Şərhlər
06.10.2015 / 13:43

Mən istəsəm edərəm

Mən istəsəm edərəm
Səmra KƏRİMLİ / İnform.az

İnsan özü-özünə həm dost, həm də düşməndir. Hadisələr və nəticələr bizim iradəmizdən kənarda baş verə bilməz. İstəmədiyimiz müddətdə heç kim bizi heç nəyə məcbur da edə bilməz. Bəs onda niyə işlər istədiyimiz kimi olmadıqda, kiminsə bizi təsəlli etməsini gözləyirik, kiminsə bizə bizim yaxşı olduğumuzu xatırlatmasını gözləyirik? Məgər öz seçimlərimizin nəticələri bizdən başqasınımı düşündürməli, narahat etməlidir? Əlbəttə, yox.
İnsan pisixologiyası daima yaxşı olduğunu düşünmək, hər kəsdən hər zaman bir addım öndə olduğunu bilməyi və hiss etməyi tələb edər. Bəlkə də buna görədir ki, çox böyük həvəslə başladığı işin belə nəticəsi pis olduğu zaman məyus olar, kiminsə onu motivasiya etməsini gözləyər, buna ehtiyac duyar. Lakin bu xüsusiyyəti də təbii ki, hər kəsə aid edə bilmərik. Bütün bu qeyd etdiklərimizi nəzərə alsaq insanları motivasiya olunma baxımından 3 tipə ayıra bilərik.
Fikrimizcə, daxili aləmləri güclü olan, özlərinə kənardan nəzər yetirə bilən, səhvlərini ən kiçik nöqtəsinə kimi anlaya bilən və ya ən azından buna cəhd edən insanlar daxili motivasiyayla özlərinə dəstək ola bilənlərdir. Bu insanları digər 2 kateqoriyanın nümayəndələrindən fərqləndirən ən əsas xüsusiyyət isə ruhdan düşməmələri və iradələridir. “Mən güclüyəm, mən bacaracam. Hər kəs səhv edə bilər, eləcə də mən. Əsas odur ki, mən səhvimi anlayıram və bunun öhdəsindən gəlmək mənim əlimdədir.” Deməyi bacarmaq imkan verir ki, başqalarına ehtiyac duymadan özləri özlərini ruhlandırsınlar və daha yaxşısına doğru istiqamətləndirsinlər. Onlar üçün tək gerçək var, o da məqsədlərinə çatmaq. Bu yolda qarşılarına çıxan heç bir maneə onları yollarından döndərəvə ya ruhdan sala bilməz. Bütün gücləri və fikirləri ilə elə bağlanarlar ki, amallarına gecə ilə gündüz yerini dəyişsə ruhları hiss etməz. Düzdür, hər kəsə görə deyil arzularına, diləklərinə bu qədər bağlana bilmək. Lakin onu da qeyd etmək istərdik ki, hər şeyin çoxu zərər olduğu kimi bu bağlılıq da müəyyən həddən sonra fəsadlara yol aça bilər. Deyəcəksiniz ki, axı həddən artıq məqsədyönlü olmağın nə zərəri var? Cavabı bir misalla verək. Karyera arzusunda olan bir gənc bütün həyatını işinə və onun tələb etdiyi amillərə həsr edir. Gözünü açanda görür ki, nə ailə qurub, nə həyatdan zövq alıb, nə də ki, illərini verdiyi bu karyeradan başqa bir məşğulliyyət sahibi ola bilib. Nə dost qazanıb, nə də dost ola bilib. Ona görə də məqsədinə çatmaq üçün getdiyin yolda gərək ətrafına da baxasan, bəlkə kəsə yol ağacların arasında gizlənib?
İndi isə 2ci tip kateqoriyaya aid olan insanlarımızdan söhbət açaq. Xaricdən gələn dəstək hər zaman onlar üçün xüsusi bir mənaya sahib olmuşdur. “əgər elədiklərim kənardan müsbət qiymət alırsa, deməli həqiqətən də mən nə isə bacara bilmişəm.” deyə düşünürlər. Sanki bizə elə gəlir ki, onlar başqalarının fikrini daha üstün sayır, özləri üçün deyil, başqaları üçün yaşayır. Lakin bu haqda çox yanılırıq. Deyərdik ki, bu tip insanlar bəlkə də digərləri ilə müqayisədə ən tolerant, ən humanist insanlardır. Onlar kənardakılardan dəstək aldıqda özlərini daha güclü hiss edir. Çünki etdikləri hər şeyi sadəcə özlərini düşünərək deyil, sadəcə öz mənafeləri üçün deyil ətrafındakılar üçün də edirklər. Onlar qazandıqları uğura dostları da sevinsin istəyir, çünki bu zaman həmin uğur həqiqətən də öz mənasını tapar onlar üçün. Və eyni zamanda kədərli olduqlarında da dostlarının bir kəlmə “Sən daha yaxşısını edə bilərsən. Sən bacararsan. Sənə inanırıq” və s. kimi sözləri onları yenidən ayağa qaldırır və hər şeyə yenidən başlayacaq qədər gücə sahib olmalarına zəmin yaradır.
Sıra çatdı üçüncü növün nümayəndələrinə. əks-pisixologiya adlandırdığımız pisixologiya sahibləridir məhz bu növün insanları. Daha dəqiq desək, onlara yaxşı olduğunu deyil, əksinə pis olduqlarını söylədikdə dirçəlir, gözlərində bir ümid parıltısı işarır. Belə izah edə bilərik ki, bəlkə də onlar başqalarının gözündə gücsüz olmağı həzm edə bilmir və bu səbəbdən də əllərindən gələnin artığını edirlər ki, öz mövqelərini itirməsinlər. Eynilə 2-ci kateqoriyadakı kimi bu tipdə də xarici fikir daha önəmlidir. Lakin bir fərqlə. İlkində kənardan gələn xoş sözlər, ikincidə isə tənqidi fikirlər motivasiya qazandırır. Inadkarlığın çox güclü inkişaf etdiyi bu tip insanlar bəzən isə sırf kiməsə inad nəyisə bacarmağa çalışırlar. Bir tərəfdən bu müsbət haldr. Çünki səbəb nə olursa olsun nəticədə uğur qazanırsan. Digər tərəfdənsə bu zəif cəhətdir. Və bu mənfi xüsusiyyəti sənin əleyhinə işlətmək bir çoxlarının əlində oyuncaqdır. Ona görə də ehtiyyatı əldən vermək olmaz.
Motivasiya insanın həvəslənməsi və ya həvəsləndirilməsidir. Digər sözlə desək, çətinlik qarşısında iradənin gücüylə özünə güvən qazanmaq və bacaracağını düşünməkdir. Insan çox zaman özü-özünü motivasiya etməli olur. Çox zaman bu sadə mövzularda və işindəki çətinliyin nə olduğunu bildiyin anlarda mümkün olur. Lakin elə zamanlarda olur ki, nəyin yanlış getdiyini, səhvin harda olduğunu bilmirsən, görmürsən. Məhz bu zaman kənardan sənə bunu izah edən birinə ehtiyac duyursan. Məsələni tam anladıqdan sonra isə artıq hər şey sənin idarəndən və iradəndən asılı olur. Unutmayaq ki, həyat da, qərarlar da, səhvlər də, doğrular da öz əlimizdədir və bir həyatı idarə etmək kimi böyük bir məsuliyyətimiz var. Həvəsdən düşmək və ya bezmək kimi duyğulara qapılmağa nə vaxtımız, nə də haqqımız var.

Baxış sayı: 716