Qarabağ
06.10.2015 / 05:00

“Qarabağda müharibə başlaya bilər” - Tomas de Vall

“Qarabağda müharibə başlaya bilər” - Tomas de Vall“Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik əvvəlki dövrə nisbətən fərqlənir. Xüsusilə ağır artilleriyanın işə düşməsi bunu deməyə əsas verir. Bu amillər Qarabağda vəziyyətin ciddiliyini göstərir. Lakin unutmaq lazım deyil ki, tərəflərdən heç biri genişmiqyaslı müharibəni istəmir. Sadəcə olaraq, regionda ciddi döyüş əməliyyatlarının keçirilməsi ehtimalı var və hesab etmək olar ki, Qarabağda “səhvən” müharibə başlaya bilər”.

İnform.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz üzrə mütəxəssisi, Britaniya jurnalist Tomas de Vall Almaniyanın “Doyçe Velle” (DW – Alman dalğası) nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, genişmiqyaslı müharibədən danışmaq hələlik tezdir: “Lakin əvvəlkindən fərqli olaraq təmas xəttində ağır artilleriya işə düşürsə, müharibənin olacağı ehtimalı da böyükdür. Ermənistan müharibə istəmir, çünki Dağlıq Qarabağda mövcud status-kvo onu qane edir. Bu status-kvo Azərbaycanı qane etməsə də, rəsmi Bakı danışıqların tərəfdarıdır. Etiraf etməliyik ki, Qarabağda vəziyyət tədricən pisləşir”. T. Valla hesab edir ki, Dağlıq Qarabağda gərgin atmosferin daha bir səbəbi Ukraynanın şərqində Qərblə Rusiyanın toqquşmasıdır. “Regionda vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də nə Azərbaycan prezidentinin, nə də Ermənistan prezidentinin hər-hansı güzəştə getməyə hazır olmamasıdır. Hazırda ATƏT-in Minsk qrupu yalnız toqquşmaların olmaması üçün Qarabağın bugünkü statusunu saxlayır. Çünki buna cəhd edilməsə belə, bölgədə partlayış təhlükəsi olan vəziyyət yarana bilər”, - deyə T. Vall nəşrə müsahibəsində vurğulayıb.

Baxış sayı: 490