Gündəm
06.10.2015 / 14:42

Yer kürəsində güclü maqnit qasırğası gözlənilir

Bu gündən başlayaraq Yer kürəsində maqnit qasırğası gözlənilir. Qasırğa sabah axşam saatlarına qədər davam edəcək.

Bu barədə Rusiya Elmlər Akademiyasının alimi Anatoli Belov açıqlama verib.

Alimin sözlərinə görə, Günəşdə baş verən partlayış nəticəsində güclü maqnit qasırğası müşahidə olunacaq. O, qasırğanın həm rabitə cihazları, həm də insan səhhətinə təsir edəcəyini deyib. İnsanlarda təzyiq, baş ağrısı, ürək, yuxusuzluq və stress müşahidə edilə bilər. Təkcə xəstə deyil, sağlam insanlar da bu dəyişikliyi hiss edə bilər. Maqnit fırtınası müşahidə olunan saatlarda insanlara çox maye içmək, spirtli içkilərdən uzaq durmaq məsləhət görülüb.

Yer kürəsində güclü maqnit qasırğası gözlənilirAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov açıqlamasında hazırda Günəşdə gedən prosesləri izlədiklərini, lakin güclü qasırğa gözlənilmədiyini dedi:

“Günəşdə aktivlik hər 11 ildən bir müşahidə edilir. Bu cür hadisələrin izahını alimlər müəyyən edə bilmirlər. Aktivlik sona yaxınlaşanda intensivlik artır. 2013-cü ildən bu vaxta qədər aktivlik minimuma doğru enir, tez-tez fırtınalar müşahidə edilir. Gün ərzində Günəşdə ən azı 4 partlayış baş verir. Onların yerə yönəlmə ehtimalı azdır. Günəşdəki partlayışların Yerə təsirini NASA-nın iki süni peyki müəyyən edir. Günəşdə gözlənilən fırtınalar zamanı 5 cür təlatüm olur, bu gün gözlənilən ən aşağı E1 kateqoriyalıdır. Hazırda Günəşdə baş verən prosesləri onlayn rejimdə izləyə bilirik. Onun şərq istiqamətində bir partlayış baş verib, Yerə çatma ehtimalı çox azdır. Bu fırtınanın Yer kürəsinə təsiri hiss olunmayacaq. Ümumiyyətlə, Günəşdə baş verən prosesləri ilk olaraq şimal qütbünə yaxın ölkələr hiss edirlər. Azərbaycan cənuba daha yaxın olduğuna görə, ölkəmizdə fırtınaların zərbə dalğası daha az hiss edilir”.

N.Cəlilov Günəşdəki partlayışın hansı məqamda təhlükəli olmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, partlayış Günəşin ortasında baş verib, Yerə tuşlanıbsa, atılan qaynar plazma Yerə çatır. Bu zaman Yeri silkələyir, böyük sürətlə gələndə Yerin atmosferinə çatır.

“Bu zaman insanlar, texnika yerin maqnit sahəsinin silkələnməsini, maqnit qasırğalarını hiss edirik. Son vaxtlar maqnit qasırğaları çox da güclü olmur. Əsasən, ürək-qan damar sistemi xəstəlikləri olanlar bu təsiri hiss edirlər. Bu qasırğalar çox da böyük fəlakətə səbəb olmur. Maqnit qasırğası proqnozu veriləndə xəstə insanlar nisbətən sakit vəziyyətdə olmalıdırlar, sağlam insanlar isə heç hiss etmirlər. Texniki avadanlıqlara təsirinə gəldikdə, 20-30 il əvvəl belə təhlükə var idi. İndi süni peyklərin öz müdafiə sistemləri var. Çox güclü qasırğa baş verəndə süni peyklərin işi ona uyğun tənzimlənir”.

İnform.az

Baxış sayı: 410