Şərhlər
28.09.2015 / 13:30

Bəlkə də ağlayır payız

Bəlkə də ağlayır payız
Səmra KƏRİMLİ / İnform.az


Bir nağıl danışacam. Ancaq gerçəkdir qəhrəmanları, hekayələri. Dünyanın görünməyən, bilinməyən üzündə baş verənlərdir deyəcəklərim. Müharibələrin unudulduğu, göz yaşları damlalarının yaratdığı hayqırtının eşidilmədiyi, nifrətin, kinin yox olduğu bir üzündən danışacağam dünyanın.
Dəniz kimi masmavi səmada ağ-qara buludlar görünməyə başladı. Yavaş-yavaş qürub edən Günəş dağın arxasına keçdikcə şüaları qızıl ox kimi göy qübbəsini ağuşuna alırdı. Buludları yarıb keçən bu heyrətamiz işiqlar sanki səmada döyüşürdü. Toqquşan buludların səsi ətrafda tük ürpərdən bir uğultu yaradırdı. Mirvarimidir o düşən yeri qızıl tək bəzəyən yarpaqların üzərinə, məst edən ətri ilə, səsi ilə bütün aləmi... yox, yağışdır. Damla-damla yağan, torpağı cana gətirən, dirildən, çiçəkləri susuzluğun ağuşundan alan, xilas edən, rəngləri yuyan, parlaqlaşdıran, təmizlik, saflıq ilahəsi, yağışdır. Payızı gətirir yağış. Bu saf fəsli dünyamızda qarşılamaqçün təmizlik aparır, hazırlıq görür. Ağaclar da yağışın bu təlaşına qoşulur. Yerləri qızıl yarpaqları ilə döşəyir, ən dadlı meyvələri təqdim edir. Buludlar göy üzünə bəzək vurur, pambıq kimi səpələnir. Çoxları düşünür ki, bu fəsil qəm-kədər gətirir, insanların ümid işığını söndürür, həvəslərini öldürür. Hətta ayrılıq fəsli kimi anlayanlar da var. Amma haqsızlıq edirlər. Payız fəsillərin ən gözəli, ən mərhəmətlisi və ən incəsi, zərifidir. Duyğuların fəslidir payız, sevginin, inamın, saflığın fəslidir. ən həssas fəsildir payız. Bəlkə də bizi isladan o gur damlalar payızın göz yaşlarıdır. Bəlkə də ağlayır payız. Gecələri soyuğun qucağında keçirən körpələrə, haqqını zülmkarda axtaran məzluma, yolunu tapa bilməyən çarəsizə, kömək gözləyən dilsizə və kim bilir daha kimə-kimə. Ağlayır ki, anlatsın onlara tək olmadıqlarını, ağlayır ki, yusun gözümüzdən eqoizm pərdəsini yardım edək onlara, ağlayır ki, bəlkə damlaları məlhəm olar dərdlərinə.
Ən gözəl həkimdir payız mənim üçün,ən yaxşı sirdaşdır, ən sadiq dostdur. Içində sıxıntılar bir-birini qovalar, dərdlər səninlə oyun oynar, hisslərin səni aldadar və düşüncələrin səni əsir alar. Izah belə edə bilməzsən nə baş verdiyini, nə istədiyini. Heç kəs səni anlamaz, sən də kiməsə danışmaq istəməzsən, danışacaq qədər güclü hiss etməzsən. Geriyə bir şey qalar. Payıza qonaq gedərsən. Ayağını sarı-qırmızı yarpaqların üzərində gəzdirdikdə sənə pıçıltıyla xoş gəldin deyər. Gülümsədər səni, ruhuna sığal çəkər hiss etmədən. Qollarını qaldırarsan havaya, əsən sərin mehi ilə səni qucaqlayar, çəkər qurtarar içindəki sıxıntılarından. ətrini qoxlayarsan, sanki qəlbin yenilənər, güclənər. Bir bulud gəzər başının üstündə. Gözlərini açar, ona baxarsan. “Məni başa düşürsənmi?” deyə sorarsan içindən. Bir damla düşər yanağına yalnız olmadığını anlarsan. Silər aparar qorxunu, təlaşını, narahatlığını. Dostların olar təbiət sənin, ən yaxın dostunsa payız. Sevildiyini hiss edərsən və bu belə yetər səni gülümsətməyə, həyata bağlamağa. Hər şey çox gözəl olar payızı sevdikdən sonra. O sevilməyə hər kəsdən çox layiqdir.
Ən sevdiyim nağılımsan mənim, ən şirin gerçəklərimi xatırladan dürüst dostum. Heç bir fəsil vermədi sənin verdiyin güvəni, dincliyi, sevinci. Allahın möcüzəsisən, o möcüzəsi ki, ən çətin anlarımı yox edə, ən gözəl anlarımı var edə bilirsən. Damlalarının yaratdığı o melodiyadır həyat nəğməm, yarpaqların kimi rəngarəngdir öz dünyam. Payız, nə yaxşı ki, fəsillər arasında sən də varsan.

Baxış sayı: 960