Mədəniyyət
01.10.2015 / 11:33

Vəfa Fətullayevanın yubileyi keçirilib

Vəfa Fətullayevanın yubileyi keçirilibAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar Artist, unudulmaz sənətkar Vəfa Fətullayevanın anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə bir sıra mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, aktrisanın sənət dostları, yaxınları iştirak edib.

Əvvəlcə sənətkarın xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə Teatr Xadimləri İttifaqının sədri, teatrın bədii rəhbəri və baş rejissoru, Xalq Artisti Azərpaşa Nemətov çıxış edərək əməkdar artistin həyat və yaradıcılığından söz açıb. A.Nemətov sənətkarın professional səhnə məharətindən, Azərbaycan mədəniyyətinə bəxş etdiyi novatorluq qabiliyyətindən, əzmkar istedadından bəhs edərək qeyd edib ki, qısa ömür yaşamasına baxmayaraq Vəfa Fətullayevanın səhnə və teatr üçün yorulmaz xidmətləri olub.

Bildirilib ki, Dövlət mükafatı laureatı olan aktrisa 1945-ci il avqustun 25-də Bakıda anadan olub. 1970-ci ildən Dövlət Akademik Milli Dram Teatrında çalışıb. İlk dəfə uşaq olarkən çıxdığı doğma səhnəyə ömrünün sonunadək sadiq qalıb. Teatrın səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz, M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.

Daha sonra sənət dostlar Vəfa Fətullayeva haqqında xatirələrini bölüşüblər. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan aktrisa 1987-ci il mayın 21-də, 42 yaşında vəfat edib.

Qeyd edək ki, Vəfa Fətullayeva görkəmli aktrisa, xalq artisti Hökümə Qurbanova və Xalq Rəssamı Nüsrət Fətullayevin övladıdır.

İnform.az

Baxış sayı: 417