Şərhlər
28.09.2015 / 11:47

Qorxu qəlbi öldürür

Qorxu qəlbi öldürür
Ayişə NƏBİ / İnform.az


Yaşadığımıza inanaq, yoxsa inandığımızı yaşayaq? Hamletin dediyi kimi bütün məsələ budur: İnandığımızla yaşadığımız arasındakı uyğunluq, yaxud uyğunsuzluq bizi düşündürür. Doğrudan da, biz nəyə inanırıq, bizim inandığımız din haqsız yerə baş kəsən, qan tökən, zülüm edən bir dindirmi. Fakt qarşısında aciz qalırsan, Allah adına, din adına edilən haqsızlıq, zülüm insanı, əlbəttə ki, dindən- imandan soyudur. Allah adına ordu qurub “Allahu əkbər” deyərək günahsız körpələrin başına qılınc çəkərək top edən “müsəlmanı“ görənlər təbii şəkildə nifrət edəcək islama da, müsəlmanlığa da. Nifrət püskürərək bütün inananlara üz tutur və soruşur: budurmu sizin xidmət etdiyiniz islam, budurmu humanist dediyiniz din, aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərin yolu bu qədər qanlıdırmı, söz tapa bilmirsən. Çünki bu gün islam ölkələrində cəhənnəm əzabı yaşanır, qardaş qardaşın qanını içir, ən geridə qalmış, ən aşağı yaşayış səviyyəsi islam ölkələrindədir. Bunu görənlər bəlkə də haqlı olaraq belə düşünür və səbəbi islamın üstünə atırlar.
Biz haqsızlığı, zülmü İslamın harasından nümunə olaraq götürdük, harda yazılıb, ya da deyilib ki, zülüm halaldır. Heç bir yerdə. Adam öldürmək böyük günahdır. Bu işi görənlər öz günahlarını masqalamaq üçün Allahın adını qalxan edirlər. Amma bu qalxan haqsızlığı qorumaz axı.
Bu günkü dünyaya baxanda hər şəkildə islamı qınamaq, günahlandırmaq olar. Olar dedimsə əslində elə hər kəs İslamı günahlandırır ki, bu qədər qan qada, bu sonu görünməyən savaşlar, çəkişmələr... Yox, cihad bu deyil. Hz.Əli üzünə tüpürən adamı tam da öldürmək ərəfəsindəykən məhz üzünə tüpürdüyü üçün əfv etdi, öldürmədi. Niyə? Çünki onu öldürsəm nəfsim üçün öldürmüş olaram, üzümə tüpürdü deyə, bu Allah üçün olmur və günahdır, dedi. Nümunə olaraq bundan yaxşısı varmı, niyə bunu nümunə götürmürük? Axı burada qərəz yoxdur.
Bir alimlə bir inanan söhbət edir. Alim elmin hər sahədəki uğurunu insan beyninin çalışması ilə əldə edildiyini, yaxın zamanda daha da yüksək inkişaf əldə ediləcəyini fəxrlə deyərək, ancaq bunun heç birinin müsəlman aləmində baş vermədiyini, bütün uğurların qarşı tərəfə aid olduğunu söyləyir. İslam, din insanı məhdudlaşdırır, geniş düşünməyə, daha da inkişafa çalışmağa qoymur. Çünki axirətə inanmaq, o dünya sevdası, bir də hər şeyi Allahdan gözləmək onu tənbəlləşdirir, insanda ətalət yaradır. Necə olsa da axirətdə daha yaxşı həyat var deyə, düşünərək əlini işdən soyudur. İlk baxışdan alim haqlı görünür, müsəlman ölkələrinin digərlərindən nə qədər fərqli olduğunu onsuz da görürük. Səbəb hər nə olursa olsun, görünən budur. İnsan gördüyünə inanır. İnanan özünü müdafiəyə başlayır ki, müsəlmanların geridə qalmalarının ilahi hikməti var. Allah hər şeyi bilir, demək belə olmalıdır, xeyirlisi budur. Biz Allahın işinə qarışa bilmərik, Allah bizə bu dünyada əzab çəkdirir ki, ruhən təmizlənək və axirətdə əbədi həyata qovuşaq. Məgər əzab çəkmədən şüurlu şəkildə ruhunu, mənəviyyatını təmizləyə bilməzsənmi? “Səbr edən kasıbdansa şükr edən varlı olmaq” daha yaxşı deyilmi? Niyə sanki könüllü olaraq daha əzablı həyatı seçmişik. Qorxuyla yaşamaq insanı, düzdür, cızığından çıxmağa qoymur, amma geniş düşünməyə də qoymur. Qorxu qəlbi öldürür.
Alimlə inananın sözü uzanır, hər ikisi haqlı saydığı fikirləri əsaslandırır, amma hər ikisi də öz fikrində qalır. Bəlkə də İslam nəzəri olaraq gözəldir, amma həyata tətbiqi yaxşı nəticələr vermir deyə, axırda alim bir az yumşalır. İnanan metafizik düşüncələrə keçmək istərkən alim bu dəfə də onu qabaqlayır. Sizin fantaziya, intuisiya ilə fərz etdiyiniz metafizik anlayışları artıq texnika gözlə görülə biləcək şəkildə isbat edir. Yenə də isbat, yenə də sübut, dəlil. Alim təbii olaraq həyatı bir laboratoriya kimi qəbul edərək hər ağlına gələn fikrə həyati dəlil, sübut istəyir, özünü inandırır ki, imanı da, Allahı da sübut edə bilər, cihazlarla göstərə bilər.
İnananın isə ikicə cihazı var: beyni və qəlbi. Beyin qəlbinin ahəngdarlığında ən dəqiq cihazdır. Bütün metafizikanı əks etdirən cihaz.

İnform.az

Baxış sayı: 776