Baş xəbər, Mədəniyyət, Müsahibə
30.09.2015 / 11:45

Ramiz Quliyev: “Fəxri ad verilməsində ayrıseçkilik, üzgörənlik edirlər”

Ramiz Quliyev: “Fəxri ad verilməsində ayrıseçkilik, üzgörənlik edirlər”
“Televiziyalarda səviyyəsizlik çoxdu, maraqlı deyil”

Xalq artisti, Şöhrət ordenli sənətkar, professor, ustad tarzən Ramiz Quliyevlə uzun illər fəaliyyət göstərdiyi, neçə-neçə tarzən yetişdirdiyi Bakı Musiqi Akademiyasının 406-cı otağında görüşdük.

- Ramiz müəllim, sizinlə Üzeyir bəyin doğum günündə keçirilən mərasimdə görüşmüşdük. Sadəcə vaxt darlığından həmin gün yetərincə söhbət edə bilmədik. Bu gün söhbətimizi daha ətraflı davam etdirə bilərikmi?

- Əlbəttə, qızım. Niyə də yox. Bu il Azərbaycan professional musiqisini yaradan dahi Üzeyir Hacıbəylinin anadan olmasının 130-cu ildönümüdür. 130 il bundan əvvəl Azərbayacana belə bir istedad bəxş olunub. Fikir verin ki, bu insanın dünyaya gəlməsindən 130 il ötməsinə baxmayaraq o dahini yenə də xalq sevir, anır.
Üzeyir Hacıbəyli ümumxalq sevgisi qazanıb. Bu məhəbbət daim olacaq. Dünyanın hansı ölkəsi olursa olsun, orda Azərbaycan musiqisi səsələnəcək. Çünki dahi Üzeyir Hacıbəylinin musiqi dünyasına bəxş etdiyi, həyat verdiyi əsərlər Azərbaycan var olduqca yaşaycaq.
Bütün dünya ölkələri bilir ki, Şərqdə ilk dəfə opera Azərbaycanda yaranıb. Azərbaycanın musiqi janrlarından demək olar ki, həm operadan tutmuş, romansa qədər hamısını yaradan, ruhu bu gün dünyanın hər yerində dolaşan və anılan, Üzeyir bəy musiqisidir.
Tədbirdə çıxış edənlər minnətdarlıq dolu çıxışlar edirdilər. Dahi Üzeyir bəyi görən də, görməyən də xoşbəxtdir.
Hazırda sizinlə görüşdüyümüz Akademiya da dahi şəxşiyyətin qurub yaratdığı bir məkandı. 1964-cü ildən bu günə kimi gəzdiyim şəhərlərdən, hər hansısa bir qohum-əqrəbamın evindən, hətta öz evimdən belə daha çox gəlib-getdiyim yer, bu müqəddəs məkan - Üzeyir bəyin evidir .
1964-cü ildən bu günə kimi çalışdığım, hazırda əyləşdiyimiz 406-cı otağ sanki mənim yurd yerimdir. Burda mən tələbəlik illərimi keçirmişəm. İllər ötdükcə yavaş –yavaş Üzeyir bəyin ocağından bəhrələnərək uğurlara imza atmışam. İndi isə müəllim kimi çalışıram burda.

- Hazırda təhsil alan tələbələrlə, sizin dövrün tələbələri arasında nə kimi fərq var?

- Bunu iki amillə bağlayardım. Əvvəla, çox sevindirici bir haldır ki, Azərbaycanda heç bir vaxt bu son illərdəki kimi musiqi sahəsində inkişaf olmayıb. Kompüter texnologiyalarının musiqi sahəsinə daxil olması, musiqi alətlərinin bolluğu,təhsil ocaqlarının yerləşdiyi binaların gözəlliyi, musiqi kollektivlərinin inkişaf etmək imkanları və s.
Əvvəllər tək musiqi Akademiyası vardısa, indisə Milli Konservatoriya var, kolleclər, liseylər, filarmoniya, Beynəlxalq Muğam Mərkəzi və s. xalqın ixtiyarındadır.
Bu gün çox geniş tədbirləri, eləcə də beynəlxalq tədbirləri həyata keçirmək üçün geniş imkanlar yaradılıb.
Ancaq çox təəssüflənirəm, əvvəlki tələbələrin dərsə və müəllimə münasibətini bu günkü tələbələrdə görmürəm. Təbii istedadı olan, zəhməti çəkən, sənəti sevən adam, çalışır. Çox az qismi belədir. Sonra bunların əksəriyyəti toyla maraqlanır. Bunlar səhərdən axşama kimi müəyyən şou proqramları var, o yerlərə çox meyl edirlər. Bir iki -üç televiziyanı çıxandan sonra əksəriyyəti bu dəqiqə şoudur. Bundan başqa bu gün təhsil ocaqlarında bir sorğu keçirək. Görək dahi Üzeyir Hacıbəylini tanıyırlarmı, onun hansı əsərlərini bilirlər. İndi bu dəqiqə qara-qışqırıq, tapaturupa, hay-küylü musiqilərə daha çox meyllik var. Gənclərimizin milli musiqimizə və eyni ilə musiqimizin bütün janrlarına olan münasibəti ürək açan dərəcədə deyil. Mən belə hesab edirəm. Çünki bu dəqiqə informasiya bolluğu çoxdur. Gənclər internet klublar, çayxanalar, vaxt keçirmək üçün rahat olan məkanlarla maraqlanırlar.
Çox müşahidə edirəm, baxıb görürəm ki, çalışan adam, gənc, yaşlı - kimdirsə elə necə vardısa olduğu kimi qalır. Amma o birilərinin heç veclərinə deyil. Nəyə və kimə arxayındılar bilmirəm. Bax, bu reallıqdır. İkinci dünya müharibəsi zamanı dünyaya gəlmişəm. Amma o cətinliklərə baxmayaraq, o imkansızlıq, şəraitsizlik bizi ruhdan salmayıb.

- Bugünki biganəliyə səbəb nədir?

- Evdə, ailədə problemlər, səhlənkarlıqlar yaranır və bunun əsasında da nəticə belə olur. Gecə-gündüz işləməyə məcbur olan valideyin övladların tərbiyəsinə vaxt ayıra bilmir. Dəhşətli bir ənənə yaranıb. Bir-biriləri ilə bəhsə girməklə sanki yarışırlar. Kitabla, elmlə yox başqa-başqa şeylərlə bəhs edirlər. Bunu xüsusi qeyd etmək istərdim- təhsil ocaqları elə güclü və səviyyəli olmalıdır ki, bu gün əsil akademikləri, alimləri tapa bilək. İnciməsinlər məndən. Düzdür hamısı elə deyil. Ancaq əksəriyyət bu gündədir. Şərait var. Bu gün demək olar ki, Azərbaycanın bütün rayon və bölgələri su, qaz, işıqla təmin olunur. Dolanışıq var.
Bakı da cənnətdir. Bakı paytaxt kimi dünyaya göstərilə bilən və fəxr edilən bir şəhərə çevrilib. Ona görə də meyllər düz istiqamətlənməlidir. Gəlin həqiqəti deyək, Azərbaycan bizimdir, vətən bizimdir. Gələcək nəslin yaşayıb yaradacağı məkandır. Hazırkı dövr, səviyyə bu məqsədə istiqamətli, inkişaf etməlidir. Musiqi məktəblərinə nəzər salaq. Şərait var, beynəlxalq musabiqələr keçirilir, festivallar keçirilir, Bakı şəhərində demək olar ki, bütün aylarda müxtəlif sərgilər, beynəlxalq musabiqə, simpozium var. Cavanları səfərbər etmək lazımdır. Çox sevinirəm, Azərbayacan idmanı dünyaya səs salır. I Avropa oyunları yüksək səviyyədə keçirildi. Çox gözəl. Amma tək idmanla iş düzəlmir. Azərbaycan mədəniyyəti deyəndə dünyanın hansı ölkəsinə getmişəmsə, orda millətin tarixini, mədəniyyətini bütün keçmişini və bu gününü mədəniyyət göstərir. Onun musiqisi, folkloru bütün göstəriciləri mədəniyyətdən başlanır. Hazırda artıq hərbi yüksəliş var. Hərbidə canlanma gedir. Müdafiə nazirinin fəaliyyətinə baxanda görürsən iş görür. Artıq demək olar ki, cavanlar döyüşə hazırdır. İşini vətən uğrunda layiqli aparmaq budur. İnstitutlarımızda yaxşı savadlı tələbələr ali təhsil ala bilər.

- Bu günkü gənclərin sənətdən çox pula meyl etməsinin səbəbi nədir?

- Çünki biz gözümüzü açanda valideyinlərimizdən tərbiyə almışıq. Bizim ailədə altı uşaq, atam, anam, eləcə də nənəm vardı. Yəni ailədə doqquz nəfər idik. Müharibədən sonra tək atam işləyirdi. Maaşı qırx iki rubl idi, sonra altmış üç rubl oldu. Biz az yeyib, çox işləməyə meyilli idik. Mən neft ayırma zavodunda işlədim, Musiqi Akademiyasına -Konservatoriyaya qəbul olundum. Bir neçə ay fəhlə işlədim, 1964-cü ildə filarmoniyaya işə qəbul olundum. İki, üç, dörd, beş rubl belə-belə zəhmətlə yaşayırdım. İndi isə birdən-birə hamı varlanmaq istəyir. İndi müəyyən təbəqə çox güclü varlanıb. Bu təbəqənin qızları varlı oğlana getməyi, oğlanları da varlı qızları ilə evlənmək fikrində olurlar. Buna sevgi demək olmaz. Burda puldur rol oynayan. Bütün yer kürəsi, bəşəriyyət pulun qarşısında baş əyir. Amma bunun sonu müharibə ilə bitir.
Nədir bu? Pulla yaşayan insanın mənəvi dünyası ola bilməz. O insanlar maddiyyat dünyası üçün çalışır. Təəssüf ki, gənclər arasında al-verə meyl edənlər çoxalıbdır.

- Gənclərin beynində maddiyyata dəyər verməyi bu qədər inkişaf etdirən səbəb zamanın tələbidir yoxsa…

- Zamanla çox boşluqlar, çətinliklər oldu. Məcburi müharibələrə qoşdular bizi. Azərbaycan özündən asılı olmayan itkilər verdi. Gənclər dağıldı. Torpaqlar getdi. Amma indi şükür Allaha, prezidentin diqqət və qayğısı yüksək səviyyədədir. Gənclər səfərbər olmalıdır.
İndi cavanların əksəriyyəti toya bağlıdır. Bir-iki telekanaldan başqa, o birilərinə baxırsan aparıcı bir gəncdir tanımırsan, hansı isə şadlıq eviylə işləyir, ordan pul yığıb gətirir. Cavan bir müğənni gəlir aparıcı “korifey” (gülür), “dahi” deyə təqdim edir. Bu nədir, nə ilə nəticələnəcəkdir? Əvvəl iş, göstərici olmalıdır, sonra tərif gəlməlidir. Zəhmətin bəhrəsi həmişə şirin olar!

- Sizi televiziyalar dəvət edəndə gedirsiniz, yoxsa seçim edirdiniz?

- Bu gün iki televiziya dəvət etdi, getmədim.

- Niyə getmədiniz?

- Səviyyəsizlik çoxdu, maraqlı deyil. Məni dəvət edən aparıcının musiqidən xəbəri yoxdur. Mən nə danışım onunla. Hansı efiri açırsan, müğənni aparıcını, aparıcı da müğənni tərif edir. Televiziyanın rəhbərinə deyəndə bu nə məsələdir? Deyir xalq artistidir də.

- Necə olur, bu gün altmış-yetmiş yaşlı sənətkarlarımız var ki, hələ əməkdar artistdirlər, ya da heç onu da almayıblar. Amma dünən çıxanlar bu gün xalq artisti olur...

- Bunun müəyyən səbəbləri var. O məsələ bir nəfərdən keçmir. O bir neçə adama fəxri ad verilməsində ayrıseçkilik, üzgörənlik edirlər. Bunu görürük və hiss edirik.
Layiq olan da var. Amma layiq olmayan daha çoxdur. Çox istərdim adı layiqlilər alsın. Onda vətən, musiqi, mədəniyyət qazanacaq. Haqlı iradlarımdan kimsə inciməsin. Mən nə deyirəmsə, faktlara istinad edib deyirəm. Qeyri-təvazökarlıq olmasın, misal üçün deyirəm. Azərbaycan musiqi mədəniyyətində istedadlı gənclər var. Sonra deməsinlər ki, övladı üçün danışır. Əyyub Quliyevi yəqin tanıyırsınız. 1997-ci ildə Ulu öndərin şəxsən iştirak etdiyi M.Rastropoviçin 70 illik yubleyində bizim ifamız olub. Unudulmaz Heydər Əliyev öz əli ilə Əyyub Quliyevin adını istedadlı gənclərin “Qızıl kitabı” na yazdı. Hazırda Prezident təqaüdü alır.
O, Musiqi Akademiyasının bakalavr və magistr pilləsini qırmızı diplomla bitirib, Azərbaycan dirijorluq tarixində ilk dəfə olaraq, Sankt-Peterburqda simfonik orkestr və opera dirijorluğu üzrə aspiranturaya qəbul olunub. Oranı da yüksək qiymətlərlə bitirib. Dünyanın gənclər arasında ən böyük dirijorluq müsabiqəsində “Qran-pri” və birincilik mükafatları ilə təltif olunub. O gün oğlum deyir ki, ata, musiqi-ifaçılıq sənətinə ciddi tövhələr verməyənlər nə səbəbdən fərqləndirilirlər?
Dedim, oğul, həmişə zaman özü bütün məsələləri həll edib və edəcək.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 1594