Mədəniyyət
03.10.2015 / 11:40

Özbəkistan mətbuatı Üzeyir Hacıbəylidən yazdı

Özbəkistan mətbuatı Üzeyir Hacıbəylidən yazdıÖzbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanın mədəniyyət sahəsində "silkway.uz" saytında "Оперный новатор Востока Узеир Гаджибеков" adlı məqalə dərc olunub. Məqalədə bildirilib ki, Azərbaycan professional musiqisinin banisi dahi Üzeyir Hacıbəyov müsəlman şərqində ilk operanın əsasını qoymuş, musiqili komediyanın yaradıcısı kimi xor mahnı, qəzəl-romans, xalq çalğı alətləri orkestri, instrumental ansambl üçün müxtəlif janrlarda əsərlərin müəllifidir.

Məqalə müəllifi qeyd edir ki, Üzeyir bəy məşhur bəstəkar olmaqla yanaşı, o tanınmış alim, folklorçu, pedaqoq, dramaturq, jurnalist və ictimai xadim olmuşdur.

Dahi bəstəkarın həyat və fəaliyyəti saytda geniş işıqlandırılmış, onun yaradıcılığında dünyanın tanınmış musiqiçilərin əsərlərinin Verdi, Motsart, Qlinka, Çaykovski, Bizenin mühüm rolu olduğu məqalədə vurğulanır.

Saytda Ü.Hacıbəyovun pedaqoji fəaliyyətinə nəzər salınır və yazılır ki, o, Azərbaycan dilində ilk riyaziyyat dərsliyinin yazmışdır. Üzeyir Hacıbəyovun ictimai fəaliyyəti barədə yazan müəllif qeyd edir ki, o, "Molla Nəsrəddin" jurnalı, habelə o dövrdə dərc olunan qəzetlər üçün felyetonlar, məqalələr yazmaqla xalqın maariflənməsinə mühüm töhfələr verib.

Müəllif yazır ki, Hacıbəyovun nadir tapıntısı onun operanın muğam əsasında yazmasıdır. Məhz onun operasının əsasını şərq koloritli Azərbaycan muğamı təşkil edir.

Məqalədə qeyd olunur ki, Ü.Hacıbəyov 1908-ci ildə 12 yanvar tarixində Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında ölməz bir opera yaratmışdır ki, bununla da o, müsəlman şərqində ilk operanın əsasını qoyub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dahi bəstəkar haqqında fikirlərinə məqalədə yer verilib: "Üzeyir Hacıbəyov azadlıq, insanpərvərlik, humanizm təmiz, saf məhəbbət ideyalarını əsas götürərək Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında ölməz bir əsər yaradıb.

Sitat: Azərbaycan xalqının zəngin musiqi xəzinəsinə müraciət edən Hacıbəyov 22 ilə yazdığı "Leyli və Məcnun" operası onu böyük bəstəkar kimi dünyaya tanıdıb. 1937-ci ildə isə Hacıbəyov "Koroğlu" operasını bitirdikdən sonra o, SSRİ xalq artisti fəxri adını almış və daha sonra SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 1945-ci ildə isə o, Azərbaycan SSRİ-nin Dövlət himnini yazıb.

Müəllif Üzeyir Hacıbəyovun Özbəkistanda da sevildiyini vurğulayır, onun "Leyli və Məcnun" operasını ilk dəfə 1916-ci il dekabrın 30-da SSRİ xalq artisti Sidqi Ruhulla Daşkənddə səhnəyə qoyub.

Məqalədə qeyd olunur ki, Azərbaycan xalqı öz dahi oğlunun yaradıcılığını yüksək qiymətləndirir. Paytaxt Bakıda mərkəzi prospekt, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Simfonik Orkestri dahi bəstəkarın adını daşıyır. Məhz Üzeyir Hacıbəyovun anadan olduğu gün - 18 sentyabr Azərbaycanda Musiqi Günü kimi hər il qeyd olunur.

Məqalənin tam versiyası ilə http://www.silkway.uz/newsmore/6803 linkində tanış olmaq mümkündür.

İnform.az

Baxış sayı: 390