Sosial
02.10.2015 / 12:27

Kişi müəllimlər niyə azdır?

Kişi müəllimlər niyə azdır?
Son illər istər orta, istərsə də ali məktəblərdə kişi müəllimlərin sayında azalma müşahidə olunur. Təhsil üzrə ekspertlər bunu müəllimlərin əmək haqlarının ailəni dolandırmağa bəs etməməsi ilə əlaqələndirirlər. Onların bildirdiklərinə görə, şagirdlərin yaxşı təhsil və düzgün tərbiyə alması üçün qadın müəllimlərlə yanaşı kişi müəllimlərin də rolu vacibdir.

Azərbaycan Təshil Şurasının sədri Əjdər Ağayev bildirir ki, müəllimin maaşı ailəni dolandırmağa çatmır: "Kişi ailənin başçısıdır. Ailəni dolandırmalıdır. Ona görə də ixtisasca müəllim olan kişilərin əksəriyyəti başqa sahələrə üz tuturlar. Bu səbəbdən də qadınlar boş qalan müəllim yerlərini də tutdular. Buna görə də məktəblərdə qadınların sayı artır" deyən müsahibimizə görə, qadın müəllimlərin sayının artması bir qədər narahatlıq yaradır. Dediyinə görə, insanı inkişaf etdirən təsirlərin balansı düz olmalıdır. "Yəni ana qadın olaraq tərbiyə edir, uşaqlarda hissləri, duyğuları formalaşdırır. Onu əzizləyir, yedizdirir. Amma kişi uşaqlara iradə, əzmkarlıq, zabitəlilik aşılayır. Kişi xasiyyətinin kişilik xüsusiyyətləri, qadın xasiyyətinin zəriflik xüsusiyyəti var. Amma indi bizim uşaqların hamısı məktəbdə zərif qadın tərbiyəsi görür və oğlanlarda da zəriflik xüsusiyyəti yaranır. Bu mənada məktəblərdə kişi müəllimlərin sayının artırılmasına ehtiyac var".

Ağayev bildirib ki, məktəblərdə kişilərin sayının artırılmasının dünya təcrübəsində yolları var: "Məsələn, Türkiyədə təxminən 15 il əvvəl ali məktəblərdə pedaqoji fakültələrə qəbul olunanların təqaüdü müəllimin aldığı maaşın məbləğinə qədər çatdırılıb. Çoxlu ali məktəb məzunu müəllimliyə qəbul olunub və ali məktəbi bitirən kimi də işlə təmin olunublar. Beləliklə, orada kişi müəllimlərin sayı qadın müəllimlərin sayı ilə mütənasibdir. Azərbaycanda da belə bir iş görmək olar. Doğrudur, Təhsil Nazirliyi ali pedaqoji məktəblərə yüksək balla qəbul olunanlara tələbə təqaüdündən əlavə 100 manat təqaüd ayırıb. Bunun müəyyən qədər təsiri var, amma 100 manat məsələni həll etmir. Bu gün dərs dediyim ali məktəbin ibtidai sinif müəllimliyi fakültəsində oxuyanların 30-u qızdır 2-si oğlan. Kimya-biologiya, Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat və s. oğlan tələbələrin sayı yavaş-yavaş artır".

Həmsöhbətimizin sözlərinə görə, məktəblərə yenidən qayıtmaq üçün müraciət edən kişilərsə müəllimlikdən uzaqlaşıb üz tutduqları sahələrdə uğur qazana bilməyən, gözlədiyi qazancı əldə edə bilməyənlərdir: "Müəllimlərin maaşının müəyyən qədər artdığını görüb qayıtmaq istəyənlər də var. Amma azdır. Buna kişi müəllimlərin yenidən kütləvi şəkildə məktəblərə qayıtması kimi baxmaq olmaz. Müəllim məktəbə qayıdandan sonra istədiyi nəticəni əldə edə bilməsə, yenidən öz peşəsindən ayrıla bilər".

Qeyd edək ki, Azərbaycanda müəllimlik peşəsindən ayrılmış kişi müəllimlərin yenidən bu peşəyə qayıtmaq üçün Təhsil Nazirliyinə edilən müraciətlərin sayı son iki ildə artıb.

Bunu "Trend"ə təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. İki il bundan əvvəl Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının qəbul olunmasının müəllimlik peşəsinə olan marağın artmasına təsir göstərdiyini deyən nazir müavininin sözlərinə görə, uzun illərin problemlərindən biri kişilər tərəfindən müəllim ixtisasına maraq göstərmə səviyyəsinin kifayət qədər az olması olub: "Son 15-20 ilin tendensiyası belədir. Hazırda məktəblərdə dərs deyən müəllimlərin təqribən 80 faizi qadınlardır. Bakıda bu rəqəm təqribən 90 faizdir. Bunun nə qədər böyük problem yaratdığını başa düşürük. Ancaq Təhsil Nazirliyinə edilən müraciətlərə baxdıqda artıq iki il əvvəl görmədiyimiz vəziyyətlə qarşılaşırıq. Kişi müəllimlər tərəfindən nazirliyə daxil olan müraciətlər getdikcə artmaqdadır. Müraciətlərin məzmunu da belədir: mən müəllimlik ixtisasını bitirmişəm, 10-15 il əvvəl bu sahədən ayrılmışam. Yenidən peşəmə qayıtmaq üçün nə etməliyəm" Təbii ki, bu tendensiya bizi çox sevindirir".

Azərbaycanda müəllimlik peşəsinin nüfuzunun qaldırılması üçün bir sıra tədbirlər həyata keçirdiklərini deyən C.Bayramov bildirib ki, müəllimliyə üz tutan insanların sayının artması, daha yüksək nəticələr göstərən məktəb məzunlarının müəllimliyə üz tutması bu peşəyə marağın artdığını göstərir: "İki ildir Təhsil Nazirliyi tərəfindən "Gələcəyin müəllimi" layihəsi həyata keçirilir. Yüksək nəticə göstərmiş və ixtisas seçimində 1 və 2-ci ixtisas kimi müəllimliyi seçən ən yüksək nəticələr göstərmiş 300 tələbəyə hər ay 100 manat olmaqla "Gələcəyin müəllimi" təqaüdü verilir".

Bayramov deyib ki, ölkə başçısının təsdiqlədiyi sərəncama uyğun olaraq, 2015-ci ilin yanvarında Bakıda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü norması 1,5 dəfə, əmək haqqı 2 dəfə artırılıb. Artıq bu gün Bakıda müəllimlərin orta aylıq əmək haqqı 421 manat manat olmaqla, ölkə üzrə orta aylıq əmək haqqından 6 faiz geri qalır. Bir il bundan əvvəl isə müəllimlərin orta aylıq əmək haqqı 298 manat olmaqla, ölkə üzrə orta aylıq əmək haqqından 33 faiz az idi.

Baxış sayı: 531