığı bir dövrdə susmağa qərar verdiniz?

- Aktyorluq fakültəsini bitirmişəm. Heykəltəraşlığa daha çox həvəsim olub. Bədən pozaları, insan halının bədəndə müəyyən jest, vəziyyət, görünüş hesabına danışığı deməkdir. Mənim buna daha çox meylim var idi. Bizim teatr da məhz bədənin dilidir. İnsanın keçirdiyi hissləri bədənin dili ilə göstərməsidir. Məndə də bunu etməyə bacarıq və qabiliyyət vardı.
Mənim üçün bədən dili daha cətindir. Mən bu dildə daha yaxşı danışa bilirəm. Onu da qeyd edim ki, bizim fəaliyyətimizi Mədəniyyət Nazirliyi hər zaman dəstəkləyir.

- Bəxtiyar Xanızadə aktyorluq fakültəsini bitirdı, filmdə rol aldı. Ancaq sonra da rejissor kimi fəaliyyətə başladı. Səbəb nə oldu ki, aktyorluqdan uzaqlaşdı?

- 1977-ci ildə rəhmətlik Vaqif İbrahimoğlu studiya açırdı, mən də onlara qoşuldum. Məhz o vaxtlar Vaqifin tutduğu yol mənə daha yaxın idi. Daha sonra mən əsgərliyə getdim arada yaranan bu fasilədən sonra qayıdanda Vaqif müəllim istiqamətini dəyişmişdi, mən də o istiqamətdə işləmək istəmədim və başladım rejissorluq işinə.

- Bəxtiyar müəllim, sizin işinizə, him-cimlə danışmaq sənəti də deyirlər, bu fikir xətrinizə dəymir ki?

- Mənimçün deyilən fikrin fərqi yoxdur. Əsas odur ki, tamaşaçı him-cimimi başa düşsün.

- Pantomim Teatrı xarici səhnələrdə ən çox çıxış edən teatrlar sırasındadır. Ancaq uğurları haqda çox nadir hallarda məlumat verir. Buna səbəb nədir?

- Niyə müsahibə vermək istəmirəm? Bilmirəm,yəqin qocalmışam. Teatr təzə -təzə yararanan vaxtlarda iddiam özümü təsdiqləmək idi, indi isə fikirləşirəm ki, niyə təsdiqlənmək üçün özümü təqdim etməliyəm? Tamaşaçı ilə ünsiyyət varsa, məncə əlavə sözə ehtiyac yoxdur.

- Sizin teatrda truppanın tərkibi tez-tez dəyişir. Səbəb nədir?

- Çox qəribədir, bu gün insanları yaradıcılıq axtarışlarının nəticəsi yox, truppanın tərkibinin niyə dəyişməyi maraqlandırır.Teatr canlı orqanizmdir, bir nöqtədə dayanıb qala bilməz axı. Truppa üzvlərinin dəyişməsi də normal və təbii prosesdir. Belə olub və olacaq da. Niyə heç kimi maraqlandırmır ki, heç bir hazır zəmin olmaya-olmaya, iyirmi bir ildir bu teatr yaşayır. Mədəniyyət və İncəsənət Universiteti xüsusi olaraq pantomim aktyoru, rejissoru hazırlamır, dram əsərləri yazılmır, bunların hamısını özüm təmin edirəm. Son illərdə isə dediyim kimi, tələbələrim də özlərini həm rejissorluqda, həm də dramaturqluqda uğurla sınayırlar. Bu möcüzəni görən çox azdır. Etdiyini demək təvazökarlıqdan uzaq sayılır, susanda da heç kim qədrini bilmir.
İşləməkdən, öyrətməkdən, öyrənməkdən yorulmamışam. Çabalayıram, amma vurnuxmaq istəmirəm. Boş-boşuna vurnuxmaqdan qorxuram. İnşallah yaxşı olacağına inanıram…


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 559