Baş xəbər, Siyasət, Müsahibə
26.09.2015 / 15:20

“Heç bir müxalif partiyanın bütün dairələr üzrə namizəd vermə imkanı yoxdur”

“Heç bir müxalif partiyanın bütün dairələr üzrə namizəd vermə imkanı yoxdur”


Qabil Hüseynli: “Seçkilərin şəffaf və demokratik olacağı şübhə doğurmur”




Azərbaycan Parlament seçkiləri ərəfəsindədir. Seçki prosesi gedir və belə bir ərəfədə ölkənin ictimai-siyasi, beynəlxalq həyatında baş verənlər daha çox izlənir və müşahidə olunan narahatlıq doğuracaq məqamlar gündəmə gətirilir. Politoloq Qabil Hüseynli İnform.az-a müsahibəsində hazırki seçki prosesinin əsas mənzərəsinin nədən ibarət olduğunu açıqladı.


“MSK buna müdaxilə edərək, problemi aradan qaldırmağa çalışacaq”

- Qabil müəllim, kənar müşahidəçi kimi necə hesab edirsiniz, bu gün ölkənin seçki prosesi ilə çulğalaşan ictimai-siyasi həyatında daha çox diqqəti çəkən mənzərə nədir və namizədlər üçün narahatlıq doğuran məqamlar varmı?

- Əvvəl seçkiyə gedən insanlar qeydə alınmaqdan narahat idilər. Amma göründüyü kimi bu proses normal gedir və heç kəsin qeydə alınmasına maneə yoxdur. İkinci mühüm məsələ, seçkiqabağı dövrdə təbliğat, təşviqat kampaniyasının necə keçməsi ilə bağlı idi ki, artıq bu da müəyyənləşib. Belə ki, İctimai Televiziyada bir pulsuz çıxış, “Azərbaycan” və “Xalq” qəzetlərində pulsuz reklam yerləşdirmək namizədin hüququdur. Hesab edirəm ki, bu məsələlərə ciddi surətdə riayət ediləcəkdir. Düşünürəm ki, namizədlərin seçildiyi bölgələrdə bir-birinin ardınca açıq havada yığıncaqlar keçirilməsinə də maneəçilik olmayacaq. Namizədlərin kəndlərdə, müəyyən bölgələrdə, aksiyalar keçirib adamlarla görüşmək imkanları olacaq. Ola bilsin ki, bu məsələdə müəyyən problemlər yaransın, amma MSK buna müdaxilə edərək, problemi aradan qaldırmağa çalışacaq. Əsas məsələ seçkilərin şəffaf keçməsidir. Yəni əsas məsələ seçki günü hər bir namizədin ciddi müşahidə sisteminin qurulması və səsverməyə gələnlərin səslərinin düzgün hesablanmasıdır. Güman edirəm ki, ona da riayət edəcəklər. Çünki seçkiyə qatılanlar müşahidəni təşkil etməyə borcludurlar. Yəni namizədlər öz nümayəndələrini hər məntəqəyə göndərərək gün ərzində seçkilərin necə keçirilməsi ilə bağlı müşahidəçiliyi təşkil edəcəklər. Bununla yanaşı hər seçkidə Ext-pol keçirilir və bu prosesi aparanlar seçicinin kimə səs verdiyini soruşurlar. Bununla da Exsit-pollar da alternativ seçki məntəqələri kimi fəaliyyət göstərirlər. Belə bir sistemin işlədiyi bir dövrdə seçkilərin şəffaf və demokratik olacağı şübhə doğurmur.


“Azərbaycanda keçirilən seçkilərə qarşı “qara” münasibətin sərgiləndiyi diqqət çəkir”

- Sizcə bu seçkilərə kənar ölkələrdən sərgilənən bugünkü müasibətlər nəyi ifadə edir?

- Bu gün beynəlxalq sferadan Azərbaycanda keçirilən seçkilərə qarşı “qara” münasibətin sərgiləndiyi diqqət çəkir. Avropa Parlamentinin qəbul etdiyi qətnamə barədə hər kəs bildi. Bir məsələ də var ki, əvvəl Azərbaycana müşahidəçi göndərmək istəməyən ATƏT, indi 400 nəfər müşahidəçi göndərməyi qərara alıb. Amma Azərbaycan tərəfi bunun sayına etiraz edib. Zənnimcə, bu məsələni də tənzim eləmək mümkün olacaq. Hazırda isə sonda “ATƏT müşahidəçilərinin qəbul edəcəkləri qərarla bağlı başqa ölkələrin müdaxiləsi nə olacaq” sualı hamının beynini məşğul edir. Biz bu seçkiləri də normal şəkildə keçirəcəyik və güman edirəm ki, seçkilərin beynəlxalq hüquq normaları çərçivəsində keçməsi üçün Azərbaycan hökuməti əlindən gələni edəcək.

“Müxalifətin seçkidə müşahidə sistemini qurması çox çətin olacaq”

- Qabil müəllim, bir çox iqtidaryönlü partiylar da bu seçkidə rəqib namizədlər arasında kəskin mübarizə dinamizminin görünməməyini müxalifətin fəaliyyətindəki passivlikə ifadə edirlər. Müxalifətin bu seçkidəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Müxalifətdə heç bir partiyanın bütün dairələr üzrə namizədlərini irəli sürmək imkanı yoxdur. Hətta blokların da bütün dairələr üzrə namizəd irəli sürməkdə çətinlik çəkdiklərinin şahidi oluruq. Müxalifətin seçkidə müşahidə sistemini qurması çox çətin olacaq. Müxalifət partiyaları hər məntəqəyə bir neçə müşahidəçi göndərməkdə çətinlik çəkəcəklər. Çünki üzvlərinin sayı azdır. Bu gün ölkədə üzgün bir müxalifət var. Onlar həm də pərakəndə vəziyyətdə fəaliyyət göstərir, bəziləri isə seçkiləri boykot edirlər. Partiyalararası inteqrasiya demək olar ki, alınmır. Bu səbəbdən də seçki vəziyyəti hakim partiyanın xeyrinədir və seçkiləri asanlıqla uda biləcəklər.


“Bu məsələdə fikir yekdilliyi əldə edilərsə, o zaman prezidentlərin görüşü gündəmə gələcək”

- Qabil müəllim, ATƏT-in Minsk Qrupu ilin sonuna qədər prezidentlərin görüşəcəyinə ümid edir. Sizcə bu görüşün baş tutması mümkün olacaqmı?

- Bunu 100 faiz əminliklə söyləmək olmaz. Çünki bu gün Azərbaycan Prezidenti Moskvaya gedib və orada Avropanın ən böyük məscidinin açılışında iştirak edəcəkdir. Bu səfər çərçivəsində rəsmi görüşlər olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi ehtimalı var. Verilən məlumatlara görə, bu görüşdə Dağlıq Qarabağ probleminin mərhələli həllinin tərkib hissəsi kimi 7 rayonun azad olunması məsələsi müzakirə ediləcək. Bu məsələ artıq uzun müddətdir ki, müzakirə olunur və yekun mərhələyə çatmaq üzrədir. Bu məsələdə fikir yekdilliyi əldə edilərsə, o zaman prezidentlərin görüşü gündəmə gələcək.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 503