Baş xəbər, Mədəniyyət, Müsahibə
26.09.2015 / 12:35

“Duet ortağım Fidan Hacıyeva olacaq”

“Duet ortağım Fidan Hacıyeva olacaq”
Cahangir Qurbanov: “O qazanda bişənlərdən də, çiy qalanlardan da xəbərim yoxdur”


Müsahibimiz bir neçə beynəlxalq festivalın qalibi və “Qran-pri” mükafatının sahibi, "Yeni Ulduz 9" tele-müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Respublikanın Əməkdar artisti Cahangir Qurbanovdur.

- Cahangir Qurbanov dinləyicilərinə yeni mövsümdə yeni işlər təqdim edəcəyini söz vermişdi. O yeniliklərinizdən həyata keçirdikləriniz varmı?
- Bəli, mən söz vermişdim və çalışıram ki, planlaşdırdığım layihələri yavaş-yavaş həyata keçirim.
“JIVU LIJ TOBOY” adlı albomum işıq üzü görüb . Hal-hazırda nəzərimdə eyni adlı mahnıma klip çəkdirməyi planlaşdırıram. Onu da qeyd edim ki, bu mahnıya klip Azərbaycanda yox, xaricdə çəkiləcək. Bu klipdə duet ortağım Azərbaycanın xalq artisti Fidan Hacıyeva olacaq. Bütün bu işlərimlə yanaşı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bir neçə tamaşa üzərində çalışıram.

- “Sponsorsuz olmur, istedadın nə olursa olsun”- deyən Cahangir Qurbanov bu ifadə ilə nə demək istəyir?
- Mən bu fikri on–on beş il bundan əvvəl işlətmişəm. Onu da yəqin uşaq ağlı ilə söyləmişəm. Yəqin o vaxtlar təcrübəm də yetəri qədər olmayıb və sənətimdə də heç nəyə nail olmamışam. Ancaq indi ilk fikrim budur ki, sən çalış və yenə də çalış. Fikrimdə tutduğum yol ulduz olmaq yox işimin peşəkarı olmaqdır. Mən inanıram ki, işimdə tanınan və peşəkar olsam xalqın qəlbində , sönməyən ulduz olaraq qalacağam.
Mən bu həyatda özümü şanslı və xoşbəxt insan hesab edirəm, səbəbi isə ətrafımda olan insanların daim mənə qarşı dürüstlüyü və kömək əllərini uzatmaları olub. Sənətkarlar daim mənə inanıb, arxa-dayaq olub və peşəkar olacağıma inanıblar. Bu qayğı, inam mənə işləmək üçün, daha yaxşını ərsəyə gətirmək üçün xüsusi güc verib. Haqlarını dansam Allah haqqımı kəsər. Bəstəkarlarım və şairlərim olub ki, dəstək üçün mənə öz mahnılarını təmənnasız veriblər. Mən isə başqaları kimi bundan sui- istifadə etməmişəm. Əksinə bu şərəfə layiq olduğum üçün əlimdən gələndən də çox yaxşı iş göstərməyə, etibarı doğrultmaq üçün əlimdən gələni etməyə çalışmışam.

- Sizcə, əsil sənətkar yüksək maddi imkanlara sahib olurmu?
- Xeyr olmur. Çünki əsl sənət adamı heç vaxt maddi baxımdan varlı olmur. O insanlar maddi baxımdan varlı olur ki, onlar sənəti bir tərəfə atıb, maddiyyat arxasınca qaçırlar. Əsl sənət adamı yemək üçün yaşamır, yaşamaq üçün yeyir.

- Biz sizi Eldar Həsənovun mahnılarının ifaçısı kimi tanıyırıq. Başqa bəstəkarlarla işləmək fikriniz varmı?
- Əlbəttə ki, mən Xanım İsmayılqızının bəstələrinə də müraciət etmişəm, Elçin İmanovun da mahnılarına müraciət etmişəm. Eldar Həsənovla işləməyimin tək səbəbi odur ki, bu bəstəkar bütün mahnılarını sanki, mənim ürəyimə uyğun yazır. İfadə etmək istədiyim fikirləri sanki, öncədən bilir, ruhumu hiss edir. Ona görə də iş birliyimiz belə uğurlu alınır. Hətta Eldar müəllimin özü də deyir ki, Cahangir sən oxuyanda mən zövq alıram. Mənim istədiyim kimi oxuyursan.
Məndə Eldar müəllimə deyirəm ki, siz sağ olun ki, mənim qəlbimdən keçənləri bilirsinizmiş kimi yazırsınız. Beləcə qarşılıqlı iş birliyimizin əsas uğuru ruhumuzun bir-birini tamamlamasıdır.
- Belə söz-söhbət gəzir ki, rejissorların xüsusi diqqətini çəkmisiniz. Yeni seriallara, filmlərə dəvət varmı?
- Bəli var, amma danışmaq mənlik deyil deyə yox demişəm. Axı mən opera artistiyəm. Danışmaqdan çox oxumağa üstünlük verirəm.

- “Yeni ulduz 9” olmasaydı Cahangir Qurbanov yenədə qazandığı uğurları əldə edə biləcəkdimı?
- Mən bir fikrimə yenədə təkrar qayıdıram: Haqq itirənin, haqqı tapdanar. Ruhəngiz Qasımova, Zülfiyyə Xanbabayeva olmasaydı indi Cahangir Qurbanov adlı biri ancaq öz dostları ətrafında tanınacaqdı. Mübariz Tağıyevin tənqidləri, Oktay müəllimin məsləhətləri olmasaydı mən yəqin ki, yalnız ev məclislərində keçirilən ad günü və digər kiçik mərasimlərin video kasetlərinin yaddaşında qalardım. Mənə bu sənətkarların xeyir duasını almaq güc verdi. Elə sizin vasitənizlə onlara öz dərin təşəkkürümü bildirirəm.

- Berlində solo konsert verdiniz. Burda necə, solo konsert vermək planınızda varmı?
- Bəli solo konsert nəzərdə tutulub. Hazırlıqlara başlamışam. Yaxın günlərdə tamaşaçılara ekran vasitəsilə konsert haqqında geniş məlumat çatdıracağam.

- Şou-biznesdən uzaq bir ifaçısınız. Ancaq şou-biznes “qazan”ında bişənlərdən yəqin ki, xəbərdarsınız. O qazanda payınız olmasını istəyərdinizmi?
- Düz qeyd etdiniz, mənim yolum da, ifam da şou-biznesdən uzaqdır. Buna görə də, o qazanda bişənlərdən də, çiy qalanlardan da xəbərim yoxdur. Qətiyyən o qazandan pay istəməzdim. Öz payımdan da, tutduğum yerdən də razıyam.

- Kanallara dəvətə almırsınız, yoxsa dəvət olur getmirsinz? Bəlkə özəl kanallarda yayımlanan verilişlərin keyfiyyəti sizi qane etmir?
- Təkcə dövlət telekanallarından dəvət gəlir. Onda mütləq iştirak etməyə çalışıram. O ki, qaldı digər kanallara və ya efirlərdə gedən verilişlərin keyfiyyətinə və səviyyəsinə mən özümdə belə bir ixtiyar görmürəm ki, o haqda danışım. Məncə o işin peşəkarları öz işlərini görəcək. Efirlərə ancaq xəbərlərə baxıram, vəssalam.

- Belə çıxır ki, sizin efirlərdə gedən söz söhbətlərdən qalmaqallardan xəbəriniz yoxdur?
-Qətiyyən yoxdur. Ümumiyyətlə, mənim leksikonumda qalmaqal ifadəsi yoxdur və mən belə şeylərdən uzaq adamam. Başımı aşağı salıb sevdiyim işlə məşğulam. Əgər səhvim olursa da dostların məsləhəti ilə aradan qaldırmağa çalışıram.


- Bizdən hansı sualı eşitmək istərdiniz ki, biz o sualı vermədik?
- Suallarınıza səmimi cavab verdim. Çünki istədiyim yaradıcılığımla bağlı lazım olan sualları verdiniz. İnşallah elə bir sual olsaydı mütləq sizə cavabını verərdim. Təşəkkür edirəm, çox sağ olun diqqətiniz üçün.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 775