Şərhlər
03.10.2015 / 10:45

Şəkil çəkmək günahı

Şəkil çəkmək günahı
Ayişə NƏBİ / İnform.az

Şəkil çəkmək surət yaratmaqdır, o dünyada, axirətdə çəkdiyin şəklə can verməlisən, çəkdiyin şəkil üçün cavab verməlisən, deyə insanlarda bir qorxu var. Doğrudan da şəkil çəkmək günahdırmı?
Şəkil çəkmək insanın özünü ifadə vasitələrindən biridir. Rəssam öz fantaziyasına görə ən müxtəlif şeylər çəkə bilər, o cümlədən adam şəkli. Bunun üçün niyə o dünyada cavab verməlidir? Dindarlar deyir, yaratmaq Allaha məxsusdur. Tək yaradıcı Allahdır, insanı o yaradır, ondan başqa yaradıcı yoxdur. Rəssam Allah-Təalanı yamsılayır. Bu isə günahdır, yəni Allahın yaratma sifətini özünə şamil etmiş olur. Bu şirkdir. Şirk isə böyük günahlardan biridir. (Böyük günahlar Allahın bağışlamadığı günahlardır.)
Yaradan “insanı öz surətində yaratdı” və ona öz sifətlərindən zərrə miqdarı verdi. Yəni bizim bütün qabiliyyətlərimiz Allah-Təalaya aid olan sifətlərin zərrəsindən ibarətdir. Allah- təala insana mələklərdən fərqli olaraq həm də iradə verdi, insanı mələkdən üstün qıldı. Bu iradə səbəbi ilə insan Allahın istədiyi və ya istəmədiyi, yəni bəyənmədiyi bir çox əməlləri həyata keçirir. Bəlkə bu rəsm çəkmə də Allahın sevmədiyi bir işdir. Ancaq “Allah gözəldir və gözəlliyi sevir”. Bu tərəfdən baxsaq insan öz içindəki gözəllikləri, yaxud sadəcə hislərini ifadə etmək üçün sözün yetmədiyi məqamlarda ya musiqiyə üz tutur, ya sənət əsərləri yaradır, ya şəkil çəkir. Doğrudur, deyilə bilər ki, ibadət də insanın hisslərini doydurur, onu zənginləşdirir, o zaman insan ibadət etsin. Həm belədə Allahın sevdiyi bəndəsi olar. Əks halda sonunun nə olacağı bəlli deyil. İbadətdə bir doyumluq, mənəvi həzz var, amma insan maddi şeylərə aludədir. O sadəcə hiss etmək deyil, həm də görmək, eşitmək, toxunmaq istər. Ona görə də hisslərinin maddi təzahürünü yaradır, sənət əsəri qoyur ortaya.
Şəklin yasaqlanması insanların bütə tapınmaya meylli olduqları üçündür. İnsan sevdiyi bir rəsmin önündə duraraq ona o qədər baxır ki, o rəsm onun yaddaşına köçür, onu beyninə həkk olunur. Surətpərəstliyə - bütpərəstliyə gətirib çıxarır. Cansız bir şeyə canlı insandan daha çox dəyər verilir. Bütpərəstlikdə tapılan bütlər elə rəsm, heykəl deyildimi.
Allah-Təalanın yaratma sifətinin zərrə miqdarlı təcəllisinin biri də dünyaya insan gətirməkdir ki, Allah bunu qadına həvalə edib. İnsanı yaradılan yaradır. Bu yaratma özəlliyini də ona elə Allah -Təala özü verib. Burada şirk yoxdur. Allah-Təala istəsəydi insanı ilk yaratdığı kimi başqa bir yolla yaradardı, bu yaratmada heç insandan istifadə etməzdi. O zaman o başqa vasitəni də insanlar büt sayardılar. Allah-Təala hər şeyə qadirdir, istədiyi zaman insanı heç vasitəsiz yaradar. Ancaq bu da onun hikmətlərindən bir hikmətdir ki, insanı insana yaratma vasitəsi qılmış. Yəni insanı insan doğurur. Burada qadının yaratma gücü olsa da o, Allaha şərik qoşulmur. Hər kəs bilir ki, bu, Allahın gücü, ol deməsi ilə, istəyi ilə olur. Qadının, insanın iradəsindən asılı deyil bu yaranma, yaradılma. İnsan öz istədiyi zaman, əgər Allah-Təala izin verməsə bu gücə, yaratma-doğurma gücünə sahib deyil. Rəssamlıq da elə bir şeydir. Bu bir qabiliyyət olduğu üçün, bu qabiliyyəti insana Allah-Təala bəxş etdiyi üçün və insan da mən deyil, Allahın yaratma gücü hakimdir, şüuruna sahib olduğu üçün burada şirk olmamaqdadır. Məsələ qalır bu gücü hansı istiqamətdə istifadə etməyə. Burada surət yaratmanın, çəkmənin bir cavabdehliyi ola bilər, amma şirk dərəcəsində deyil. İkinci tərəfdən burada bir az da mövhumatın payı var. Aman, sən burada nə şəkil çəkirsənsə o dünyada bunu canlandır deyəcək sənə Allah-Təala. Əgər canlandıra bilməsən, bu da təbii ki, mümkün deyil, səni cəhənnəmə atıb qatran qazanında qaynadacaq. Qorxu canın kafiridir. Uzun illər müsəlmanlar bütün elmlərdə irəli getsələr də, bu qorxu altında rəsmdə geri qalmış, sadəcə miniatürlə kifayətlənmişlər. Ancaq nədənsə burada çiçəyin, quşun, ağacın canlı olduğu, onların da can tələb edə biləcəyi unudulur. Odur ki, bu mövhumatın qorxulu tərəflərini bir yana buraxıb, gözəl sənət nümunələrini önə çıxarmaq lazımdır. İslam mütərəqqi elmdir, daim “beşikdən qəbrə elm öyrən” deyir, “elm Çində də olsa onun dalınca get” deyir. Əgər istənilən sənət şeytana xidmət etmirsə, yəni insanda şəhvət hissi oyatmırsa, küfrə aparmırsa, yoldan sapdırıb yanlış fikirlərə düşürmür, yanlış yönlərə istiqamətləndirmirsə, burada bir günah yoxdur. Burada insanın yaratma xüsusiyyəti deyil, sadəcə onun qabiliyyətləri üzə çıxar. Bir sözlə, Qurani-Kərimin heç bir yerində şəkil çəkmək günahdır deyə bir ayə yoxdur. Sadəcə bir az imanlı olub müəyyən prinsiplərə əməl etmək lazımdır.

Baxış sayı: 640