Gündəm, Sosial
02.07.2015 / 18:56

Bakıya girişə qadağa davam edir

Bakıya girişə qadağa davam edir

Bakıya girişə qadağa davam edir

İlk Avropa Oyunları ilə əlaqədar olaraq, Azərbaycanın rayonlarında qeydiyyatda olan avtomobillərin Bakıya girişinə qadağa qoyulmuşdu. Bununla bağlı baş nazirin müavini Abid Şərifov açıqlama verib. İnform.az APA-istinadən xəbər verir ki, oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb. Bu müddət ərzində rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişi ilə əlaqədar yaradılmış komissiya tədbirlər planı hazırlayacaq. Yeni qərara görə, rayon maşınları üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb.

Dayanacaqlardan biri Bakı-Sumqayıt yolunda Ər-Riyad ticarət mərkəzinin həyətində yerləşir. Sürücülər avtomobillərini burada asanlıqla park edə biləcəklər. Dayanacaqda saxlanılan avtomobillərə isə yol polisi əməkdaşları və xüsusi mühafizə xidmətinin işçiləri nəzarət edir.

Şamaxı istiqamətindən gələn avtomobillər üçün isə Müşfiqabad postunun yaxınlığında xüsusi dayanacaq yaradılıb.

Kürdəmir-Bakı və Astara-Bakı istiqamətlərindən gələn sürücülər üçün Ələt yolunun 14-cü kilometrliyində xüsusi sahə ayrılıb. Burada da sürücülər və sərnişinlər avtomobillərini park etdikdən sonra yollarına taksi və ictimai nəqliyyat vasitələri ilə davam edirlər.

Yay mövsümündə rayonlardan Bakıya meyvə-tərəvəz və qida məhsulları daşıyan yük maşınlarına isə şəxsi avtomobillərdən fərqli olaraq, paytaxta giriş icazəsi verilir. Lakin belə avtomobillər yalnız gecə saatlarında paytaxtda hərəkət edə bilirlər. Qərara əsasən, gecə saat 22:00-dan səhər saat 5:00-a qədər qida, dərman və təcili gətirilməsi lazım olan məhsulları daşıyan yük maşınları Bakıda yerləşən müxtəlif bazar və dükanlarda mallarını təhvil verib geri qayıtmalıdırlar.

Baxış sayı: 418