Elm-təhsil, Şərhlər
05.10.2015 / 17:17

Ruhunuz mənimlədir, əziz müəllimlərim

Ruhunuz mənimlədir, əziz müəllimlərim
Xalidə Xalid / Inform.az

Əziz müəllimlərim!
Bu gün sizin gününüzdü. Bu gününüz mübarək.
Bü gün mən hər dəfə olduğu kimi yenə də mənim stolüstü kitabım olan “Xatirə” dəftərimdən sizin ürək sözlərinizdən və qısa da olsa sizlə bağlı xatirələrimdən söhbət açacağam.
Amma, indi tam fərqli...
İndi ruhlarınızla həmsöhbət olacağam əzizlərim. Hansınızdan başlayım hə???
Təbii ki, ilk sinif müəlliməm Nailə xanımdan. O qədər səmimi, o qədər şirin rəftarı var idi ki, saatlarla oturub dərsi dinləsəydik belə, zəngin nə vaxt çalındığından xəbərimiz olmazdı. Şirin və qəribə təbəssümü vardı, Nailə müəllimənin.
Amma, əsəbləşəndə də yaman olurdu... Hamımız onu əsəbləşdırməkdən qorxardıq. Sevdiyimizdən, ona pis olmasın deyə qorxardıq.
Yaxşı yadımdadır, sinif nümayəndəsi idim. Bir dəfə məni müəllimlər otağına sinif jurnalını gətirmək üçün yolladı. Bilsəniz necə xoşbəxt idim, ilahi....
Müəllimlər otağına çəkinə-çəkinə girdim. Bir az qapı ağzında dikilib qaldım. İçəri girməyə qorxurdum. Pioner baş dəstə rəhbərimiz vardı, Rübayə müəllimə məni içəri çağırıb soruşdu:
-Xalidə nə lazımdı?
Dilim topuq vurmağa başladı: “ jjuurr- nnaa-llımı-z”
Ayağa qalxıb jurnalların qoyulduğu şkafdan bizim III-a sinfinin jurnalını verib: “qızım, bax ehtiyatlı ol ha, kimsəəyə vermə”-dedi.
Mən də sanki elə bu sözə bənd imişəm. Jurnalı elə bərk-bərk sinəmə sıxıb qucaqladım ki, sanki kimsə əlimdən zorla alacaqdı.
Elə o gündən hər gün sinif jurnalını mən gətirirdim. Özümü elə çəkirdim ki, az iş deyildi, mənə ən məsuliyyətli işi tapşırmışdı Nailə müəllimə.
Çox erkən itirdik sizləri, əzizlərim...
Bir dəqiqə bizi tək qoymazdınız, amma bir ömür tək buraxdınız...
Qarşımda yenə “Xatirə” dəftəri durur və sizin mənə arzularınızı oxuyuram:

“Əziz, sevimli qızım Xalidə!
Sən məni - öz ilk müəllimini "Xatirə" dəftərinə dəvət etdiyin üçün sənə öz minnətdarlığımı bildirirəm. Siz keçdiyiniz bu on ilin enişli-yoxuşlu yollarına nəzər salanda həmişə müəllimlərinizin bir mələk kimi sizin yolunuza nur çilədiyinin şahidi olmusunuz. Siz hələ uşaq ikən, sizi silahlandıran, əllərinizdən tutub sizi sirlər dünyasına aparan müəllimləriniz olmuşdur. On il gözümün qabağında böyüyüb boya başa çatan şagird haqqında fikir yürütmək o qədər də asan deyil. Müəllimin xatirəsində hər bir şagirdin yadda qalan xüsusiyyəti olur.
Dərslərdə fəallıq göstərən, intizamlı, təşəbbüskar şagird xatirdə silininməz izlər buraxır, həyata həkk olunur. Lakin dərsdə qeyri-fəallıq göstərən şagird passiv bir sürət kimi xatirdənsilinib gedir. Siz əlbəttə yadda qalan şagirdlərdən olmusunuz. Elm aləminin ilk pilləsindən son pilləsinə kimi öz üzərində məsuliyyət hiss etmiş, davranışlarına və dərslərinə yüksək fəallıqla yanaşmısan.
Əziz qızım, arzum budur ki, həyatın enişli-yoxuşlu yollarında heç vaxt büdrəməyəsiniz, həyatda bütün arzularınıza, sevdiyin və seçdiyin sənətə çatasan və arzu etdiyin ali məktəbə daxil olasan. Harada olursansa ol, istər istehsalatda, istərsə də ali məktəbdə çalış, öz əməllərinlə müəllimlərinin, ata və ananın etibarını doğrult, onların başını ucalt.
Qızım Xalidə, sən mənim xatirəmdə ən sevimli, ağıllı, dərslərində fəallıq göstərən, intizamlı şagird və doğma qızım kimi yaşayacağsan.
Qoy sənin arzuların çiçək açıb bar versin. Xoşbəxtlik, uzun ömür can sağlığı arzulayıram. Heç vaxt balaca əllərinizə ilk qələm verən ilk müəlliminizi unutmayasınız. Həyata qədəm basan siz cavanlara xoşbəxtlik, səadət, sağlamlıq arzulayıram.
Qızım Xalidə sağ ol. Öpürəm səni.

Sənin ilk müəllimin Nailə..”

Bir az da isə rus-dili müəllimlərimizdən danışım-Səmayə və Ruhəngiz müəllimədən.
Hər iki müəllimə bizə beşinci sinifdən dərs verməyə başlamışdılar. Hər ikisi fərqli idi...Biri zəhmli, digəri zəhmli olduğu qədər də səmimi.
Səmayə müəllimə, həm də qonşumuz idi. İnanın o qədər çəkinərdim ki, məhlədə görəndə, və ya bizə gələndə gizlənərdim.
Eh, amma indi belə pərdə qalıbmı müəllimlə şagird arasında?
Səmayə müəllimənin həm də çox gözəl yemək bişirmək qabiliyyəti vardı. Qonşu olduğum və ailəliklə yaxın münasibətimiz olduğu üçün bilirdim. Onun bişirdiyi qutabı çox sevərdim. Bunu bildiyi üçün, qutab bişirən günü mənim payımı xüsusilə ayırardı.
Ruhunuz mənimlədir, əziz müəllimlərim “ Əziz və mehriban Xalidə xanım, məni məktəb və gənclik illərinin yadigarı olan, xatirə dəftərinə dəvət etdiyin üçün sənə öz minnətdarlığımı bildirirəm. İndi siz bizə qonaq sayılırsız. Beş-altı aydan sonra müstəqil həyata qədəm qoyacağsınız. Sizin qədəmləriniz xoş və uğurlu olsun, həyatınızda heç bir maneəçiliyə rast gəlməyəsiniz, həyat üzünüzə həmişə gülsün.
Xalidə, mən səni şən, işgüzar, bacarıqlı bir şagird kimi tanıyıram. Arzum budur ki, sən ömrünün axırına kimi belə şən, sağlam, bacarıqlı olasan. Həmişə seviləsən. İndi sənin arzularından biri ali məktəbə daxil olmaqdır. Bu yolda sənə müvəffəqiyyətlər arzulayıram. Mən əminəm ki, sən öz arzularını həyata keçirəcəksən. İnsan həyatını xoşbəxt etmək üçün nəcib və ali məqsədlərə meyl etməlidir.
Xalidə, sən öz gözəl, nəcib hərəkətlərinlə həmişə ətrafındakıları sevindir. Həyatda nə edəcəksənsə o da qalacaq. Sənə həyatında gözəl ailə səadəti arzulayıram. Ailə səadəti isə o vaxt gözəl olur ki, onu sevgi və dostluq hissləri isindirsin.
Xalidə, sənə və sənin yaşıdlarına böyük uğurlar arzulayıram. İnsan ancaq xoşbəxtlik üçün doğulmuşdur. Xoşbəxt olun, həmişə sevin və sevilin. Sağ olun.
27 dekabr 1982-ci il.
Səmayə müəllimə.”


Bu sətirlər isə Səmayə müəlliməmin mənə arzularıdır. Bəlkə də çoxları düşünəcək ki, bu qədər olmaz da, xatriələrlə yaşamaq. Bəlkə də haqlısınız. Amma, mən başqa cür ola bilmirəm. Məni bu gün ayaqda saxlayan övladlarımla bərabər xatirələrim, əsasən də məktəbim və müəllimlərimlə bağlı olan xoş xatirələrimdir.
Dünya fırlanır, dünya köhnə dünyadır... Bu dünyada hər şey təzələnir, təkcə xatirələrdən başqa...
Mənim məktəb xatirələrim kimi....
Əzizlərimdən biri Ruhəngiz müəlliməm. Zəhmi və hərdən də uşaqların qulaqlarını çəkib, tənbeh etməsilə unudulmayan sevimlim.
Hamı yaman qorxardı ondan, təsadüf hallarda onu gülən görərdik. Amma, bütün buna baxmayaraq çox sevərdik onu... Elə bu sevgiylə də ona “Xatirə” dəftərimdə yer ayırmışdım:

“Hörmətli qızım və şagirdim Xalidə!
Xatirə dəftərində mənə öz arzu və istəklərimi bildirməyimə söz verdiyin üçün çox sağ ol!
Xalidə, sən müstəqil həyatının astanasındasan. Müstəqil həyat hər bir adamı ciddi imtahanlardan keçirir. Məktəb illərindən, müəllimlərdən , kitablardan həmin imtahanları vermək üçün bir qədər məlumat almısan. Elə insan keyfiyyətləri var ki, onlar insanda həmişə tələb edilir.
Məsələn: doğruluq, dosta sədaqət, insana qayğı, özünə tələbkarlıq, mehribanlıq, Vətənə məhəbbət, mərdlik, təvazökarlıq və s.
Sənə səxavətli ömür arzu edirəm. Xalidə, həyatın mənalı qurulmasında düzgün idealın - nümunənin seçilməsi və ona istinad edilməsi mühim rol oynayır. Xalidə məktəb illərində qazandığın bilik və bacarıqlar, müəllimlərin müdrik məsləhətləri xatirələrin mərkəzində durur. Bu dəftərdə məhz müəllimələrinizə və yoldaşlarınıza müraciət etməyiniz təsdüfi deyildir. Bir növ sən onların arzu və istəklərini bilmək istəyirsən. Mən öz arzularımdan bəzilərini bildirim.
Xalidə! Həyatda xoşbəxt ol. Dostlarının sayını getdikcə artır. Düşmənlərin ümumiyyətlə olmasın. Sağ ol və gümrah ol. Həyata münasibətin həmişə obyektiv olsun. Arzu edirəm ki, ağbirçək olan bir dövrdə bu dəftəri vərəqləyərkən bütün xoş arzularına çatdığını təsdiq edəsən.
İmza: Hörmətlə Rühəngiz müəllimə.”


İndi isə məktəbimizin çox sevilən müəllimlərindən olan, gənc olmasına baxmayaraq, şagirdlərinin “ipini” yığmağı bacaran, zalım fələkin hədəfinə çox erkən tuş gələn kimya müəlliməm əziz Şahbəyim müəlliməmdən danışaçağam.
Ala gözlü, səmimi, səmimi olduğu qədər də zəhmli idi, mənim gözəl müəlliməm. Texniki fənlərə marağım olmadığı üçün, kimya fənnini də sevmirdim. O günədək ki, Şahbəyim müəllimə bizə təyinatla gəldi. Və sinfə ilk girişindən bağlandım ona.
Mendeleyev cədvəlinidə onun xətrinə əzbərləmişdim...
Gidi dünya, nə qədər zalımsan...Sevdiklərimizdən doymadan, onları bizdən ayrı salırsan.
Müəllimlərimdən mənə qalan bir xatirələri və bəzilərinin də şəkilləridir.
Kimyaçı olsa da ruh əhli idi, Şahbəyim müəllimə. Poeziyanın, ədəbiyyatın vurğunu idi.
Elə mənə arzularını da şeirlə başlayıb, çox qəribə idiki, gənc olmasına və hələ ailə qurmamasına baxmayaraq mənə “qızım” deyərdi:
Ruhunuz mənimlədir, əziz müəllimlərim“ Səni qadir Alla, ey incə çiçək,
Yaratmış dünyaya verməkçin bəzək.
Əziz və sevimli qızım Xalidə!
Mən hər dəfə sənə baxanda nə üçünsə zərif, gözəl, xəzan görməmiş çiçəyi xatırlayıram. Bu çiçək o qədər zərifdir ki, kiçik bir ehtiyatsızlıq, kobud bir hərəkət onu soldura bilər. Arzu edirəm ki, həyatda həmişə səni düzgün başa düşsünlər. Qəlbinə toxunan, sənə qarşı kobudluq edən olmasın. Heç vaxt xəzan görməyən üzün çiçək qədər zərif, gözəl olsun, amma çiçək qədər ömrün olmasın.
Mən sənə gül demərəm,
Gülün ömrü az olur...
Uzun ömürlükdə Şirəli babaya oxşayasan.
Xalidə arzu edirəm ki, həyatı həmişə şən, xoşbəxt, istədiyin kimi yaşayasan. Öz yolun məqsədin olsun. Cılız, məqsədsiz insan olmaqdansa heç yaşamamaq daha yaxşıdır.
Ölmək – yaşamaqdır,
Sərsəm yaşamaq, ömrə yamaqdır.
Çalış həyatda heç vaxt büdrəməyəsən. Elə səhvlər etmə ki, sonra onun üçün bütün ömrü boyu xəcalət çəkəsən. Unutma ki, yalnız məktəbdə "Bağışlayın bir daha etmərəm" sözləri ilə, hər şeyi, hər bir səhvi bağışlayırlar. Həyatda isə adamı belə asanlıqla bağışlamırlar. Sizin hamınızı xoşbəxt, hər bir çətinliyə qalib gəlmiş, həyatda öz yerini tapmış görmək mənim üçün böyük xoşbəxtlik olar. Çalışın bu xoşbəxtlik mənə nəsib olsun. Mənim əziz mehriban, şıltaq şagirdlərim. Mənim üçün sizi heç kəs əvəz edə bilməz.
09.02. 1983. Rüstəmova Ş. M.”

Belə, mənim əzizlərim!
Bu gün Müəllimlər günüdür. Bu gün hər gün olduğu kimi, yenə də ruhunuz mənimlədir, vaxtsız itirdiklərim.
Mən sizləri sadəcə cismən itirmişəm. Ruhunuz isə nə unudulası, nə də ki, itiriləsi deyil...
Ruhunuzun qarşısında baş əyirəm, yorulmadan təkrar-təkrar söylədiyim sözümü yenə də söyləyirəm:
“Haqqınızı halal edin, mənim əziz müəllimlərim”

Baxış sayı: 1778