Şərhlər
07.10.2015 / 09:00

Ya, bir gün İŞİD olmazsa...

Ya, bir gün İŞİD olmazsa...
Aqil CAMAL / İnform.az

Suriyada indiyə qədər savaş İŞİD, Əl-Nusra, Özgür Suriya Ordusu, PYD (PKK) kimi qeyri-qanuni hərbi birləşmələrin arasında gedirdi. Ancaq Kobanidən bəri ABŞ və ABŞ-ın öndərliyindəki koalisiya qüvvələri Suriya daxilindəki savaşa havadan və qurudan müdaxilə etməyə başladı.
Türkiyənin durumu bu sırada tragikomikdi.
Rəsmi Ankara bir tərəfdən sərt şəkildə PKK-nın Suriyadakı qolu PYD-nin də bir terror təşkilatı olduğunu bəyan edir. Digər yandan PYD-ni açıq şəkildə dəstəkləyən ABŞ-a İŞİD-ı bombalamaq üçün İncirlik və Diyarbakırdakı hərbi hava limanlarını açır.
Və son olaraq ABŞ-ın və ümumən Qərbin Suriyada quru əməliyyatlarda birbaşa iştirak etməyəcəyinə əmin olan Rusiya, Suriyada nümayişkəranə bir şəkildə meydanı ələ aldı.
Suriyaya Əsədin çağırışı ilə gələn Rusiya Əsədə qarşı olan bütün hərbi birləşmələri, ağına-bozuna baxmadan bombalamağa başladı. Türkiyənin və Qərbin dəstəklədiyi Özgür Suriya Ordusu daxil.
Hal-hazırda dünyanın ən böyük iki gücü ABŞ və Rusiya Suriyada İŞİD-ə qarşı savaşdıqlarını bəyan edirlər.
ABŞ-ın vurduğu İŞİD-ə qarşı, Əsədin yanında İran və Hizbullah hərbi qruplaşması yer alıb. İran ilə məzhəb davasında olan Səudiyyə Ərəbistanı isə hardasa İŞİD-i dəstəkləyirmiş kimi davranır.
Bu qarışıqlıq içərisində Çin də Suriya torpaqlarında gedən qlobal savaşın içində yer alaraq dünyadakı varlığını hiss etdirmək istəyir.
Çinin rus hərbi təyyarələrinə havadan dəstək üçün gəmi və mütəxəssislər göndərməsi haqda İsrail kəşfiyyatı Mossadın internet saytında məlumatlar yerləşdirilib. Rusiya və Çin II Dünya Müharibəsindən bu yana ilk dəfə ortaq bir savaş cəbhəsində müttəfiq kimi çıxış edirlər.

İraq da bir tərəfdən İŞİD-i bombalaması üçün Bağdadın qərbində bir hava limanını açıb.
İŞİD-ə qarşı savaş adı ilə ortada belə bir iki cinahlı şəkillənmə gedir. Bir tərəfdə Rusiya, Çin, İran, Hizbullah, Əsəd Suriyası. Digər tərəfdə ABŞ, Almanya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə …
İsrail isə hadisələrin gedişatını izləyirmiş kimi görünsə də, öz çıxarlarının nəfinə daha böyük oyunlar qurmamış deyil.
Bu arada maraqlı bir detal da, bir-birinə zidd olan iki fövqəl-dövlətin – ABŞ və Rusiyanın PYD (PKK)-ya münasibətdə ortaq mövqe sərgiləmələridir. Hər iki dövlət PYD (PKK)-ı Suriyada İŞİD-ə qarşı canlı qalxan olacaq güc kimi təqdim edir və dəstək verirlər.
Bəli, Suriyada hərbi-siyasi, geostrateji üstünlük əldə etmək istəyən Rusiya, Çin, İran, ABŞ və s. bu ölkədə İŞİD-lə savaşmaq adı ilə varlıqlarını sürdürürlər. Bəs, çarpaz atəş altında qalan İŞİD bu gün olmasa, onda necə olacaq?

Baxış sayı: 747