Şərhlər
06.10.2015 / 15:02

Qaranlığa qarışan tənha qadın

Qaranlığa qarışan tənha qadın
Ayişə NƏBİ / İnform.az


Yenə də gənc və gözəl bir qadını göz yaşları həmdəmi ilə qaranlığın tənhalığına tərk edib ayrılırıq.Yenə də tənha qadın, yalnız ev və ümidsiz gələcək...
Baxıram, heç nə deyə bilmirəm. Nə deyəcəm? Təsəlli ilə baş aldatmaq uşağı konfetlə ovutmaq kimi bir şeydir. Qarşındakı insanın ürəyi yanıb ağlayanda ona təsəlli vermək də bir oyundur. Ancaq sözün qüdrəti də var axı, bəlkə bir söz onun yarasına elə məlhəm olar ki, ürəyini soyudar. Ancaq nə qədər çalışsam da ağzımı açıb bir kəlimə deyə bilmirəm. Gənc qadın özü söhbətə başlayır, ancaq üzündə elə bir ifadə var ki, dil deyib ağlasa, bəlkə daha yaxşı olar.
Kimisini əri tərk edən, kiminin də əri ölən tənha qadınlar... İnsan bunlara baxanda xoşbəxt olmaq istəyinə xəcalət çəkir. Kaş sizin tənhalığınıza dərman tapam... Ancaq neyləmək olar, birinin xoşbəxt olmaqdan başqa çarəsi yoxdur, başqa birinin də bədbəxt olmaqdan... Tale hər nə qədər insanın özündən asılı olsa da, heç kim taleyinə düşəndən artığını yaşaya bilmir. Ha çalış, ha çabala, sənin istəyin qalır bir tərəfdə, sənin ömrünə ilahi bir əl başqa bir paltar biçir. Sən bunu dəyişdirə bilmirsən.
Sabunçu çökəyinə düşəndə adama elə gəlir ki, günün günorta çağı Afrikanın geridə qalmış ölkələrinə düşmüsən. Sən demə, Sabunçunun elə bəri başı şəhərə oxşayırmış, bir az içərilərə gedəndə əyri-üyrü köndələn evlər, çala-çuxur yollar, küçəni ağzına alan lağım suları... Ayağım suya batanda qeyri-ixtiyari “yağışmı yağıb” deyirəm. Sabunçu sakini “yox, bura elə il on iki ay belədir” deyir.
Evə tərəf yaxınlaşanda artıq əmin oldum ki, biz elə Afrikaya qonaq gəlmişik. İçəri girəndə isə ağlımdan ilk keçən bu oldu ki, kaş bizə yemək təklif etməyələr. Yeməsək inciyəcəklər, yesək də, yox, bu rütubət qoxusunun içində yeyə biləcəyimə heç əmin deyiləm. Bizim camaat isə qonağa yemək verməyəndə deyir hörmət etmədi. Bir də qonaq yeməyi yeməyəndə “bizi saymadı” deyir. Axır ki, bu fəsli bir təhər yaxşı atlatdıq. Qoxuya da bir azdan burnumuz öyrəşdi. Qoxu artıq əvvəlki kimi bizi narahat etmirdi. İlk içəri girəndə bu üfunət qoxusunda necə yaşayırlar deyə düşünsəm də, indi ətrafa göz gəzdirib başqa şey düşünrəm. Bura bir otaqlı mənzildir. Gözünə Allah bilir neçə nömrəli qalın gözlük taxan yaşlı və yaslı qadın buranın bir zamanlar dəmir sexi olduğunu, buradan bir “Kamaz” dəmir-dümür çıxararaq otaq abrına saldıqlarını deyir. Ancaq bu nəmə, bu dözülməz qoxuya əlac edə bilmirik. Yağış da yağanda küçənin suyu axıb evə dolur, bala. Allah erməninin evini yıxsın, gör nə günlərə qaldıq, saray kimi evimizi-eşiyimizi buraxıb, gəlib bu toyuq damına daldalanmışıq. İyirmi ildən çoxdur gün-güzəran qura bilmirik özümüzə, adamın tifağı dağılanda dağılır elə. Neyləyək, iş tapılmır, orda burda işləyib boğazımızı ödəyirik ancaq. Dövlət ev verəcək deyirlər, ancaq nə vaxt...
Bu otaqda altı nəfər yaşayır. Otaqda bir divan, bir taxt, bir masa, bir də televizor var. Bura həm qonaq otağı, həm yataq, həm də uşaq otağıdır. Buraya fiziki olaraq da yerləşmək çətindir. Yəni insanlar şaquli olaraq yerləşər təbii ki, bəs üfüqi vəziyyətdəykən?
Belə çıxır ki, qaçqının oğul-qız sahibi olmağa o qədər ixtiyarı yoxdur. Çünki uşaqlarını yatırmağa yeri yoxdur bu “neft və milyonlar səltənətində ”...
Elə bilirsiniz ki, bu yaslı qadın “qoy məni dərdimlə dərman eyləmə var, ey həkim” deyəcək, yox. Bunu deməyəcək, çünki o bu yaşamı bir həyat tərzi olaraq qəbul edib. Həyat elə bundan ibarətdir onun üçün. Bu iki yanaşı otaqda ailəsi ilə, hərəyə iki uşaqla dörd gəlin, bir qayınana yaşayır. Dəhlizinə, mətbəxinə kələ-kötür daş döşənərək üstünə linolium çəkilmiş baraka-evdə.
Gözünü qaranlığın məçhulluğuna dikib arxamızdan köks ötürən qadınlarla birgə Sabunçu çökəkliyini arxada qoyub işıq gələn tərəfə gedirik. Şəhərin işıqlarına yaxınlaşdıqca “Azərbaycan gündən-günə çiçəklənir” deyə fəxr edirsən və şəhərin bu dəbdəbəli möhtəşəmliyindən vuran işıq şüalarında yandırırsan acı Sabunçu xatirələrini. Heç yoxmuş kimi gözdən itir, gözünün yaşı ilə birgə qaranlığa qarışır tənha qadın...

Baxış sayı: 553