Baş xəbər, Mədəniyyət, Müsahibə
06.10.2015 / 17:06

“Təəssüf ki, sənətin başına sənətdən başı çıxmayanlar gəlir”

“Təəssüf ki, sənətin başına sənətdən başı çıxmayanlar gəlir”
Ramiz Həsənoğlu: “Azərbaycan televiziyalarında gedən seriallara baxmıram”

İnform.az saytının növbəti qonağı Azərbaycanın xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğludur.



- Ramiz müəllim, necəsiniz?

- Adam reallıqlarla hesablaşmalıdır. Ömürdür, gündür gəlib keçir. Hər bir döngəsində yeni bir mənzərə açılır. Bu yaşımdan baxanda əlhəmdülillah, buna da şükür deyirəm. Çünki iş görürəm, fəaliyyətdəyəm, övladlarımdan narahat deyiləm. Amma dünya qarışıb, bundan çox narahatam. Sanki bir çömçə salıb dünyanı qarışdırırlar. Məndə belə bir hissiyyat var ki, qəsdən qarışdırırlar. Kiməsə bu lazımdır. Amma son nəticədə düşünürəm ki, insan zəkası, insan şüuru, buna qalib gələcək. Deyilənə görə, dünya özü də canlı bir orqanizmdir, hətta şüuru da var. Yəqin bu dünya şüuru son nəticədə hər şeyi gətirib öz yerinə qoyacaq. Bu gün insanlar yerlərindən, evlərindən, eşiklərindən didərgin düşürlər. Bir zamanlar Azərbaycanda da bu hadisələr az olmadı. Ancaq bu qədər dərdlərin fonunda düşünürük ki, biz tək deyilik. Bizim də səsimizi eşidən var, İnşallah, eşidiləcək də. Son nəticədə vətən üçün, millət üçün çalışan insanlarıq. Ancaq sənət adamları bir qədər ayrıdır… Çünki onların gördükləri işlər dərhal müzakirə mövzusu olur. Bu mənada sənətdə özünə bəzək-düzək verib, camaatın gözünü-başını aldadan insanlar mənə çox pis təsir edir. Gün gələcək bu da öz yerini gəlib tutacaq. İnsanlar maarifləndikcə, zövqləri aşılandıqca, əsl mədəniyyət numunələri ilə yaxından tanış olduqdan sonra, ümid edirəm ki, şüurlarda keyfiyyət dəyişikliyi olacaq. Son nəticədə biz ali insana doğru addımlarımızı ata biləcəyik.

- Ramiz müəllim, digər televiziya məkanları ilə müqayisədə Azərbaycan televiziyasında milli dəyərlər bu gün qorunub saxlanılır. Bəs digər efirlərdə bu məsələyə niyə ciddi yanaşılmır?

- Hər televiziyanın öz dəsti-xətti var. Mən bundan razıyam. Bu mənada Azərbaycan televiziyasının dəsti-xətti əlbəttə ki, çox böyük ənənələr üstündə qurulub. Bu televiziyanın tarixinə nəzər salanda baxıb görürsən ki, burada neçə istiqamət müəyyən səviyyədə inkişaf etdirilib. O cümlədən bu bədii yaradıcılığa aid olan bir istiqamətdir. Tutaq ki, bu gün burda yaşlı nəsli təmsil etsəm də, deməli bu istiqamətin bünövrəsini qoyan bizim müəllimlərimiz Arif Babayev, böyük rejissorumuz Rauf Kazımovski, Ağaəli Dadaşov, Kamil Rüstəmbəyov olub. Bunlar televiziya təzə-təzə yarananda teatrdan gələn rejissorlardır. Mənim də payıma müəyyən işlər düşüb. Əlbəttə Azərbaycan televiziyasının bu istiqamətdə gördüyü işləri başqa televiziyalar eləmirlər. Digər tv-lərimizdə hazırda üstünlük seriallara verilir. Mən onların heç birinə qiymət vermək istəmirəm.

- Seriallara dəvət alırsınızmı?

- Mən öz fəaliyyətimlə, yaradıcılığımla artıq özümü elə təqdim etmişəm ki, yəqin o serialları çəkənlər bilir ki, Ramiz Həsənoğlu istiqamətini götürüb, ona görə də buna müraciət etməyə dəyməz. Elə düz də edirlər. Onları əhatə edən mövzular məni əhatə etmir.

- Azərbaycan televiziyalarında gedən seriallara baxırsınızmı?

- Baxmıram.

- Niyə? Səbəb nədir?

- Maraq yoxdur. Amma sevinirəm ki, onlar var. Əminəm nə vaxtsa kəmiyyət keyfiyyətə çeviriləcək. İnanıram ki, nə zamansa Azərbaycandan kənarda Azərbaycanı təmsil edə biləcək seriallar diqqətləri cəlb edəcək, dünya bazarına girə biləcək. Bu mənada artıq Türk qardaşlarımızın getdiyi yol uğurludur. Məni sevindirən odur ki, Türkiyyədə heç bu seriallar haqqında düşünməyəndə, Azərbaycanda 90-ci illərin əvvələrində “Fatehlərin divanı” əsrinə imza atdıq. Dörd seriya çəkildi. Amma əlli seriya çəkiləcəkdi. Müəyyən səbəbdən yarımçıq qaldı. Hər dəfə bu fikri söyləyəndə təəssüf hissi keçirirəm. Çox təəssüf ki, sənətin başına sənətdən başı çıxmayanlar gələndə bu cür işlər yarımçıq qalır.

- Ramiz Həsənoğlu sənətdə istədiyi bütün işləri həyata keçirə bilibmi?

- Yox, o mümkün deyil. Nə qədər ki, insanın beyni fikirləşir, gözləri görür, ayaqları yeriyir, ürəyi döyünür, mütaliə edir, dünya dəyişir, zamana uyğunlaşmaq istəyir. Yaradıcı insan hər zaman yeni işlər görmək istəyir.

- İstədiklərinizi həyata keçirmək üçün şərait sizi qane edirmi?
- Açıq etiraf edim ki, heç bir vaxt şərait olmayıb. Ayrı-ayrı məqamlarda bir qədər çox, bir qədər az, amma hər zaman çətin şəraitdə işləmişəm.

- İndi işləmək, mükəmməl bir iş ortaya qoymaq üçün lazım olan bütün avadanlıqlar var axı… Daha nə mane olur?

- Baxın, mən “Sabah” Yaradıcılıq Birliyinin rəhbəriyəm. Lazım olan bütün işləri lazım olan ünvana təqdim etmişik. Oradan bizə nə “yox”, nə də “hə” də deyilmir.

- Deyirlər dərinlik insana dərd gətirir. Çox dərinlərə gedirsiniz?

- Dərinlik insana dərdlə birgə, zövq də gətirir. Dünyanı olduğundan artıq, yəni alt qatlarını da qəbul edə bilirsən. Daim axtarırsan. Bəzən ömrünün müəyyən yaşlarında oxuduğun kitabı dönə-dönə oxuyursan. Təkcə “Quran”, “Bibliya” yox. Mən əvvəl elə bilirdim ki, hər şeyi bilirəm. Zaman keçdikcə, oxuduqca gördüm ki, mən heç nə bilmirəm. Burda çox böyük həqiqət var.

- Bu günə kimi çəkdiyiniz filmlərdə, aktyor seçimində çoxmu səhvlər etmisiniz?

- Səhvsiz insan olmur. Heç kim sinəsinə vurmasın ki, məndən yoxdur. Adətən mən yeni işə başlayanda obraza dəqiq aktyor istəyirəmsə, siyahı tuturam. Kimlə işləmək istəyirəm. Kim daha yaxşı oynayar bu rolu. Mənim işim sevgidir. Gərərk aktyoru, obrazı sevəsən və qovuşdurasan. Yəni ki, əsərdə mən vasitəçiyəm.

- Nəyə görə bu gün çəkilən tele-tamaşalara dönə-dönə baxılmır?

- Özümə də maraqlıdır bu sual. Bəlkə də var, ancaq sayca çox azdı baxılanı. Əvvələr dünya bu qədər rəngarəng deyildi. Bir televiziya var idi. Konkret rejissorlar, aktyorlar var idi. Hər tamaşanın bir dünyası, ideya tutumu var. Bu işləri gələcəkdə peşəkar yerinə yetirmək üçün istedadlı gənclərə ehtiyac var. İstəyirəm ki, düşündürən gənclərin sayı çox olsun. Gəncləri sənətə ciddi yanaşamaları üçün maarifləndirmək lazımdır.

- Ramiz Həsənoğlu zamanın nəbzini tuta bilirmi?

- Bunu tamaşaçılarım daha yaxşı bilər.

- Deyirdiniz müasir, tarixi mövzuda yazılan əsərləri işləmək istəyirsiniz. Alındımı?

- Allah deyir, səndən hərəkət, məndən bərəkət. Mən dayanmıram, işləyirəm. Yəqin baxışlar bir gün məni görəcək.

- Bu gün sizə yenilikləri həyata keçirmək üçün kim və ya nə mane olur?

- Çox ciddi sual oldu (fikirləşir).Təxminən on il bundan əvvəl ölümlə həyat arasında qalmışdım. Çox qısa zaman kəsiyində beynimdən üç dəfə əməliyyat oldum. Çoxları elə bildi ki, daha mən həyata qayıtmayacağam. Amma şükür, baxın yaşadan Allahdır. Sonra neçə-neçə işlər ortaya qoydum. Dostlar hərdən deyir ki, Ramiz, sən tarixdəsən. Amma mən tarixin keçmiş olduğunu bilirəm. Mən insanam, gələcək üçün yaşamalıyam, mənim də fikrim gələcəkdədir.

- Müğənnilərlə iş birliyiniz olubmu?

- Sizə bir sirr açım. İlk dəfədir sizə deyirəm. Yəni eksklüziv. Azərbaycanda ilk klipi mən çəkmişəm. Onda ki, heç klip analayışı yox idi. Klip estetikasını “Qaya” qrupunun ifasında bir konsert nömrəsi ilə Moskva üçün çəkdik. Dünya gör-götür dünyasıdır, gərək yaxşını tez mənimsəyək. Daim təkrarçılıqdan qaçmışam. Hər bir insanın ürəyində arzular sonsuzdur. Mənim ən böyük arzum diqqətdən kənarda qalmamaq və lazımsız insana çevrilməməkdir.

- Naşı insanların səhnəyə, efirə buraxılmasında səbəb nədir?

- Bu hər birimizin qayğılı yeridir. Burada müəyyən insanları düşündürən tək səbəb reytinqdir. O da bundan doğan başlıca səbəbdir ki, onu maraqlandıran gəlirimiz çox olsun. Ancaq zaman gələcək, dözümlə yanaşsaq, haqq yerini tapacaq.

- Hans sualı eşitmək istəyərdiniz, ancaq mən sizə ünvanlamadım?

- Heç vaxt özün-özünə o sualı vermək üçün gec deyil. Ciddi işlə məşğulam yoxsa… Bu suala uğurlu cavab vermirəm. Nəinki sənətimlə bağlı, eyni ilə cəmiyətdə bir fərd olaraq da deyirəm bu fikri. Mən içindən özüm-özümü yeyənəm. Həddindən artıq özümə qarşı tələbkaram. Ömrüm boyu özümü qınamışam. Çünki həddən artıq tənbəl insanam. Ən böyük düşmənim tənbəllikdir. Bu da bəzən zövq almaq üçün lazımdır. Ancaq məşğuliyyətə çevirmək lazım deyil.

- Son olaraq bizə mesajınız?

- Hər zaman obyektivliyinizi qoruyun.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 560