Şərhlər
08.10.2015 / 13:28

Təki gec olmasın

Təki gec olmasın
Səmra KƏRİMLİ / İnform.az


Bu dünyada heç nəyin ikinci bir bənzəri yoxdur. Hər şey fərqlidir. Hətta bir qırmızı rəng belə digərindən fərqlidir. Eləcə də insanlar. İnsanlar da bir-birindən kəskin fərqlənir. Həm görünüşləri, həm xasiyyətləri, həm də düşüncələriylə.
Görünüşlərinə görə heç kəsi qınamağa və ya incitməyə haqqımız yoxdur. Çünki hər bir canlı Allahın bir əsəri, möcüzəsidir. Hər kəs xarici görünüşündə təmizliyinə və səliqəsinə cavabdehdir.
Söz açacağımız mövzu insanların xasiyyət və düşüncələrində rast gəldiyimiz fərqlərdir. Nəyə görə eyni cəmiyyətdən fərqli dünyagörüşlü insanlar çıxır? Bu fərqi yaradan nədir? Cəmiyyətmi insan düşüncəsinə təsir edir, insanmı cəmiyyətə?
İnsan doğulur və artıq ətrafımızdakı cəmiyyətin bir üzvüdür. Müəyyən yaşa qədər o cəmiyyətin doğru saydıqları ilə tərbiyə olunur, böyüyür. Özünü dərk etdiyi yaşa çatdıqda, doğru və yanlışı öz iradəsilə fərqləndirməyi bacaranda isə cəmiyyətin ona bu günə kimi dediklərinin bir hissəsi artıq əhəmiyyətini itirir. Müstəqil bir fərd kimi qərar verir, düşüncələri formalaşır və cəmiyyətdəki hər kəs kimi o da xüsusi və onu o edən düşüncələrə sahib olur. Bu düşüncələr cəmiyyət üzvlərinin çoxunun düşüncələriylə eyni olmadıqda o qınaq obyektinə çevrilir.
Hər kəs digərindən fərqli və özünəməxsus xəyallar qurar, qəlbində bir ümid böyüdər. İnsanlar çox zaman gerçəkləşməsi mümkün olmayan və ya çətin olan şeyləri qınayar, gülüş hədəfinə çevirər. Lakin etiraf etməyə belə çəkinərlər ki, onların da bu kimi arzuları vardır. İnsanlar fərqli düşünərlər. Kimisinə görə hörmət anlayışı ümumi xarakter daşıyır, yəni hər kəsə hörmət etmək borcumuzdur. Kimisi isə düşünür ki, hörmət qazanılan məfhumdur. Kim layiqdirsə ona hörmət etmək lazımdır. Bu situasiyada deyə bilmərik ki, kim haqlıdır, kim haqsız. Çünki subyektiv fikirlər fərqli ola bilər. Qəbul edilmiş hər hansı standart norma yoxdursa, ki bu məsələdə standartlaşdırmadan söhbət gedə bilməz, heç kəsi qınamağa da ixtiyarımız yoxdur.
Hər fərdin həyat hekayəsi və tale yazısı fərqlidir, buna görə də eyni bir hadisəyə müxtəlif cür yanaşmalar mövcud ola bilər. İnsanlar yaşamları boyunca yaxşı və pis insanlarla münasibətdə olur, doğru, yanlış qərarlar qəbul etmək məcburiyyətində qalırlar. O səbəbdəndir ki, düşüncə tərzləri və dünyaya baxışları da fərqli olur. Cəmiyyət amili də insan düşüncəsinin formalaşmasında əlbəttə ki, böyük rol oynayır. Misal olaraq Avropa ölkələrində və Azərbaycanda yaşayan bir qızı göstərək. Avropada bir xanım yalnız yaşaya, öz ixtisasına uyğun olan hər hansı bir müəssisəsdə sərbəst şəkildə, bütün haqları qorunmaqla işləyə bilər. Nə bir kəs ona qarışa, nə də güldən ağır söz deyə bilər. Bizim cəmiyyətimizdə isə bu hal göründüyü kimi birmənalı qarşılanmayacaq. O qədər sual çıxacaq ki, ortaya camaat gecə-gündüz fikirləşməkdən yata bilməyəcək. Nəyə görə bu qız müəssisədə bu qədər kişinin aarsında işləyir, atası-qardaşı hara baxır? Niyə tək yaşayır, yəqin bir iş çevirib ailəsi ondan imtina edib. Heç kim deməyəcək ki, bəlkə ailəsi yoxudr, həyatla tək mübarizə aparır, Allah köməyi olsun.
Cəmiyyət faktorunun təsiri insan psixologiyasında böyük yer tutur. Gərək o dərəcə güclü xarakterə sahib olasan ki, insanların dediklərini qulaqardı edə biləsən. Cəmiyyət yalnız bir insan üçün motivasiya mənbəyi olmalıdır, intihara aparan bir vasitə yox. Hər kəs başqasının həyatına müdaxilə edərkən və ya başqası haqqında bildi-bilmədi danışarkən hansı məsuliyyəti götürdüyünü dərk etməlidir. İnsan ətdən sümükdən yaradılıb, daşdan deyil. Buna görə də davranış və sözlərimizi seçərkən çox diqqətli olmalıyıq.
İndi isə keçək insanın cəmiyyət üzərində təsirinə. Cəmiyyətin insana müdaxiləsi və onun nəticələrini qeyd etdik. Bəs fərd cəmiyyətə necə fikir yeridə bilər və ümumiyyətlə bu nə ilə nəticələnər?
İnandığı şeyin doğruluğuna tam əmin olan və cəmiyyətin onunla eyni fikirdə olmamasına baxmayaraq, əzmindən dönməyən insan cəmiyyəti dəyişdirə biləcək insandır. Önəmli olan kəmiyyət deyil, keyfiyyətdir. Hətta bütün dünya yanlış yola istiqamətlənsə də, üç nəfər doğru tərəfin yolunu tapıbsa deməli o dünya da əvvəl-axır düzgün tərəfə yönələcək. İnanmasalar belə düşünəcəklər ki, bir şey olmasa geç yerə digər yola istiqamətlənməzlər. Əvvəlcə şübhələnəcəklər, sonra araşdıracaqlar və sonda anlayacaqlar. Bununla da o üç nəfər bütün dünyanı xilas edəcək.
Deməli insan həqiqətən də inanaraq istəsə, hər şeyə nail ola bilər. Düşüncələr də dəyişər, münasibətlər də. Hətta gün gələr doğru bildiklərinin həyatının ən böyük yalanı, yalnışlarının isə səni xoşbəxtliyə səsləyən doğrular olduğunu anlarsan. Təki gec olmasın. Doğru düşünmək mümkündür, ancaq səhv etməmək yox. Elə ən doğru düşüncələrin ən böyük səhvlərindən çıxardığın dərslərin mahiyyətindən doğur.

Baxış sayı: 448