Şərhlər
25.09.2015 / 10:15

İranda Türk və Fars şiəçiliyi - II yazı

İranda Türk və Fars şiəçiliyi -
Doç.Dr. Faiq ƏLƏKBƏROV


Bugünkü İran tarixinin, eyni zamanda İran fəlsəfəsinin, İran mədəniyyətinin, İran ədəbiyyatının, o cümlədən İran şiəçiliyinin anlaşılmaz, dolaşdırılmış şəkildə olmasının əsas səbəbi, heç şübhəsiz iki əsrdir buranın aparıcı milli ünsürü olan Türk ulusunun, Azərbaycan türklərinin parçalanmış vəziyyətdə olmasıdır. Əgər iki Azərbaycan bir olarsa, o zaman dünya tarixində Səfəvilərə, Əfşarlara, Qacarlara olan münasibət də, bugünkü İrana olan baxışlarda tamamilə dəyişəcəkdir. Biri var Bakıda oturub tarxi əsər yazsan, türk və fars şiəçiliyinin mahiyyətini araşdırasan, biri də var Təbrizdə, ya da Tehranda. Bu, heç də sadə məsələ deyil. Bir ulusun tarixini harada, hansı şəhərdə, hansı ruhda, hansı böyüklükdə və kiçiklikdə oturub yazmaq da çox önəmlidir. Böyük bir dövlətdə yaşayıb tarix yazan tarixçi üçün kiçik şeylərin əhəmiyyəti olmur, ona yeni-yeni rənglər verilmir, heç buna zərrə qədər ehtiyac da duyulmur. Amma kiçik bir dövlətdə yaşayıb tarix yazan tarixçilər üçün az qala bir neçə kənddə mərkəzi hakimiyyətə qarşı çıxanlar belə qəhrəman kimi verilir. Bunu, biz 7 cildlik Azərbaycan tarixində tez-tez görürük. Halbuki böyük bir dövlətdə yaşayıb tarix yazanlar üçün bir neçə kənddə öz hakimiyyətlərini elan edənlər qəhraman deyil, mərkəzi dövlətə qarşı çıxan separatistlərdir.

İndi bizləri, Azərbaycan türklərini ən çox düşündürən iki məsələ vardır: 1. İranda hakimiyyəti əldən verməyimizin səbəbləri, onun nəticələri və yenidən toparlanmağımız, 2. Azərbaycanın parçalanmasının səbəbləri, onun nəticələri və hansı formada bütövləşməyimiz.

Burada daha çox birinci məsələnin üzərində dayanacağıq. Çünki bundan öncəki yazımızda da İran hakimiyyəti ugrunda mübarizədə şiəçiliyin türksoylu və farssoylu etnoslarda oynadığı rola toxunmuşduq. Dogrudur, həmin yazıda da, elə indi yazdıqlarımızda da mübahisəli məsələlər ola bilər. Ancaq bir şeyi unutmayaq ki, bir fikir irəli sürülməzsə yeni ideyalar da meydana çıxmayacaqdır. Bu anlamda bizim üçün İranda türksoylu hakimiyyətin aradan qaldırılıb, onun yerinə farsdilli zümrənin gətirilməsində “şiəçiliyin” yeri və rolu çox önəmlidir. Çünki Türk ulusunda yayğın olan belə bir fikir vardır ki, Səfəvilər dövründə “şiəçiliy”in rəsmi dövlət dininə çevrilməsi türklərdən çox farsdililərin işinə yaramışdır. Belə ki, əsrlərboyu dünyəvi hakimiyyət sürmüş türklər “şiəçiliy”in timsalında ruhani hakimiyyətə meyil etməklə yanlışlığa yol vermişlər. Bu isə ruhani hakimiyyətə meyilli olan farsdillilərin xeyrinə olmuşdur. Çox keçmədən farsdililər türksoylu Səfəvilərin qurduğu dövlətdə əsas söz sahibi olmuş, hakimiyyətə ciddi təsir göstərmişlər. Deməli, bugünkü İran da aşağı-yuxarı Səfəvilərin ruhani hakimiyyətə meyilliyinin nəticəsi kimi yaşamaqdadır.

Bu baxımdan bugünkü İran türklərinin xeyli bir qisminin Səfəvilərə olan mənfi münasibətini başa düşmək çətin deyil. Səfəvilərin “qızılbaşlıq” ideologiyasının kökündə nə qədər türkçü sufiliyə meyillilik olsa da, sonucda o özünü “şiəçiliy”ə təslim edirdi. Bundan yararlanan da “şiəçiliy”i zərdüştlüklə eyniləşdirən farsdillilər, o zümlədən onlara dayaq olan yəhudilər oldu. Belə olduğu təqdirdə, Türkün dünyəvi hakimiyyətinin farsın ruhani hakimiyyətinə uduzması prosesi qaçılmaz idi. Ümumiyyətlə, Səfəvilərin İranda Türk şiəçiliyini formalaşdırmaq niyyəti başlanğıcda nə qədər cəlbedici görünsə də, sonucda uğursuzluğa düçar oldmuşdur. Çünkin Türkün ruhunda ruhani hakimiyyətlə dövləti idarə etmək yox idi.

Ancaq Türk ulusunun dövləti ruhani hakimiyyət formasında idarə etmək bacarığı olmadğı halda, Fars ulusu və farsdillilər də isə belə bacarıq vardır. Bizcə, bu amil həqiqətdir. Çünki ruhani hakimiyyətə meyil etməklə bir Türk dövlətinin sonunu gətirən ancaq Səfəvilər olmamışdır. Eyni aqibətlə Midiya, Parfiya, Səlcuqlar, Elxanilər, Osmanlı, Qacarlar da üzləşmişdir. Məsələn, Osmanlının tənəzzülü 17-ci əsrdə başladı ki, buna səbəb də həmin dövrdə bütün Ərəb ölkələrinin imperiyanın tərkib hissəsinə qatılmasıydı. Artıq həmin dövrdən başlayaraq Osmanlı sultanları özlərini türk hökmdarlarından çox, Ərəb xəlifələrinə oxşatmağa başladılar. Türk Osmanlı Müsəlman-Ərəb Osmanlıya çevrildi. Halbuki başlanğıcda Osmanlı Türk kimi müsəlman idilər. Ancaq bütün Ərəb ölkələri Osmanlının təsir dairəsinə daxil olduqdan sonra Osmanlının sultanları da, onların türk əhalisi də get-gedə ilkin mahiyyətdən çox uzaqlaşdılar. Hətta, o dərəcəyə gəlib çatdı ki, Osmanlının Türk ulusu Ərəblərdən çox müsəlman oldular, İslam dini təəssübkeşinə çevrildilər.

Əlbəttə, İslam dininin təəssübkeşi olmaqda problem yoxdur. Burada əsas problem Türk kimliyinin, Türk adət-ənənlərinin, Türk törələrinin İslam dini kimliyi adı altında ərəbləşmək, Ərəb adət-ənənlərinə uyğunlaşmaq təhlükəsindən gedirdi. Bugünün Türkiyəsi hələ də ərəbləşmək, ərəb adət-ənənələrinə uyğunlaşmaq problemindən qurtulmuş deyildir. Əgər Mustafa Kamal Atatürk 100 il bundan öncə İslam dini adı altında şüurlara yeridilən ərəbləşmək təhlükəsinə qarşı müəyyən addımılar atmasaydı, indiki Türkiyənin Səduiyyə Ərəbistanından heç bir fərqi olmayacaqdır. Bu gün Türkiyədə Atatürkə qarşı cəbhə açanlar da İslam dini tərəfdarları deyil, Türkiyəni yenidən ərəbləşdirmək istəyənlərdir. Ancaq onların bu yolda əsas silahi İslam dinidir. Yəni İslam dinindən sui-istifadə edərək Türkiyəni yenidən 17-19-cu əsrlər Osmanlısının gününə salmaq istəyirlər. Arxalarında Amerika-İngilis-Masson qüvvələrinin dayandığı bu qüvvələr nəyin bahasina olursa olsun Türkiyəni Səduiyyə Ərəbistanının, İranın durumuna gətirmək, bununla da Türk-İslam dünyasına sonuncu zərbəni vurmaq istəyirlər. Bunun üçün də onlar müsəlmanlar arasında qeyri-leqal şəkildə Atatürkü İslam dininin düşməni kimi təbliğ edir, eyni zamanda açıq formada isə Avropada Qərbə meyilli şəxsiyyət kimi qələmə verirlər.

Etiraf etmək lazımdır ki, Amerika-İngilis-Masson qüvvələri son iki əsrdə Osmanlıda, İranda bu planlarını çox uğurla həyata keçirdilər. Özəlliklə, Qacarlar dönəmində İranın bütün idarəçiliyini ələ almış bu qüvvələr burada türkün dünyəvi hakimiyyət istəklərini məhv etmiş, onun yerinə farsdilililərin “şiəçilik” ruhani hakimiyyətini gücləndirmişlər. Bu anlamda türkün dünyəvi hakimiyyətinə yönəlik mühüm işlər görmüş Nadir Şah Əfşarın və Ağa Məhəmməd şah Qacarın qətilə yetirilməsi təsadüfi deyildir. Çünki bu iki böyük Türk dövlət xadimi birmənalı şəkildə Osmanlının sünnilik pərdəsi altında ərəbləşməsi kimi, İranın da şiəlik fonunda farslaşmasına qarşıydılar. Hər ikisi əsil Türk övladı olaraq dünyəvi Türk dövlətindən yanaydılar. Bu anlamda ruhani hakimiyyətdən çox-çox uzaq idilər. Özəlliklə, Nadir şah İranda şiəçilik, Osmanlıda sünnilik düşüncəsinin aradan qaldırılması, bunun müqabilində sadəcə, İslam dininə tapınan, amma dünyəvi olacaq böyük bir Türk dövlətinin arzusunda idi. Bunu, Nadir şah Osmanlı sultanına yazdığı məktublarında da aşıq şəkildə ifadə etmişdi.

Amma buna o zaman Türk dəyərlərindən uzaqlaşaraq ərəbsayağı müsəlman olan Osmanlı sultanları hazır deyildilər. Digər tərəfdən Amerika-İngilis-Masson qüvvələri Nadir şahı boş buraxa bilməzdilər. Bizcə, Nadir şahın facəli ölümü Türk İranının fars İranına çevrilməsi yolunda mühüm bir addım oldu. Belə ki, Səfəvilər dönəmində xeyli dərəcədə “şiəçilik” ideologiyası altında farslaşmış türklər Nadir şahın ölümüylə böyük bir zərbə almış oldu. Hətta, az qala həmin dövrdə Türkün İranda hakimiyyət sürməsinə son qoyula bilərdi. Yəni İranda hakimiyyətin farsdilililərin əlinə keçə bilməsi təhlükəsi yaranmışdı. Ancaq Ağa Məhəmməd Şah Qacarın şəxsi fədakarlğı, eyni zamanda fars “şiəçiliy”inin türkün ruhuna tamamilə hakim kəsilməməsinin nəticəsi olaraq İranda yenidən türklər hakimiyyətə gəldilər.

Bəlkə də, bu günün prizmasından o zaman İranda baş verənləri biz lazımınca qiymətləndirə bilmirik, ya da şüurumuza zor-xoş yeridilmiş hansısa ideyalar buna əngəl olur. Amma bir şey gerçəklikdir ki, Osmanlını çökdürən “Ərəb xəlifəliyi”nə sahiblənmək xəstəliyi, Səfəvilərin, Qacarların “İran-Fars şahənşahlığı”nda oturmaq timsalında bəlası olmuşdur. Halbuki bunların hər biri bağlanğıcda Türk dövlətləri idi, Türkün qılıncıyla və Türkün ruhuyla dövlət qurmuşdular. Yəni bu Türk dövlətlərinin qurulmasında nə farsdililər, nə də ərəbdilillər mühüm rol oynamışdılar. Amma nə var ki, sonralar Osmanlının Türk ruhunu ərəb şeyxləri, İranın Türk ruhunu isə fars-zərdüşti mollaları çaldılar. Təbii ki, onlar Osmanlı və İranda Türkün ruhunu təkbaşına çalmadılar. Onların arxasında dayanan Amerika-İngilis-Masson qüvvələri bu işdə mühüm rol oynadılar.

Əslində bu proses bugünün Türkiyə Cümhuriyyətində və İran İslam Cümhuriyyətində davam etməkdədir. Belə ki, məlum qüvvələr Türkiyə Cümhuriyyətində dünyəvi-layiq hakimiyyəti zərbə altında qoymağa çalışdığı halda, İranda isə dünyəvi hakimiyyətin qurulmamsı üçün çalışırlar. Bu, elə bir hiyləgər siyasətlə həyata keçirilir ki, İran Avropanın-Amerikanın düşməni olduğu halda dostuna, Türkiyə isə dost ikən düşməninə də çevrilə bilir.


Bu baxımdan İranda İslam dini adı altında “fars-molla şiəçiliy”ini Türk ulusu qəbul etmir. Azərbaycan türkləri birmənalı şəkildə İranda dünyəvi hakimiyyətin qurulmasının tərəfdarıdırlar. Azərbaycan türkləri (İran türkləri) İslam dininə baxışda bir az radikal təsiri bağışlasalar da, əslində onlar bu dinə münasibətdə çox demokratik, ədalətli mövqedədirlər. Azərbaycan Türkləri İslam dini adı altında insanların milli dəyərlərindən, milli dilindən uzaqlaşdırlmasının əleyhinədirlər. Oysa ki, Azərbaycan türkləri kimsə İslam dininə inanırsa buna obyektiv şəkildə yanaşırlar. Yəni Azərbaycan türklərinin istəyi İslam dini adı altında İranda hökm sürən “fars-molla şiəçiliyi”nin çökməsi, onun yerində bütün millətlərə eyni gözlə yanaşan demokratik, azad, ədalətli İran hökumətinin qurulmasıdır.

Baxış sayı: 535