Şərhlər
25.09.2015 / 12:40

Kəbə qıfılına düşməyən açar

Kəbə qıfılına düşməyən açar
Ayişə NƏBİ / İnform.az


Məkkədəki faciədən sonra söz-söhbət yenə də hərlənib fırlanıb gəlir günah məsələsinin üstünə. Kimi deyir dəb düşüb deyə, oraya günahkar insanlar da gedir. Onlara görə “qurunun yanında yaş da yanır”, Uca Yaradan günahsız insanları da öldürür. Kimi deyir, orda ölmək böyük savabdır, Allah orada ölməyi nəsib etdisə, demək sənin günahların bağışlanıb. Digərləri deyir, orada ölənləri buradakıların, yəni gedə bilməyənlərin, daha doğrusu ehtiyac sahiblərinin ahı tutdu. Daha bir çox fikir üyüdülür. Ancaq bunların hansı düzdür, hansı səhv, bunu deyənlərin heç özləri də dəqiq bilmirlər.
Bu bir terrordurmu, təbii fəlakətdirmi, səhlənkarlıq nəticəsidirmi, ya da artıq Kəbə doydumu bu insan selindən. Bu məhşər yerinə oxşayan izdiham yordumu müqəddəs torpaqları, oranın havasını, suyunu. Bəlkə artıq bir müddət fasilə vermək, ya da azaltmaq lazımdır bu dəbdəbəni. Bu birlik -bərabərlik məkanında, axirət filmində, İlahi hüzurda insanın ülvilik məqamı mahiyyətindən yayındımı?
Bəlkə “ticarət” məqsədi ilə gedənlər var. Ancaq minlərlə səmimi hislərlə, əsl inancla gedənləri yox saymaq olmaz. Orada edilən dualar səmalara bulud olub fəlakətlərin qarşısını niyə almır deyirik. Bu bir təsadüfdürmü, yoxsa bunu da bir İlahi hikməti varmı, ya da nədir?
Burada təsadüflərə yer varmı, deyək təsadüfən kıran döndü, birdən fırtına qopdu, təsadüfən pilləkan qırıldı. Heç bir səbəb yoxkən təsadüfən faciə baş verdi. “Belə qarışıq və çətin məsələlərin tədqiqinə girişənlər ağılları ilə o məsələlər arasına qoyulmuş işarə sərhədlərini bilməlidirlər.” Yaxud da bir hadisə baş verəndən sonra müzakirə edirik ki, əgər elə olmasaydı belə olmazdı. Filan işi filan cür etməsəydim filan iş başıma gəlməzdi. Mütləq öz ağlımızca bir səbəb axtarırıq, özümüzü rahatlatmaq üçün. Bəlkə də günah hissini özümüzdən qovmaq üçün bütün olanları hər hansı bir səbəbin nəticəsi olaraq qəbul edirik. Çox vaxt da bizdən asılı olmayan bir səbəb tapırıq. Ancaq insanın araşdıracağı ən mühüm şey onun öz həqiqi sandığı hisləridir, təsəvvürü və biliyidir, onu səhv nəticəyə gətirənlərdir.
Başqa bir fikirdə də oraya o qədər natəmiz, günahkar insan gedir ki, oralar bu natəmizliyi qəbul etmir, deyilir. Bu da səhv deyilmi, axı insan buraya bəzən sırf təmizlənmə niyyəti ilə gedir. Uca Allahın qucağı o qədər dar, səması o qədər doludur ki, onun adını çəkib gələnlərə yer olmasın? Əlbəttə deyil.
O zaman niyə Allah adını çəkib mənəvi ucalıq niyyətinə gedən insanı niyyətinə çatmadan məhv edir. Kim bilir, bəlkə də bu o insanların mənəviyyatca elə ən uca olduqları bir məqamda baş verib. “İnsan öldüyü hal üzrə həşr olunur”, demək bu ölənlər də həmin anın mənəvi ucalığı üzrə həşr olunacaqlar.
Burada üzümə baxıb deyir ki, necə yəni bütün ömrün boyu çal-çap, ən bayağı şəkildə yaşa, “Araz aşığından, Kür topuğundan olsun”, sonra əlinə bir az pul keçir və “ya Allah” deyib Hacca get, orada da öl və müqəddəs sayıl. Elə şey olar? Onda bütün Cənnət sevdalıları ömrü boyu mənəviyyatsız yaşayar, sonra da gedib beş-on gündə “təmizlənər” pak olub cənnətə girər.
Yox, burada, məsələ qəlizləşir, cənnətin bileti bahalaşır. “Öz qanınla abdəst alsan da” cənnətə girə bilmirsən. Çünki hikmətin dəryası dərin, qıfılı açarsızdır. Biz burada Xızırla Musa misallı sussaq “yey”dir. Çünki nə fikrimiz, nə də dilimiz açar olub Kəbə qıfılına düşmür.

Baxış sayı: 553