Şərhlər
03.10.2015 / 11:00

Üç dilək şansım olsaydı

Üç dilək şansım olsaydı
Səmra KƏRİMLİ / İnform.az

Həyat necə də qarışıqdır. Bəzən bir şeyi o qədər çox istərsən ki, olmasa nəfəs ala bilməyəcəkmişsən kimi hiss edərsən, amma yenə də olmaz. Bəzənsə marağını çəkməyən, olsa da olar, olmasa da dediyin bir şey çox asanlıqla qarşına qoyular, heç əziyyət çəkmədən. Nə ad verək bəs buna? Həyatın sadəcə şıltaqlığımıdır, yoxsa səbrimizin sınağımı? Çox zaman da olur ki, istədiklərimizin deyil, haqqımızda xeyirli olanın qarşımıza çıxması bizi sevindirir və bütün qəlbimizlə uca Yaradana şükr edirik. Yaşamaq demək xəyallar deməkdir, məqsədlər deməkdir, diləklər, arzular deməkdir. Bəzən əlçatmaz olsalar belə. Həyat gerçəklər adlanan sərhədlə məhdudlanır, lakin xəyalların sonu yoxdur. Ucsuz-bucaqsız kəhkəşan kimi böyük və əsrarəngiz xəyallar okeanı kəşf edilməyi gözləyir. Xəyalların böyüdükcə, çoxaldıqca sən də böyüyərsən, sevincin böyüyər, həvəsin artar, yaşamaq istərsən, bir gün bəlkə gerçək olar ümidiylə yaşamaq istərsən. Bəzənsə gerçək olmayacağını bilə-bilə xəyallarından əl çəkməzsən. Kim bilə bilər ki, gülüşlərinin səsi yalnız bu xəyal dünyanda eşidilir.
Hər axşam gözlərini real həyata bağlayanda, xəyal dünyana səyahətin başlayar. Göy üzünün rəngi belə fərqli olar burada. Səmada süzən quşlarla yarışa belə girə bilərsən bu dünyada. Yağışla rəqs edərsən, günəşlə söhbət. Səhər gözlərin açılar yavaş-yavaş, qayıdarsan gerçəklərinlə olan savaşına. Hərdən elə zamanların da olar ki, kaş ki, nağıllardaki kimi bir çırağım olsa, 3 dilək diləyib xəyal dünyama əbədi köçə bilsəm deyərsən.
Mənim də belə düşündüyüm zamanlar təbii ki, olub. Əgər bir çırağım olsaydı və 3 dilək haqqı versəydi mənə bu çıraq dünyamı daha gözəl bir yerə çevirərdim.
Ilk diləyim həyatda aldığım qərarlara və ya alacaqlarıma başqalarının kəskin şəkildə reaksiya verməməsi olardı yəqin ki. Anlamıram ki, nəyə görə hər kəsin bir həyatı olduğu halda heç kim öz həyatı ilə deyil, başqalarının həyatı ilə maraqlanır. Səhvlərimlə, düzlərimlə günahlarımla, savablarımla mənə aid olan bir ömür yaşamaq hamı kimi mənim də haqqımdır. Hardan tapır insanlar başqalarına müdaxilə etmək ixtiyarını özlərində?! Heç kəs o biri dünyada mənim əvəzimə cavab verməyəcək, mən dedim deyə yanlış etdi, günah mənimdir deməyəcək. Çünki Allah hər kəsə şüur verib və əməllərimin bədəlini mən ödəyəcəyəm.
İkinci diləyim duyğularımda yanılmamaq olardı. İnsanların niyyətlərini doğru anlardım bəlkə o zaman. Heç kəs dost adı altında gizlənə bilməzdi, hər acı deyəni düşmən sanmazdım. İnsanları tanımaq böyük qabiliyyət tələb edir. Baxışların mənasını duya bilmək, söylənən sözlərin səmimiliyini görə bilmək həm çətindir, həm də cəsarət tələb edir. İnsan şübhə edir: “həqiqətən də gerçəkləri gömək istəyirəmmi?” bəzən özünü yalanlara inandırır. İncitmək istəmir qəlbini, güvəndiyi gerçəklərin puç olmasını görmək istəmir çünki. Ona görə də insanlara bağlanmadan öncə, özümü bilə-bilə aldatmağa çalışmadan öncə duyğularını öyrənməyi dilərdim.
Sonuncu diləyimsə sevdiklərimdən heç vaxt ayrılmamaq olardı. Onlarsız həyatım da yarım qalar. Hər biri içimdə yaratdığım dünyamın sonsuz rəngli göy qurşağının bir rəngidir. Bu rənglərdir mənə sevinc verən, duyğularımı rəngləndirən. Pəri tək həyatıma sehrli tozcuqlar səpən, çətinliklərimi yox etməyə çalışan insanlardır onlar.
Düzdür, bu da az öncə söz açdığım xəyallar dünyasının bir məhsuludur. Sehrli çıraq deyə bir şey yoxdur və mən sadəcə arzulamaqla heç bir diləyimi gerçəkləşdirə bilmərəm. Lakin müəyyən qədər də olsa onlara çata bilərəm. Məsələn, öz qərarlarımın məni xoşbəxt etdiyini və kifayət qədər doğru olduğunu sübut etməklə ilk diləyimə, yəni insanların mənim düşüncələrimə qarışmamasına nail ola bilərəm. Yeni tanıdığım insanlara mümkün qədər az güvənməklə ən azından özümü ola biləcək təhlükələrdən qoruya bilərəm və ən əsası sonuncu diləyim. Dünyada ölümü dadmayan canlı yoxdur və olmayacaq da. Sevdiklərimi sonsuz xatirələrimdə yaşada bilərəm amma. Onlarla daha çox və daha gözəl vaxt keçirməklə xatırlaya biləcəyim bir çox anlara sahib olaram və hətta onların yoxluğunda belə bu zamanları xatırlayıb təskinlik tapa bilərəm.
Öncə xəyal qurmalısan ki, gerçəkləşdirməyi arzulayacağın bir şeyə sahib olasan. Gözəl xəyal, gözəl düşüncə, gözəl düşüncə isə gözəl həyat deməkdir.

Baxış sayı: 844