Mədəniyyət
25.09.2015 / 18:52

"HET" adlı rəsm sərgisi açılacaq

"HET" adlı rəsm sərgisi açılacaqOktyabrın 1-də Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Niyaz Nəcəfovun "НЕТ" adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcək. Muzeydən verilən məlumata görə, sərgidə nümayiş olunacaq sənət əsərlərinin rəngkarlıq və rəsm arasında olan əlaqəsi, ənənəvi rəngkarlıq və yüngül karikatura texnikasının epik kombinasiyası rəssamın stilinin əsas xüsusiyyətlərindəndir. Sənətkarın yaratdığı əsərlər ifadəli satira, bəzən isə gizli yumordur. Rəsm əsərlərində əks olunan şəxslər real insanlar deyil, bu obrazlarda kimsə özünü tanıya bilər. Ümumbəşəri mövzular və şəxsi həyat arasında yaratdığı bu paralel sənətkarın yaradıcılığını xarakterizə edir.

Qeyd edək ki, Niyaz Nəcəfovun əsərləri Bakının aparıcı qalereyalarında nümayiş etdirilir. 2009–cu ildə Venesiya Biennalisində Azərbaycanı təmsil edən rəssamlardan olan fırça ustasının iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. Son on il ərzində Niyaz Nəcəfov Azərbaycan incəsənətində öz karyerasının zirvəsini fəth etməklə yanaşı, əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka da daxil olmaqla bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Həmçinin onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.

İnform.az

Baxış sayı: 396