Baş xəbər, Mədəniyyət, Müsahibə
05.10.2015 / 13:40

Mənsum İbrahimov: “Burada saxtakarlıqdan söhbət gedə bilməz”

Mənsum İbrahimov: “Burada saxtakarlıqdan söhbət gedə bilməz”
“Şou-biznesdə olanların çoxu məni qane etmir”

Müsahibimiz xanəndə, Respublikanın xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, “Şöhrət” ordenli Mənsum İbrahimovdur.

- Mənsum müəllim, yəqin ki, bu il yeniliklər çox olacaq?

- İnşallah. Teatr mövsümünün açılışını da Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr etdik. Elə bu münasibətlə də Opera və Balet Teatrının səhnəsində Şərqin ilk operası olan “Leyli və Məcnun” operası ilə mövsümün açılışını etdik. Tərəf müqabilim isə Nəsakət Teymurova idi. Təbii ki, əsər möhtəşəm olduğu üçün tamaşa çox maraqlı keçdi. İşlər hamısı birdən başlayıb, tədbirlər, konsertlər, hər şey yaxşıdır yəni.

- Bu günlərtdə 55 illik yubileyiniz oldu...

- Ötüb-keçən ömrümə nəzər salanda görürəm ki, arxada qalan ömür hədər getməyib. Bacardığım işlə məşğul olmuşam. Millətimizə, incəsənətimizə, muğamımıza bacardığım qədər xidmət etmişəm. Bu da dövlətimiz tərəfindən hər zaman çox yüksək qiymətləndirilib. Heydər Əliyev Fondu - şəxsən Mehriban xanım Əliyeva tərəfindən muğamımıza çox böyük diqqət və qayğı göstərilir.

- Yaxınlarda qastrol səfərləriniz nəzərdə tutulurmu?

-Bəli, bu ay qastrol səfərlərimiz planda var. Burada böyük sənətkarlarla birgə konsert proqramı nəzərdə tutulub. İşlərimiz çoxdur. Hər zaman çalışıram ki, işlərimin öhdəsindən layiqincə gəlim və qabaqcadan danışmayım. İnşallah, noyabr ayı üçün bir-iki səfərlərimiz gözlənilir. Bu haqda qayıdandan sonra sizə eksklüziv məlumat verərəm.

- İnşallah. İyirmi iki ildir Məcnun rolunu ifa edirsiniz. Hər dəfə də yeni Məcnun olursunuz, yoxsa Məcnun dəyişmir?

- Bu opera şərqin ilk operasıdır. İki böyük dahinin yaratdığı bir operadır. Bunu rol kimi oxumaq mümkün deyil. Eyni rol kimi ifa etsəm, tamaşaçı sevməz. Mən hər dəfə nəsə yenilik tapıram o tamaşada. Bu opera mənim üçün ideal bir əsərdir və Məcnun obrazı isə ideal bir obrazdır. Buna görə bu rola heç vaxt ötəri yanaşmamışam. Sentyabr ayında operada çalışmağımın otuz dörd ili tamam oldu. Bu bir insan ömrüdür. Bu otuz dörd ildə səhnədə böyümüşəm. Baxmayaraq illər keçir, ancaq mən bu rolu bu gün də sevə-sevə ifa edirəm. Bu əsər bizim milli operalarımızın şahıdır. Hər dəfə səhnəyə çıxanda elə bilirəm Üzeyir bəyin qarşısında imtahan verirəm. Nə qədər Azərbaycan var, bəşəriyyət var, bu əsər hər zaman aktual olaraq qalacaq. Ən çox tamaşaçısı olan əsərdir. Fəxr edirəm ki, iyirmi iki ildir, bu əsərin Məcnunuyam.

- Təcrübəniz icazə verir ki, muğam müsabiqələrində münsif stolunda oturasınız. Maraqlıdır, həmkarınız Canəli Əkbərov deyir ki, “muğam müsabiqəsində düz seçimdən söhbət gedə bilməz. Orada oturan münsiflərin hamısı öz tələbəsini seçməyə çalışır, yerlipərəstlik hökm sürür”. Sizcə doğrudur bu fikirlər?

- Canəli müəllim bizim böyük sənətkarımızdır, ona hörmətim var. Bu onun şəxsi fikirləridir. Ancaq bir söz deyim. O kürsüdə əyləşənlərin hamısı bizim böyük sənətkarlarımızdır. Bu münsiflərin ən cavanı mənəm. Düzdür, hamımızın tələbələri iştirak edir. Ancaq orada laureat olan tələbə bizim heç birimizin tələbəsi olmur. Məncə bu kifayətdir sizin sualınızı cavablandırmağa. Sənətdə belə şey mümkün deyil, o da ola muğam sənətində. Qalib xalqın gözü qarşısında seçilir. Burada yalandan, saxtakarlıqdan söhbət gedə bilməz. Şəfaf və canlı gedən bir müsabiqədə sizin səsləndirdiyiniz fikirlər mümkünsüzdür. Bu ciddi bir layihədir, uğurları göz qabağındadır. Muğam müsabiqəsinin qalibləri bu gün fəxri adların daşıyıcılarıdır.

- Siz sənətin daha ciddi sahəsi ilə məşğulsunuz. Maraqlıdır, bəs şou-biznes aləmi ilə maraqlanırsınızmı, xəbəriniz varmı?

- Bir söz deyim ki, əvvəlcə bunların hamısı bizim Azərbaycan xalqının balalarıdır. Onların içində çox istedadlı gənclər var. Həqiqətən mən onları sevə-sevə dinləyirəm. Sözsüz ki, yaxşılarını. Çox təəssüf edirəm ki, çoxluq qane etmir . Qalmaqal, şou yaratmağa meyillidir. Amma hansına ərkim catırsa, deyirəm çalışın yaddaşlarda sənətlə qalın. Gündəmə sənəti, yaradıcılığınızı gətirin. Dedi-qodularla, söz-söhbətlərlə iş getməz. Sənətin inkişaf etməsini istəyirəm. Efirlərdə dedi-qodu görəndə heyfslənirəm.

- Elə sizin haqqınızda da söz-söhbətlər olur. Amma susursunuz və deyirsiniz ki, quru palçıq divara yapışmaz...

- Həmişə tələbələrimə də deyirəm, başınınızı aşağı salıb işinizi görün. Haqq öz yerini tapacaq. Söhbət tək məndən getmir, ancaq həqiqət budur ki, insanın uğurları artdıqca, adı, işi ilə ucaldıqca, paxıllığını çəkənlər, söz atanlar çox olar. Bəli, o da var ki, quru palçıq divara yapışmaz.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 621