Gündəm, Şərhlər
26.09.2015 / 12:29

“Yol işğalı” bitməli

“Yol işğalı” bitməli
“Azəryolservis”ə səslənirəm


Aqil CAMAL / İnform.az


Bəzən ölkədə, bölgədə baş verən hadisələrin, dünyadakı təlütümlərin fonunda Azərbaycan insanının günlük problemləri haqqında yazmaq bəlkə də yersiz görünə bilər. Amma, bəzən kiçik problemlər böyük problemlərə aparan yol olur...
Paytaxtın bəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr, yəni tramplinlər quraşdırılır. Bu isə haqlı olaraq sürücülərin narazılığına səbəb olur. Çünki, bir tərəfdən, optimal sürətlə hərəkət edən avtomobillər gözlənilmədən yolda quraşdırılmış maneələrlə rastlaşır. Bu həm sürücünün avtomobili idarə etməsində çətinliklər yaradır, həmçinin, avtomobilin texniki vəziyyətinə zərər vurur.
Bunu nəzərə alan Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC həmin süni maneələrin sökülməsi işlərinə başlayıb.
Yolun hərəkət hissəsində qurulan süni maneələrin, yəni tramplilərin sökülməsi işlərinə ilkin olaraq Nərimanov rayonundan start verilib. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, bu cür suni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericilikə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olan süni maneələrin quraşdırılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.
“Azəryolservis” ASC bildirir ki, süni maneələrin, yəni tramplinlərin aşkarlanaraq sökülməsi Bakı şəhərinin bütün rayonları üzrə davam etdiriləcək.
Təqdir olunası tədbirdir. Bu sahədə digər bir problem - yenə də vətəndaşların özfəaliyyəti nəticəsində sürücülərin işini çətinləşdirən, yol kənarlarında avtomobil saxlamaq üçün icazə verilən yerlərin "zəbt" edilməsidir. Dövlət idarələrinin qarşısının başqa avtomobillərdən "qorunması" anlaşılandı. Lakin, özəl ofislərin, xidmət sahələrinin, mağazaların qarşısı bu müəssisələrdə işləyənlər tərəfindən müəyyən maneə dirəkləri qoyularaq boş saxlanılır. Yaxud, öz avtomobilləri üçün ehtiyat kimi "qorunur".
Paytaxda avtomobil park etmənin dəhşətli bir problem olduğu indiki vaxtda, kimlərinsə yol kənarlarını "ofisimin qarşısıdır" prinsipi ilə daimi inhisarda saxlaması, o yerlər boş olsa belə, oraya başqa avtomobiləri buraxmaması sürücülər üçün əlavə problemlər yaradır. Sürücü avtomobilini məcburən dayanmanın qadağan edildiyi yerlərdə saxlayır. Nəticədə cərimə olunur.
Avtomobilin park edilməsi üçün icazə verilən yol kənarları da maneələrdən azad olunmalıdır. Bunu üçün inzibati cəzalar da tətbiq edilə bilər.
Bu, işin yoluna qoyulması, həm vətəndaşların rahatlığına səbəb ola bilər, həmçinin, "Azəryolservis" ASC-nin növbəti uğuru kimi qiymətləndirilər.

Baxış sayı: 362