Ədəbiyyat
08.10.2015 / 13:21

Vətəndaş və fədakar yazıçı

Vətəndaş və fədakar yazıçı
Həqiqət Kərimova
fəlsəfə elmləri namizədi, dosent

Yazıçı-publisist, tərcüməçi-psixoloq Camal Zeynaloğlunun adı ədəbi mühitdə yaxşı tanınır. Mübarizə, döyüş əhval-ruhiyəsi yalnız döyüşçüyə xas olacaq keyfiyyət deyil. Bəzən mənə elə gəlir ki, ən böyük mübarizə və döyüş ideoloji cəbhədədir. Kəsərli qələm sahibi olmaq, acı göz yaşına bürünmüş ömür səhifələrini olduğu kimi qələmlə əks etdirmək hər insana nəsib olmur. Yazıçı dostum, qardaşım Camal Zeynaloğlunun əsərləri vətən sevgisinin zərrələrindən rişələnmiş, bu günün reallığı ilə uzlaşan, oxucularını düşünməyə məcbur edən, onlara doğru, düzgün yol göstərən, onlara böyük mənəvi və əxlaqi dəyərlər bəxş edən, milli dəyərlərə ciddi önəm verən, onun üzərində öz ibrətamiz fikir və düşüncələrini ifadə edən mənəvi həyata baxışıdır.
C.Zeynaloğlunda vətəndaşlıq ruhu çox güclüdür. O, yaratdığı əsərlərdəki hadisələrə seyrçi gözüylə baxmır, onların kökünə, mahiyyətinə varmağa çalışır. Yazıçı əsərlərində boğazdan yuxarı danışmır, qəhrəmanlarının dərdini, kədərini özünküləşdirir, onu içindən keçirir. Sanki yazarın içində bir yanğı var. Oxucu bu yanğını görür, bu Vətən yanğısı, torpaq yanğısıdır. Nə qədər ki, torpaqlarımız yağı düşmənin tapdağı altındadır, bu yanğı od olub hamımızı yandıracaq. Bu yanğını yaşamaq nə qədər çətindirsə, onu qələmə alıb, gördüyü kimi də yaşatmaq daha çətindir.
C.Zeynaloğlunu ən çox düşündürən, narahat edən məsələlərdən biri də qadın təmizliyi, qadın ləyaqəti, qadın ismətidir. Bu düşündürücü məsələ yazıçının əsərlərinin ana xəttini təşkil edir. Burada hadisələr qəhrəmanlarının xarakterlərinin açılmasına, fərdi ictimai mühitin məhsulu olduğuna istiqamət götürdüyündən oxucu özünü yazarın məharətlə yaratdığı əsərlərdəki həmin personajların yerində hiss edir.
Yazıçı Camal Zeynaloğlunda vətənpərvərlik hissi, insan təbiətinə vurğunluq, torpağa, soykökə bağlılıq çox yüksəkdir. Bunu onun yaradıcılığından daha aydın görmək olur. Məsələn, onun “Ölümlə üz-üzə”, “Qanlı fevral gecəsi”, “Gecikmiş sevgi”, “Qarabağ dərdi - erməni vandalizmi” kitabları bu qəbildəndir. Yazıçının “Uğursuz nikah”, “Məni qınamayın”, “Ölüm doğmalığı”, “Nakam məhəbbət”, “Tanrı cəzası”, “Talelər dünyası” kitablarında isə gənc nəslin sağlam, möhkəm iradəli, milli mənliyini, ləyaqətini qorumağı bacaran, həyatın bütün çətinliklərinə sinə gərən yeni nəslin yetişdirilməsi problemi qoyulur.
C.Zeynaloğlu toxunduğu mövzularda bugünkü həyatımızdakı inam, etibar, ədalət, şərəf, ləyaqət, əqidə saflığı, həyata bağlılıq kimi insani keyfiyyətlərlə yanaşı, riyakarlıq, rüşvətxorluq, xəyanət, etibarsızlıq, pul hərisliyi, narkomaniyaya, içkiyə aludəçilik kimi qeyri-insani keyfiyyətlərdən də söhbət açılır.
O, eyni zamanda çox işgüzar, özünə qarşı tələbkar, istedadlı, qayğıkeş, etibarlı dost və səmimi bir yoldaşdır. Camal müəllim adamları tez başa düşür, anlayır və onlarla asanlıqla səmimiyyət körpüsü yarada bilir. Hər şeydən öncə, onu qeyd edim ki, o, insanlara inanır. Buna görə də Camal müəllim sadə və təvazökardır.
Camal Zeynaloğlu hər şeydən öncə, cəmiyyətin ağrı-acısına laqeyd qala bilməyən vətəndaş-jurnalist və vicdanlı yazardır. Onun yazılarının əsas qayəsini real həyat hadisələri təşkil etdiyindən oxucu onun əsərlərində əsl həyatı hiss edir. Camal müəllimin sevilməsi onun oxucularının istək və tələblərinə uyğun əsərlər yarada bilməsindədir. O, həm də bir xeyirxah insan kimi, hər zaman darda olan adamların köməyinə yetişir, onlara maddi və mənəvi köməyini əsirgəmir. Yazarın həmkarı haqqında hazırladığı bu kitabı da onun növbəti xeyirxah əməllərindən hesab etmək olar. Camal müəllim sözə, sənətə, yaradıcı insana, əsl ziyalıya dəyər verən, vətənpərvər olan hər bir azərbaycanlını sevir, ona hörmətlə yanaşır və rəğbət bəsləyir.
C.Zeynaloğlunun şair, yazıçı-publisist Böyükxan Bağırlı haqqında yazdığı “Xəyalındakı ağ yaylıqlar” adlı kitab da onun xeyirxah əməllərinin təcəssümüdür. Əsl ziyalı, sənətkar və yaradıcı insandan yazmaq böyük savab işlərdən hesab olunur. Camal müəllim də özünün dediyi kimi, bu savab işi başqalarına buraxmaq istəməyib. O, çalışır ki, həyatda daha çox savab işlər görsün. Bu yolda qələm dostum və qardaşıma uğurlar arzu edirəm.
Yaradıcı ziyalı, həyatını bədii sözü rövnəqləndirməyə, ona əvəzsiz dəyər verməyə, onu oxucuları üçün zinətləndirməyə həsr edən bir qələm sahibi haqqında yazmaq, şərəfli, ləyaqətli və xeyirxah bir missiyanı yerinə yetirmək zəhmət tələb edən və təqdirəlayiq işdir. Məhz yazıçı qardaşım Camal Zeynaloğlu bu xeyirxah missiyanın öhdəsindən layiqincə və məharətlə gəlib.
C.Zeynaloğlunun bundan bir həftə öncə daha bir kitabı, “Qəfil döyülən qapı”sı çapdan çıxmışdır. Bu Camal müəllimin sayca on yeddinci kitabıdır. Kitab bütünlüklə kriminal dünyaya həsr edilmişdir. Kitabda onun bir povesti və on altı cinayət oçerki -“Qanlı gecə”, “Qonaq gülərüzlə qarşılandı, amma...”, “Qızcığaz özünü niyə zəhərlədi?”, Altı saat davam edən əməliyyat”, “Uşaq oğruları”, “Silahlı qarətçilər”, “Ata təhqirinə dözə bilmədi”, “Son sözü tətik dedi” və s. verilmişdi. Yazıçı kitabda bu gün cəmiyyətimizdə müəyyən mənfi ünsürlərin özbaşınalığı, mənəm-mənəmliyi, öz maddi imkanlarına arxalanması, ətrafında toplanmış pul hərislərinin cinayət aləminə necə sürüklədikləri sayəsində haqq-ədalətin deqredasiyaya uğradığını açıq şəkildə oxucuya çatdırır. Bununla o, oxucusunu məyus etmək fikrində deyil, əksinə bu ünsürlərə qarşı ciddi mübarizə aparan əsl vətəndaş hüquq-mühafizə işçilərinin əməyini də yüksək qiymətləndirməyi unutmur. Öz oxucusunu bədbin əhval-ruhiyyədən qurtaran yazıçı sonda ədalətin necə zəfər çalmasını onlara böyük məharətlə çatdıra bilir.
Göründüyü kimi, Camal müəllim bədii sözdən ilmə-ilmə əbədi abidə yaradan fədakar insanları həmişə yüksək qiymətləndirməyi bacaran bir insandır.
Əziz qardaşım, yorulmadan yaz, yarat! İnsan öz xeyirxah əməlləri və yazıb-yaratdığı əsərləriylə həyatda özünə əbədi abidə ucaldır. Yazdığın dəyərli əsərlər, çap etdirdiyin onlarla kitablar sənin bədii sözdən yaratdığın yaraşıqlı abidələrdəndir. Sən sağlığında özünə abidə yaradanlardansan. Yazan əllərin var olsun, qardaşım!

Baxış sayı: 596