Şərhlər, Ədəbiyyat
07.10.2015 / 10:30

Özünə əbədi abidə ucaltmış insan

Özünə əbədi abidə ucaltmış insan
Camal Zeynaloğlu
yazıçı-publisist


(Böyük ədib Əlibala Hacızadənin 80 illiyi yubileyinə ithaf edirəm)


Əlibala Hacızadə 1958-ci ildə ADU -nun Şərqşünaslıq fakültəsini bitirib.Əsərləri ilk dəfə “Gəncliyin səsi” adlı almanaxda çap olunmuşdur. “Heykəl gülür” adlı kitabı 1961-ci ildə çap olunub. 1962-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1964 - cü ildə “Fərruli fəzdinin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edib. Daha sonra “Məhəbbət olmayan evdə” (1963) və “Unutmaq olmur” (1964) adlı romanları çap edilib. 1966-70- ci illərdə Əfqanıstanda tərcüməçi işləyib. Həmin dövrdə “İtgin gəlin” romanını yazıb, əsər 1979- cu ildə çap olunub. “Əfsanəsiz illər” (1980), “Ayrılığın sonu yoxmuş” (1981) adlı romanları ona böyük şöhrət gətirib. Bundan əlavə, o “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı” adlı romanların müəllifidir. “Unutmaq olmur”, “Əgər sevirsənsə” əsərlərinə televiziya tamaşası hazırlanıb. “İtgin gəlin” trilogiyası əsasında 12 serialı teleserial çəkilib və televiziya vasitəsilə nümayiş etdirilib.
Ə. Hacızadə eyni zamanda İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən”, Əbdülrəhman Yusufnurun “Qurani- Kərimin 30-cu cüzvünün təsviri”, Rəcəb Nejadın “Zamanın aynası” adlı kitablarını fars dilindən azərbaycancaya çevirib.

***

Həyatda elə insanlar var ki, sadəliyi, səmimiyyəti, təvazökarlığı, alicənablığı ilə tez bir zamanda başqalarının dərin hörmət və rəğbətini qazanır. Açığı desək, mənəvi dəyərlərin aşınmaya məruz qaldığı bir zamanda, kapitalın əxlaqi və mənəvi kamilliyin üzərində hakimi mütləq bayrağını qaldırdığı bir dövrdə öz milli mənliyi, yüksək insani keyfiyyətlərini, milli qürurunu hər şeydən uca tutan insandan cəmiyyəti öz ağuşuna almağa çalışan riyakarlıq, məddahlıq, paxıllıq, xudbinlik, rəzillik, tamahkarlıq və s. kimi insani qəbahətlərə qarşı mübarizə aparması ondan böyük səbr, dözüm və iradi qüvvə tələb edirdi. Bu gün insanların qəlblərini hər cür şeytani hisslərdən xilas etmək üçün onlara səmimiyyət, xoşrəftar, inam və iman hissləri aşınmalıdır. Belə bir zamanda bu cür çətin missiyanı yerinə yetirmək bütün hallarda yazıçı və şairlərin üzərinə düşürdü...
Ruhi və qəlbi əxlaqsızlıq, mənəviyyatsızlıq girdabına sürüklənən, məcbur edilən gənclərin dünyasına qarşı öz kəsərli qələmi ilə inqilabi mübarizəyə səsləyən, insanlarda mərhəmət, məhəbbət, milli qürur hisslərinin yaranmasında əvəzsiz xidməti olan el yazarlarından biri də, öz yaratdığı əsərləri ilə xalqının, oxucularının qəlbində özü üçün əbədi - ədəbi heykəl ucaltmış, hamımızın sevimlisi, sadə, səmimi və böyük ürək sahibi Əlibala Hacızadə vardı.
Mən həyatda ən çox sadə və təvazökar adamlara hörmət və rəğbət bəsləyirəm. Əlibala müəllim də belə insanlardan idi. Hələ tələbə ikən Əlibala müəllimin bütün ailələrin stolüstü kitabına çevrilmiş “İtgin gəlin”, “Əfsanəsiz illər”, “ Ayrılığın sonu yoxmuş” əsərləri məndə müəllifə qarşı böyük sevgi hissi oyatmışdı.
Çox istəyirdim ki, bu yazıçı ilə şəxsən tanış olum. “Azərbaycan” nəşriyyatında işlədiyim dövrlərdə bir həmyerlim yanıma gəlmişdi. Məndən xahiş etdi ki, “Şəhriyar” qəzetinə şeir gətirib, onunla birgə həmin redaksiyaya gedək. “Şeiri kimə verəcəksən?”- deyə soruşdum. O, dedi: “Əlibala müəllimə”. Düzü, o zaman bu adın fərqinə varmadım. Redaksiyaya daxil olanda həmyerlimi yaşlı bir adam gülərüzlə qarşıladı və dərhal da onun kef-əhvalını soruşdu. Hiss etdim ki, bunlar köhnənin tanışlarıdır. Sonra yerlim üzünü mənə tutub: “Camal, Əlibala müəllimlə tanış deyilsən?”- deyə soruşdu. Doğrusu, tutuldum, heç nə deyə bilmədim. O, əlavə etdi: “Bir binada işləyirsiz, amma hörmətli yazıçımızla tanış deyilsiz”.
Bundan sonra çoxdan həsrətində olduğum sevimli yazıçımızın əlini bərk-bərk sıxıb ona əsərlərinə görə dərin minnətdarlığımı bildirdim. O gündən başlayaraq nəşriyyatın dəhlizində tez-tez Əlibala müəllimlə qarşılaşır və salamdan sonra o, gülərüzlə məndən: “Necəsən, Camal?” deyə soruşanda özümdə daxilən bir ruh yüksəkliyi duyurdum. Hər şeydən öncə, mən onun sadəliyinə, səmimiyyətinə və təvazökarlığına heyran qalmışdım.Özünə əbədi abidə ucaltmış insan
Əlibala müəllim haqsızlığa, riyakarlığa, xəyanətə qarşı barışmaz bir insandı.
Həm həyatda, həm də yaratdığı əsərlərdə o, şər qüvvələrinə qarşı həmişə mübariz, barışmaz mövqe tutması dəfələrlə iş yerini itirməsinə, vəzifəsinin kiçildilməsinə səbəb olmuşdusa da, Əlibala müəllim heç zaman sınmamış, bədxahlar və məddahlar qarşısında öz qüruru ilə seçilmiş, sabaha böyük ümid bəsləmişdir. Bütün bu xüsusiyyətlərinə görə Əlibala müəllim həm oxucular, həm də həmkarları arasında həmişə böyük hörmət - izzət sahibi olmuşdur.
Yazıçının ilk “Heykəl gülür” (1961) kitabından 15-ci, “Dünyanı tanı” kitabına kimi keçdiyi ömür yolu doğrudan da mənalı və yaddaqalan olmuşdur.
Əlibala müəllimin yaradıcılığı öz orijinallığı, üslubu, dili ilə digər yazarlardan seçilirdi. O, oxucularını səthi və bayağı düşüncələrdən əl çəkib, həyatın dərinliklərinə doğru sövq edirdi. Yaratdığı obrazlarda kapital dünyasının çirkinliklərini, gənclərin mənəvi və milli dəyərlərdən uzaqlaşmasını, özündən müştəbehlərin dərin zəka sahiblərinin qarşısında at oynatmalarına qarşı çıxması üçün həmişə həyəcan təbili səsləndirirdi.
Əlibala müəllim boğazdan yuxarı danışan, nəyinsə və kimlərinsə xətrinə sözlər deyən nasirlərdən deyildi. O, zahirən sakit görünsə də, içində daim təlatümlü bir dəniz dalğalanırdı. Adamlarda etibarsızlığı, xəyanəti, yaltaqlığı, məddahlığı, xudpəsəndliyi, səbatsızlığı görəndə bu dəniz daha da coşaraq, “ Məhəbbət olmayan evdə” (1963) “Unutmaq olmur” (1964), “Təyyarə kölgəsi” (1974), “İnam”, “Vəfalım mənim”, “ Dünyanı tanı” kimi irihəcmli əsərlərə çevrildi.
Təkəbbürlü adamlar Əlibala müəllimin sadəliyi qarşısında bir an da olsa, əriməyə məcbur olurdular. “Sadəlik böyüklükdür” deyənlər yanılmayıblar. O, hamıya qayğıkeşliklə yanaşır, əlindən gələn köməyi kimsədən əsirgəmirdi. Gənclərə böyük ümid bəsləyən Əlibala müəllimin onlarda torpağa bağlılığı, milli qüruru, Vətən təəssübkeşliyi, mənəvi dəyərləri qorumağı, əxlaqi kamillik zirvəsini fəth etməyi tövsiyə edərək, ədalətsizliyə, xəyanətə, riyakarlığa, əxlaqsızlığa, mənəviyyatsızlığa qarşı barışmaz olmağa səsləyirdi.
Əlibala müəllimin böyüklüyü onda idi ki, o, gənc yazarlara həmişə qayğı və həssaslıqla yanaşırdı. Onu qeyd edim ki, Yazıçılar Birliyinə üzv qəbul olunmaqdan ötrü mənə üç zəmanət lazım idi. Həmin zəmanətlərdən birini Əlibala müəllim məmnuniyyətlə yazıb mənə verdi. Çünki bir neçə gün öncə, yenicə çapdan çıxmış dördüncü, “Ölümlə üz-üzə” kitabımı hörmətli yazıçımıza təqdim etmişdim. Bir gün nəşriyyatda görüşəndə o, məni qucaqlayıb: “Ay Camal, o nədi yazmısan? Oxuyandan sonra səhərə kimi yata bilmədim” deyə uğurlar dilədi. Əlibala müəllimin bu sözündən sonra sanki dünyanı mənə bağışladılar. Yazıçının bu sözləri məndə tələbkarlıq və məsuliyyət hissini daha da artırdı.
Yazıçının insanlara qarşı olan məhəbbəti tükənməzdi. Çünki ən güclü məhəbbət daşürəkli adamları belə əritməyə qadirdir. Ən nadan adam belə onunla söhbət zamanı yazıçının mehriban, xoş, qəlbləri isidən hərarətli baxışları altında sanki özünü mərhəmətlə, ülvi hisslərlə, gözəl duyğularla əhatə olunmuş başqa bir aləmdə hiss edirdi.
Əlibala müəllim insanlara özünü zahirən gülərüz, xoşrəftar, mehriban göstərsə də, qəlbində dağ boyda Qarabağ dərdi daşıyırdı. Tarixən xalqın, millətin ən ağır dərdini həmişə onun yazıçıları, şairləri çəkibdir. Bu gün də belədir.
O, həm də Qarabağ dərdinə dözə bilmir, o, keçirdiyi hissləri lirik şəkildə qələmə belə almışdı:

“Gecələr Qarabağımı basıb bağrıma,
Körpə uşaq kimi mışıl-mışıl yatardım.
Gözlərimdə şır-şır axan bulaqlar,
Yuxularımda başı qarlı silsilə dağlar,
Xəyallarımda gah çiçəkdim, gah qardım...”

Əlibala müəllim bu gün də sakit axan suya bənzəyir. Deyirlər, sakit axan su dərin olar.
Bəli, Ə. Hacızadənin həm yaradıcılığı, həm də bəşəri duyğular üzərində köklənmiş əxlaqi kamilliyi daha dərindir.
Bu dərinliyə çatmaq üçün biz, yazarlar hələ çox yuxusuz gecələr keçirib, çoxlu müşahidələr, tədqiqatlar aparmalıyıq. Əlibala müəllimin özünün dediyi kimi: “ Mən hələ də dərk olunmamış bir kitabam”.
Əlbəttə, biz bu kitabı hər gün vərəq-vərəq oxuyub dərindən dərk etməliyik.
Mən özünü Qüdrətli Sözün daimi əsgəri hesab edən, fədakar, qəlbinə Vətən sevgisi sığışmayan, qartal vüqarlı, bütün ömrünü əyilməzlik, mübarizlik, ideya və əqidəsində dönməzlik, milli qürurunda möhtəşəmlik və əzəmətli olmağı özünün həyat devizinə çevirən xalqımız, ədəbiyyatımız və oxucuları üçün həmişə, hər zaman dəyərli və qiymətli yazarımız olan Əlibala müəllimin ruhu qarşısında baş əyir, Məkanı Cənnət olsun deyirəm! Ruhun şad olsun, Böyük Ustad!

Baxış sayı: 718