Qonağımız var..., Baş xəbər, Müsahibə
29.09.2015 / 11:12

“Küçə söhbətlərinin televizya və radioya çıxmaması üçün…”

“Küçə söhbətlərinin televizya və radioya çıxmaması üçün…”

“Ev üçün müraciət etsəm də heç bir faydası olmadı”


Əməkdar artist, Azərbaycan radiosunun əvəzsiz diktorlarından olan Eldost Bayram “Qonağımız var”-da



- Eldost müəllim, illər aram-aram ötür, həyatda çox şey dəyişir. Sizin həyatınızda dəyişməz olan peşənizdən bir az söz açaq.

- “Ömür ötür keçir aram-aram” - mahnıda deyildiyi kimi… Təqaüd yaşım olsa belə, ömür ötür, amma mən hələ iş başındayam. Mənim səsimə ehtiyac var. Buna görə gündə min dəfə şükür edirəm. İşimi çox sevirəm. Hər yeni bir cümlə oxuyanda sanki yenidən doğuluram, ömrümü uzanır. Freydin gözəl bir kəlamı var: “Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.”
Mən də bu günədək kimsəyə ziyan vermədən yaşadım. Baxın, elə ona görə də mənəvi cəhətdən çox zəngin insanam. Varım-dövlətim, malım-mülküm olmasa da, insanlığa xoş əhval-ruhiyyə ərməğan edə biləcək ruhum var. Azərbaycan radiosunda “Xalq yaradıcılığı” redaksiyası sanki dogma evimdi. Bu evdə hazırlanan verilişlərin mətnini oxuyuram. “Qərib axşamlar”, “İlmə”, “Ocaq başı”, “Xeyrə qənşər”, “El havası”. “Söz naxışı” və s. verilişlərinin dinləyicilərinin qonağı olmaqdan xüsusi zövq alıram. Son zamanlar bu verilişlərdən əlavə müxtəlif səsyazma studiyalarında şeirlər yazdırıram.
Həmçinin uzun illərdir Azərbaycan Gözdən Əlilər Cəmiyyətinin səsyazma studiyasında onlar üçün bədii əsərlər oxuyuram. 2009-cu ildən yaşımla əlaqədar pensiyaya çıxsam da hörmətli sədrimiz Arif Alışanov məni işdə saxladı, bununla da mənə ikinci nəfəs, yeni ruh bəxş etdi. Buna görə də ona çox minnətdaram.

- Neçə oldu tarix fakultəsini bitirib diktor oldunuz?

- Uşaq vaxtımda diktorumuz Aydın Qaradağlının səsini dinləyib, belə qərara gəldim ki, mən də onun kimi diktor olum. Aydın Qaradağlı bütün professional diktorların mənəvi atası idi. Amma bizim hamımızı bilvasitə diktor edən, dəyərli ustadımız Ramiz Mustafayev idi.
Məncə bu peşənin incəliklərini Fatma Cabbarova, Züleyxa Hacıyeva, Yusif Muxtarov, Ofelya Sənani, Sabir Ələsgərov, kimi hər biri bir unikal məktəb olan peşəkarlardan öyrənmişəm.

- Deyəsən televiziya diktorluğundan sizi dostunuz uzaqlaşdırırb?

- Mənə qalsaydı televiziya diktorluğuna çoxdan üz tutardım. Bəli, sadəcə dostlarımdan biri məni çaşdırdı. Dedi ki, televiziyada Azərbaycan dilindən əlavə, rus dilində də gərək dialektsiz danışasan. Bu məni qorxutdu, rayondan gəlmişdim və təbii ki, ləhcəm var idi. Ona görə radioaya getdim. Və sonra başa düşdüm ki, düzgün hərəkət etmişəm. Çünki radio bir məktəbdi, əsil sənət məktəbi. Amma mən özümü televiziyadan da ayrı təsəvvür etmirəm. Çünki televiziya da məni unutmur ( gülür). Bir çox verilişlərin kadrarxası səsləndirilməsini mən aparıram.

- İstanbula və Təbrizə getmək arzunuz olub. Bəs mane olan nə olub ki, gedə bilməmisiniz?
“Küçə söhbətlərinin televizya və radioya çıxmaması üçün…”
- Dialekt problemi bu arzumda da mənə mane oldu. “Azərcell”in reklamını oxudum. Bu reklamdan sonra onlar mənə zəng etdilər ki, “Eldost müəllim, biz sizin üçün bilet alırıq, yer və mehmanxana ilə də təmin edirik, siz İstanbula gedib, 3 gün qalıb o reklamı orada oxuyub qayıtmalısınız”.
Sevinmişdim, amma rus dili problemi orda da qarşıma çıxdı, gedə bilmədim İstanbula. Bir neçə il qabaq Təbrizə qonaq dəvət olundum. Səsimin pərəstişkarı olan bir şəxsin övladının toyuna getdim. Təbriz həsrətimə hardasa az da olsa son qoyuldu. Ümüd edirəm ki, Allah izin verərsə İstanbul həsrətimə də son qoyacam bir gün.

- Dünən efirə çıxanlar bu gün ev, maşın, villa, bağ alırlar. Amma siz illərdir yataqxanada qalırsınız. Ev üçün heç müraciət etmisiniz?

- Yazılı müraciət etdim, amma nə faydası. Cavab gəldi ki, biz ev paylamırıq, susdum, dinmədim. Mən qapı döyməyi sevən insan deyiləm. Bir dəfə müraciət etdimsə, ikinci dəfə bir də kimsəyə söz deməyi bacarmıram. Deyir sonuncu ölən ümüdlərdir. Bəlkə, bir gün sevindirdilər məni bu məsələylə bağlı.

- Tələbələriniz varmı?

- Davamçılarım yoxdur. Azərbaycan radiosuna qulaq asan, dilimizi sevən hər bir dinləyici mənim davamçımdır.

- Bu gün efirlərdə nitq mədəniyyətimiz bərbad halda təqdim olunur. Efir dili ölür. Bir təcrübəli şəxs kimi bu qeyri-peşakarlığın qarşısının almaq yollarını nədə görürsünüz?

- Ölməyib, sadəcə formasını dəyişib. Həmişə demişəm və yenə də deyəcəyəm. Neftimiz, qazımız da nə vaxtsa qurtaracaq. Azərbaycanın ən böyük var-dövləti, sərvəti onun dilidir. Bizim vəzifəmiz o dili göz bəbəyi kimi qorumaq və təbliğ etməkdir.

- Televziya və radio diktorlarının dilini necə qiymətləndirirsiniz?

- İstəmirəm desinlər ki, Eldost müəllim heç nəyi bəyənmir. Hərdən mənə bəzi kanalların aparıcılarının Azərbaycan dilinə bərbad münasibəti barədə şikayət edirlər. Onların içərisində istedadlı aparıcılar çoxdur. Digərlərinə qaldıqda isə onlara sadəcə ciddi mütəxəssis münasibəti və nəzarət lazımdır.

- Gənc nəslə ən çox nələr məsləhət görərdiniz?

- İstəmirəm birdən-birə avropalı olaq, qərbli olaq, amerikan olaq. Necə ki, İslam dini özündən əvvəlki bütün dinlərin nektarlarını toplayıb əvəzolunmaz, insanpərvər din olub. Avropanın mədəniyyətini təqib edək, yaxşını götürək. Bu şərtlə ki, öz milli dəyərlərimizə xələl gətirmədən edək bunu. Hər xalqın öz siması olmalıdır.
Düzdür, böyük korifeylərimiz var, Azərbaycan xalqı dünyada ən qədim və sayılıb seçilən xalqlardan biridir. Amma gərək özümüzü tanıdaq, bilinsin ki, mikrofon qarşısında azərbaycanlıdır. Birinci növbədə dilin düzgünlüyünə riayət edək.

- Sizcə bu qədər özbaşınalıq senzuranın olmamasından yaranır?

- Hər zaman demişəm, deyirəm, deyəcəyəmdə yüz faiz senzura olmalıdır. Küçə söhbətlərin televizyaya və radioya çıxması təbii ki, mənfi haldır. Buna görə də mütləq şəkildə senzura lazımdır.
Bu fikrim yanlış anlaşılmasın, bütün bu nöqsanları görəndə düşünürəm: “Niyə biz özümüzləşə bilmirik, yadlaşırıq?”

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 1613