Gündəm
29.09.2015 / 12:57

Folklor İnstitutundan dərsliklərdəki vulqar ifadələrə münasibət

Folklor İnstitutundan dərsliklərdəki vulqar ifadələrə münasibət

Folklor İnstitutu: “Orta məktəb dərsliklərində vulqar ifadələrin yayımlanması yolverilməzdir”

“Geniş kütlə üçün, özü də orta məktəb dərsliyində vulqar, jarqon və arqo ifadələrə geniş miqyasda yer vermək olmaz. Həmin arqo ifadələrə görə uşaqların istər-istəməz diqqəti əsas mətləbdən yayına bilər”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmanov deyib.
M. İmanov bildirib ki, orta məktəb dərsliklərində, ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə tutulan folklor toplularında biədəb məzmunlu, vulqar ifadələr, cümlələrin, mətnlərin yayımlanması yolverilməzdir.
Folklor İnstitutunun direktoru qeyd edib ki, arqo ifadələrin yer aldığı kitablar, folklor nümunələri az sayda ancaq mütəxəssislər üçün çap oluna bilər: “Görkəmli ədəbiyyatşünas, folklorşünas Hənəfi Zeynallı “Atalar kitabı”nın ön sözündə bu məsələyə münasibət bildirərək deyir ki, elə atalar sözləri var ki, orada vulqar ifadələr var. Biz bu ifadələri çap etməliyik, ya etməməliyik? Daha sonra izahat verir ki, bütün dünyada vulqar ifadələrin yer aldığı mətnlər çap olunur, amma biz geniş xalq kütləsinin rəyini nəzərə alaraq vulqar ifadələrin olduğu atalar sözlərini bu kitabda daxil etməyi məsləhət bilmədik. Düzdür, Azərbaycanın “Atalar sözü” kitabında vulqar ifadəli atalar sözləri var. Amma onlar kitabda çox yer tutmur”.

İnform.az

Baxış sayı: 202