Hüquq
01.10.2015 / 10:23

"Bu ilin 6 ayı ərzində korrupsiyaya görə 270 cinayət işi açılıb”

"Bu ilin 6 ayı ərzində korrupsiyaya görə 270 cinayət işi açılıb”
"Bu ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 270 cinayət işinin ibtidai araşdırması həyata keçirilib".
İnform.az Report.az-a istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov bildirib.
Onun sözlərinə görə həmin cinayət işləri əsasən mənimsəmə və israfetmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, saxta sənədlərdən istifadə etmə və digər faktlarla əlaqədar olub. "Bu müddət ərzində 158 şəxs barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".
Baş prokuror deyib ki, korrupsiyaya qarşı mübarizə üzrə görülən sistemli və kompleks tədbirlər içərisində təşkilati və institusional islahatlar xüsusilə əhəmiyyətli olub: "Dövlət başçısı cənab İlham Əliyevin 31 avqust 2015-ci il tarixli “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərmanı ilə korrupsiyaya şərait yarada bilən halları qeyri-mümkün etməklə bu sosial bəlanın kökündən məhv edilməsində əvəzsiz rolu olan, dünyada Azərbaycan “brendi” kimi tanınan “Asan Xidmət”in səlahiyyətləri genişləndirilmişdir. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə arayışların verilməsi, şəxsin ölkə vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziyanın verilməsi və taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi bu mühüm dövlət təsisatının funksiyalarına aid edilməklə yaşayış yeri üzrə arayışların elektron qaydada tərtib edilərək müraciət olunan gün, vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən verilməsi müəyyən edilmişdir. Bununla yanaşı, fərmanla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya, sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsinin təmin edilməsi məqsədilə “Elektron lisenziya” portalının yaradılması nəzərdə tutulmuşdur.
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2014-cü il tarixli müvafiq fərmanları ilə “Daşınan əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na və “Azərbaycan RespublikasıDövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”yə müvafiq dəyişiklik edilməklə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həmin reyestrlərin elektron məlumatlarından real vaxt rejimində istifadə etmək səlahiyyəti verilmişdir ki, bu da korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyətin səmərəliliyinin artırılmasına şərait yaratmışdır.
Görülən ardıcıl və sistemli tədbirlər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin effektivliyi yüksəlməkdə davam etmişdir. 2014-cü ildə Baş İdarədə 9145 ərizə və şikayətə baxılmışdır ki, onlardan 5951 müraciət qurumun “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuşdur. Həmin müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılmışdır. Ümumilikdə, il ərzində Baş İdarə tərəfindən 326 cinayət xarakterli müraciət və məlumat araşdırılmışdır ki, onlardan da 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olmuşdur. İl ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanmışdır. 12 nəfər barəsində 11 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanmışdır.
2014-cü il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmiş, həmin işlərdən 171 iş maddi ziyanla əlaqədar olmuşdur ki, vurulmuş 76 milyon manatdan yuxarı ziyanın 72 faizinin istintaq zamanı ödənilməsi təmin edilmişdir.
Onun sözlərinə görə, 2015-cü ilin birinci yarımili ərzində Baş İdarədə 5150 ərizə və şikayətə baxılıb ki, onlardan 3414 müraciət qurumun “Qaynar xətt” əlaqə mərkəzinə daxil olub: "Həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılmışdır. Cari ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən 95 cinayət xarakterli müraciət və məlumata baxılmışdır ki, onlardan da 14-ü rüşvət, 20-si vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə digər cinayətlərlə əlaqədar olmuşdur. Həmin müddət ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanmış, 5 nəfər barəsində 5 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb".

Baxış sayı: 342