Baş xəbər, Mədəniyyət, Müsahibə
05.10.2015 / 10:26

Bu gün "Synaps"ın beş yaşı tamam olur

Bu gün "Synaps"ın beş yaşı tamam olurMəşhur reperlər tərəfindən təsis edilən səsyazma studiyası “Synaps Production” bu gün beş illiyini qeyd edir. Bu münasibətlə studiyaya baş çəkib kollektiv üzvlərindən “Synaps Production”-ın yaranması və fəaliyyətilə bağlı söhbət etdim. Müsahiblərim isə reperlər- Ağarəhim Poladov (Ramires), Şamxal Novruzlu (Faust aka Drek), Şəhriyar Atababayev (Xpert), İlkin Hüseynov (Luter), musiqiçi Ruhin Məmmədov (Rino Rhodes) və rejissor Eltun Baxışzadə idi.

Ləman: Uşaqlar, istərdim ki, əvvəlcə “Synaps”-ın necə yarandığı barədə oxucularımıza məlumat verəsiniz?

Ramires: “Synaps Production” “B.İ.Z Brotherhood” (Orxan (A4), Kamil (OD), Namiq (BIZnessman), Şəhriyar (Xpert) və Elçin (Naqan ) və Kavkaz Clan-ın (Mən, Şamxal (Faust aka Drek), İlkin (Luter) və Ucal (Sir Lucas) birləşməsiylə meydana gəlib. Mən kursda ingilis dili müəllimi işləyirdim. Bir dəfə söhbət əsnasında tələbələrimdən biri - Bəhruz mənim də replə məşğul olduğumu öyrəndi. Sonra öz dostunu - Orxanı (A4) da kursa dəvət etdi. O da ingilis dili öyrənmək istəyirdi. Və bizim ünsiyyətimiz belə başladı. Sonra digər uşaqlarla da tanış olduq. O vaxtlar birləşmək ideyası yox idi. Sadəcə bir-iki track yazırdıq. Parklarda oturub akapella, freestyle edirdik. Uşaqlarla qaynayıb-qarışdıqdan sonra demək olar ki, birləşmək ideyası yarandı.

Xpert: Əslində, bizim birləşmək kimi bir fikrimiz yox idi. Bir gün qərar verdik ki, studiya açaq və şərik işlədək (Kavkaz Clan və B.İ.Z Brotherhood). Sonra bir gün Şamxal (Faust Aka Drek) dedi ki, “Niyə biz bir yerdə ola-ola fərqli adlarla fəaliyyət göstəririk? Onsuz da bir yerdəyik, gəlin elə bir ad altında birləşək”. Hamı razılaşdı və müxtəlif adlar təklif edildi. Sonra yenə Şamxal “Synaps” adı altında birləşməyi təklif etdi. Bu sözün mənası həm də “birləşən” “birləşdirən” deməkdir.

Ləman: Bəs “Synaps” hansı ideologiyanı əsas tutaraq yarandı?
Bu gün "Synaps"ın beş yaşı tamam olur
Xpert: Bilmirəm uşaqlar razılaşar, ya yox, amma mənə elə gəlir ki, “Synaps” yaranan ərəfələrdə Azərbaycan repində elə ideologiya məsələləri ön planda idi, rep isə ikinci planda. “Synaps” isə məhz ideologiyanı ikinci, hətta üçüncü plana atıb, repi ön plana çıxardı. Məncə, elə “Synaps”-dan sonra Azərbaycanda underground rep meydana çıxdı. O dövrə qədər siyasi mövzular, lirika və s. çox idi. “Synaps” sırf repi qabağa çəkdi. Bu barədə çoxu bilmir, bilənlər də demir. İlk dəfə underground, yəni aqressiv, battle rep məhz “Synaps”-dan başlayıb.

Rino Rhodes: “Synaps” kollektivinin işi entuziazm üzərində qurulub. Bu da sırf yaradıcı insanlara xas bir xüsusiyyətdir.

Ləman: Bəs sizdə repə marağı kimlər oyadıb? Azərbaycanlı, yoxsa xarici repçilər? Yəni kimlərdən ilham almısınız?

Xpert: Demək olar ki, hər ikisi.

Luter: Çoxumuz eyni insanları dinləmişik. Məsələn, azərbaycanlı reperlərdən Anar Nağılbaz, Elşad Xose, “Dəyirman” qrupunun adını çəkmək olar.

Ramires: Amma buna baxmayaraq, heç birindən ilham almamışıq.

Luter: Sadəcə dinlədiyimiz insanların adını çəkirik. Xarici repə gəldikdə isə, dəyişməz adlar var o vaxtlar üçün. Məsələn, Tupac, Eminem, Dr.Dre və s. O vaxt kütləvi dinlənilən şəxslər bunlar idi.

Ləman: Beş ildir fəaliyyət göstərən “Synaps” hansı layihələriylə uğura imza atıb?

Xpert: Bizim bütün layihələr sosial şəbəkə ilə bağlıdır. Dünyada da belədir, o cümlədən “Synaps” da Azərbaycanda sosial şəbəkədə məşhurlaşan rep birliklərindən biridir. Bizə qədər məşhur olanlar belə youtube-da, facebook-da, twitter-də yox idilər. Biz əsasən diqqətimizi sosial şəbəkələrə yönləndirdik, uğuru da ordan qazandıq.

Eltun: Bizim ən böyük uğurlarımızdan biri də odur ki, verdiyimiz ismarıcları dinləyiciyə çatdıra bilmişik. Bunu nəzərə alaraq mən, bütün işlərimizi uğurla həyata keçmiş sayıram.

Ləman: Bəs yaxın gələcəkdə hansı layihələriniz gözlənilir? Bu gün "Synaps"ın beş yaşı tamam olur

Xpert: Açıqcası, layihələrimiz çoxdur. Məsələn, “Synaps Library” adlanan kitab layihəmizi qeyd edə bilərik. Bildiyiniz kimi, Azərbaycanda yazıçılar kitab yazsalar da, satışında çox əziyyət çəkirlər. Yəni promotion zəifdi. Biz də gənc dinləyici kütləmizi nəzərə alaraq qərara gəldik ki, internet aləmində ən çox maraq doğuran parçalar, kliplər kitablara mövzu olsunlar. Yazıçılar yazsınlar, biz yox. Yəni Azərbaycanda istedadlı amma kitablarını sata bilməyən yazıçılar bizim replərdən mövzu götürüb, ilhamlanıb kitab yazacaqlar və onu biz promotion edib, satışına kömək edəcəyik. Məqsəd də odur ki, həm oxucu kütləsi maariflənir, həm kitablar daha çox satılır, həm də yazıçılar özlərini tanıda bilirlər.

Ləman: Azərbaycan reperləri arasında rəqabət hansı səviyyədədir?

Xpert: Ötən illərdəki kimi qənaətbəxş deyil.

Luter: Sağlam rəqabət ümumiyyətlə yoxdur. Bu gün elə adamlar var ki, yeni-yeni rep deməyə başlayanda götürüb kimisə təhqir edir, pisləyir və bununla gündəmdə qalmaq istəyir. Bu isə rəqabət deyil. Bizim heç vaxt belə məqsədlərimiz olmayıb. Repə gəldiyimiz gündən rəqabət aparmağa çalışmamışıq. Həm də kimlərdənsə istifadə edərək tanınmamışıq.

Xpert: (Gülür) Yəni sən rəqabət aparmırsansa, demək ki, heç kim sənin rəqibin deyil.

Luter: Və yaxud kiminlə rəqabət aparmaq istəyirsənsə, əvvəlcə gəl bir onun səviyyəsinə çat, sonra rəqabət apar.

Eltun: Azərbaycan repində bu dəqiqə vəziyyət elə deyil ki, kimsə kiminləsə rəqabət aparsın.

Ləman: Rep janrına Azərbaycanda dövlət dəstəyi göstərilirmi?

Xpert: Hələ ki elə böyük layihələrə imza atmamışıq ki, əlaqədar qurumlara müraciət edib onlardan dövlət dəstəyi istəyək.

Eltun: Əsas odur ki, bizdə mikrofon var, kompüter var və şərait var ki, ərsəyə gələn parçanı klip şəklində dinləyiciyə çatdıraq.

Ramires: Amma məsələn, bizdən kömək istəyənlər çoxdur.

Xpert: Biz çox adama kömək etmişik hansı ki, heç yerdə indi adımızı da çəkmirlər. Düzdü, adımızı çəkənlər də var, amma o qədər köməyimizin qarşılığında yenə də azdır.

Ləman: Bəs cəmiyyətin hip-hop mədəniyyəti, rep janrı haqqında məlumatlanması üçün nələr edirsiniz? Çünki mənim araşdırmalarıma görə internetdə Azərbaycan repi haqqında məlumat çox azdır. Bir reper kimi bu sizi narahat etmir?

Faust aka Drek: Əvvəllər azərbaycan dilində materiallar internetdə çox az idi. Biz isə www.hiphop.az adlı saytımızda kifayət qədər rep haqqında ətraflı məlumatlar yayımlamışdıq. Repin yaranma tarixi, məşhur simaları haqqında məlumatları Orxan (A4) rus dilindən tərcümə etmişdi. Sonra elə alındı ki, saytlara maraq o qədər də qalmadı. Hamı sosial şəbəkələrə üstünlük verməyə başladı. Biz də o saytın fəaliyyətini dayandırdıq.

Rino Rhodes: Həm də indi işinə ciddi yanaşan hər bir reper özü haqqında Wikipediada məqalə yerləşdirir. Xpertin artıq web-saytı var, məsələn.

Ləman: Xaricdə konsert təşkil etməyi planı necə, varmı?

Eltun: Hələ ki, xaric barədə düşünməmişik. Amma genişmiqyaslı layihə təşəbbüsü kimi ilk növbədə Azərbaycan daxili böyük bir tur planlaşdıra bilərik. Yəni birinci mərhələ kimi Azərbaycanın bütün bölgələrində konsert vermək yaxşı olardı.

Ləman: Ümumiyyətlə, özünüzdə xarici auditoriyanı cəlb edəcək potensial hiss edirsiniz?

Faust aka Drek: Xarici dinləyicilər bizi çox bəyənirlər. Türkiyənin özündə belə dinləyicilərə bizim tərzimiz fərqli gəlir.

Xpert: Yəni yaxşı mənada fərqli gəlir. Ona görə də bəyənirlər.

Faust aka Drek: Məsələn, bəziləri türkləri çox təkrarlamağa çalışırlar, amma biz
Azərbaycan türkcəsini qoruyaraq öz tərzimizdə davam edirik.

Xpert: Bu da Türkiyə dinləyicisinə yenilik kimi gəlir. Çünki onların hər zaman eşitdiyi sözləri biz bir az başqa cür ifadə edirik.

Ləman: Aranızda rus dilində rep deyənlər də var. Rus dilində yazılan rep Azərbaycanda kifayət qədər dinləyici kütləsi qazana bilirmi?

Ramires: Elə rus dilində rep deyən şəxslər var ki, onlar Rusiya auditoriyasına uğurla çıxa biliblər. Azərbaycan daxilindəki rusdilli auditoriya isə daha azdır. Buna baxmayaraq, Gürcüstandan, Rusiyadan və başqa ölkələrdən dinləyib bəyənənlər də az deyil.

Ləman: Bu gün “Synaps Production”-a kimlər daxildir?
Bu gün "Synaps"ın beş yaşı tamam olur
Xpert: “Synaps” o birliklərdəndir ki, ora repçilərdən başqa, rejissor da, musiqiçilər də daxildir. Yəni sırf replə məhdudlaşmır. Bu isə ən əsas üstünlüklərimizdən biridir. Bizə qədər belə bir şey olmayıb.

Faust aka Drek: Rejissorumuz Eltun Baxışzadə artıq dörd ildir ki, bizimlədir. Özü “Beat Group”-da fəaliyyət göstərir, amma bizim işləri də görür. Musiqiçimiz Ruhin Məmmədov (Rino Rhodes) konservatoriya məzunudur. Bəstələrimizdə bizə kömək edir.

Rino Rhodes: “Synaps”-dakı fəaliyyətimə musiqi bəstələmək, aranjeman işləri və s. daxildir. Vokal məsələlərdə də kömək edirəm. Ümumiyyətlə, çox zövqlüdür burada olmaq, işə töhfə vermək. Əsas odur ki, gördüyümüz işi sevirik, birlikdə inkişaf edirik. İçimizdən kimsə qabağa gedirsə, kimsə geridə qalmır.

Eltun: Deməzdim ki, bura sadəcə bir prodakşndır və hər kəs gəlib burada öz konkret işini görüb gedir. Hamımız rep dinləyərək böyümüşük, repi sevirik və burada olmaq bizə xüsusi zövq verir.

Ramires: Baxmayaraq ki, içimizdə işi, ailəsi olanlar var, amma bu bizə bir araya gəlməyə, dostluğumuzu və yaradıcılıq fəaliyyətimizi davam etdirməyə mane olmur. Hətta gərgin iş günündən sonra Synaps-a gəlib buradakı yaradıcı mühitdə rahatlaşmaq olur.

Faust aka Drek: Yəni Synaps bizi bir araya gətirib, amma hal-hazırda bizi təkcə rep birləşdirmir. Elə vaxt olub ki, bizim studiyamız olmayıb, kimsə xaricdə olub, kimsə əsgərlikdə olub amma dostluğumuz, ünsiyyətimiz davam edib. Bizi sadəcə musiqi birləşdirmir.

Ləman: Ümumiyyətlə, bu gün Azərbaycanda disk satışı nə səviyyədədir?

Faust aka Drek: Disk satışı Azərbaycanda sıfır səviyyədədir. Çünki bunun üçün gərək öncə elə bir şərait yaradılsın ki, piratçılıqla mübarizə aparılsın və müəllif hüquqları qorunsun. Amma bizdə bu məsələ axsadığı üçün disk satışına çox böyük təsir göstərir. Bir nəfər diski alır, üzünü köçürür və paylayır dostlarına. Mahnı yayılır. Nəticədə sənətçi heç bir qazanc əldə etmir. Ona görə də biz qərara gəldik ki, “İ-tunes”-la işləyək. Bizim treklərin satışını “İ-tunes” vasitəsilə həyata keçirməyimizi dinləyicilər də anlayışla qarşılamalıdırlar. Onlar da fikirləşməlidir ki, sənətçi əziyyət çəkib bu məhsulu ərsəyə gətirirsə, onlar da bunun üçün ən azından 1 dollar ödəyib bunu almalıdırlar.Bu gün "Synaps"ın beş yaşı tamam olur

Ramires: “İntellektual mülkiyyət” deyə bir anlayış var. Qərbdə, hətta Rusiyada da dinləyici artıq intellektual mülkiyyətin dəyərini anlamağa başlayıb. Düzdü, biz hər şeyi entuziazm üzərində qururuq. Lakin bir keçid anı var ki, o zaman sənətçi ilə dinləyici bir-birini başa düşür. İkinci tərəf birincinin əziyyətinə ən azından 99 sent dəyər verirsə, bu artıq göstəriciyə çevrilə bilər.

Xpert: Bu, mədəni alış-verişdir. Yəni dinləyici səndən növbəti dəfə üçün keyfiyyətli məhsul istəyirsə, o sənin bu dəfəki məhsuluna qiymət verməlidir.

Faust aka Drek: Sən dükana girib deyə bilməzsən ki, mənə pulsuz çörək verin. Bir dəfə, iki dəfə... Üçüncü dəfə o dükanda çörək olmayacaq. Çünki o çörəyi hazırlamaq üçün vəsait yoxdur. Axı onun hazırlanmasında insanlar əziyyət çəkir və onların haqqı verilməlidir. Burda da həmin vəziyyətdir.

Ləman: Rep keyfiyyətli zövq formalaşdıra bilir? Bəzi insanlar var ki, repə qulaq asırlar, amma dinlədiklərinin heç 1% -nə gündəlik həyatlarında əməl etməyə, ya da ən azından o barədə düşünməyə çalışmırlar. Treklərinizdə dinləyicilərə çatdırdığınız ismarıclar onlara necə çatır?

Xpert: Bu, yenə gəlib ideologiya məsələsinə bağlanır. Bizim ümumi ideologiyamız yoxdur ki, kiməsə nəsə aşılayaq və sonra deyək ki, bizi başa düşmədilər. Heç kim öz trekində yeritmir ki, siz belə olun, elə olun. Deyir ki, “mən beləyəm”. Hər kəs özündən yazır və onun ruh halına yaxın olan adamlar da onun treklərini tapıb dinləyir.

Faust aka Drek: Biz təbliğatla məşğul olmuruq.

Eltun: Repə qulaq asan insanların zövqlü insanlar olduğunu tarix də göstərir. Rep dinləyən insanlar arasında çox yaxşı, yüksək vəzifələrdə çalışanlar var. Məncə, rep digər musiqi janrlarından daha çox düşüncənin inkişafına kömək edir. Elə sadə bir müşahidəmi qeyd edə bilərəm. Məsələn, Şəhriyarın səhifəsində şərh yazan insanlar əvvəllər orfoqrafik səhvlərə yol verirdilər. İndi isə daha diqqətlə yazır və daha az səhvlərə yol verirlər.

Ləman: Bu ki, çox yaxşı göstəricidir.

Eltun: Əlbəttə.

Xpert: Ümumiyyətlə, azərbaycanlılar sözə doymuş millətdir. Belə ki, buranın meyxana kimi söz sənəti var. Hansı ki, hər qafiyə açılanda minlərlə sözdən istifadə olunur...
Ona görə də bizim dinləyici kütləsini sözlə təəccübləndirmək asan deyil. Bununla belə, rep cüzi bir təkan verə bilirsə, bunun özü də bir nailiyyətdir. Avropada, Rusiyada, Türkiyədə meyxana yoxdur. Zənnimcə, digər ölkələrə nisbətən Azərbaycanda replə məşğul olmaq daha çətindir.

Eltun: Digər musiqi janrları, məsələn pop janrını götürsək, popda müəyyən qanunlar var, o qanunlar çərçivəsində işləyib nəsə hazırlayırsan. Amma rep elə bir janrdır ki, burada heç bir çərçivə yoxdur. Yəni sən burada istədiyini edə bilirsən. İstədiyin mesajı ötürə bilir, istədiyin fikri ifadə edirsən. Çərçivə olmadığı üçün də insan inkişaf etməyə başlayır.

Luter: Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda normal reperlər (dəb xətrinə rep deyənləri çıxmaq şərtilə) hətta bəzi müğənnilərdən daha istedadlı, daha bacarıqlıdırlar. Bu dəqiqə Azərbaycan televiziyası, Azərbaycan musiqisi reperlərə aranjeman üçün müraciət edirlər. Reperlər həm güclü aranjemançılardır, həm də mahnılara güclü sözlər yazırlar.

Xpert: Düzgün vurğuladın. Bu dəqiqə Azərbaycanda hit olan bütün pop mahnılarının hardasa 90%-nin sözlərini keçmiş reperlər yazıb. Ən çox dinlənilən mahnıların səs uzlaşmasını da keçmiş reperlər ediblər. Hal-hazırda, Azərbaycan musiqisinin müəyyən faizi Azərbaycan repindən qidalanır.
Yeri gəlmişkən, onu da qeyd edim ki, “Synaps”-ın reperləri hamı universitet məzunlarıdır.

Luter: Məni sevindirən bir məqam da odur ki, Şəhriyarın, Rəhimin ya da hər hansı birimizi dinləyən insanlar beş il öncə bizi dinləyirdisə, bundan on beş il sonra da bizim treklər yadına düşəndə bizi dinləyəcək. Yəni dinləyici deməyəcək ki, mən o vaxt çılğın olduğum üçün bunlara qulaq asırdım, indi isə o vaxtım deyil. Bu da səmimiyyətə bağlıdır. Bizim uşaqlar dinləyiciyə məhz bu səmimiyyəti ötürə bilirlər.

Ləman: Son olaraq, oxucularımıza nə demək istərdiniz?

Xpert: Mən sırf replə məşğul olmaq istəyən insanlara demək istəyirəm ki, işə başlayanda çalışsınlar ki, ailələrinin razılıqlarını alsınlar. Necə deyərlər, gördüklərin işin halallığını alsınlar.

Ləman: Əks halda?

Xpert: Əks halda heç bir uğur gözlənilmir. Bu, faktdır.

Faust aka Drek: Kim ki, replə məşğul olmaq istəyir, bu istəyindən daşınsın. (Gülürlər) Amma artıq başlayıblarsa, o zaman möhkəm olsunlar. Çünki həqiqətən lazım olan komandasız, lazım olan adamlarsız burada uğur qazanmaq çətindir. Çalışmalısan ki, hər zaman aktiv fəaliyyətdə olasan. Bir də hamıya keyfiyyətli musiqiyə qulaq asmağı məsləhət görərdim. Çünki bəzən görürsən ki, deyirlər zövqlü musiqiyə qulaq asırıq, amma toylarına gedəndə əksini görürsən. Repə gəlincə isə rep reallığı ifadə edən janrdır. Onun dəyərini bilsinlər və ucuzlaşdırmasınlar.
Bu gün "Synaps"ın beş yaşı tamam olur
Eltun: Mən də əlavə edərdim ki, hər kəs öz sahəsində qarşısına qoyduğu məqsədin dalınca axıra kimi getsin. Yalnız belə olan halda nəyəsə nail olmaq olar.

Rino Rhodes: Bir də mən nəinki reperlərdən, həm də bütün ifaçılardan xahiş edərdim ki, bir-birinə bənzəməyə, bir-birini təkrarlamağa çalışmasınlar. Hər kəs öz tərziylə sənətə gəlsin.


Ləman Məmmədova/İnform.az

Baxış sayı: 1937